Azay Quliyev İnsan Haqları Təşkilatının direktoru ilə görüşüb

Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri, millət vəkili Azay Quliyev mərkəzi qərargahı Brüsseldə yerləşən Beynəlxalq Sərhədsiz İnsan Haqları Təşkilatının (BSİHT) direktoru Villi Fetr ilə görüşüb.

Şuranın mətbuat xidmətindən "Axar.az"a verilən məlumata görə, görüşdə insan hüquqları sahəsində böyük təcrübəyə malik olan BSİHT-nin direktoru Şuranın maliyyə dəstəyi ilə həyata keçirdikləri "Azərbaycanda birgə yaşayış: etnik fərqliliyin idarə edilməsi və tolerantlıq mədəniyyəti" layihəsinin icra vəziyyəti haqqında məlumat verib. V.Fetr martın 6-dək Azərbaycanın rus, polyak, avar, tatar, ləzgi, talış, erməni, ukraynalı, bolqar, kürd, yunan, kazak və ahıska türkləri icmalarının nümayəndələri ilə görüş keçirəcəklərini bildirib.

Qonaq səfərin nəticəsi olaraq hazırlayacaqları hesabatın sentyabrda Avropa Parlamentinin yeni seçilmiş üzvlərinə, oktyabrda isə Varşavada ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosuna (DTİHB) təqdim olunacağını qeyd edib.

Azərbaycanın etnik, milli, dini mənsubiyyətindən asılı olmayaraq bütün vətəndaşlarının hüquq və azadlıqlarının təminatı məsələsini daim diqqətdə saxladığını bildirən Şura sədri ölkəmizdə yüzillərdən bəri mövcud olan multikulturalizm mühiti haqqında danışıb və demokratikləşmə istiqamətində həyata keçirilən işlərlə bağlı qonaqlara məlumat verib.

A.Quliyev saylarından asılı olmayaraq əksər etnik qrupların Azərbaycan parlamentində təmsil edildiyini və onların vətəndaş hüquqlarından tam şəkildə istifadə etdiklərini vurğulayıb.


AzNews.az