- Müşahidə məntəqəsi
- 12 Fevral 23:10
- 2 268
“Rəqəmsallaşma üçün ixtisaslı müəllimlərə ehtiyac var” - Məzahir Məmmədli
"Məlum olduğu kimi, prezidentin son müşavirəsində verilən tapşırıqlarda artıq bütün nazirliklərdə, o cümlədən Elm və Təhsil Nazirliyində bu sahə üzrə müavinlərin olması və mütəxəssislərin artırılması təşəbbüsü irəli sürülüb. Ona görə də hesab edirəm ki, bu prosesdən başlanılsa, ümumtəhsil məktəblərində rəqəmsallaşma ilə bağlı tədris üçün layiqli, yəni bu sahədə bilikli və bacarıqlı müəllimlərə ehtiyac yaranacaq. Bu ehtiyacı ödəmək üçün birinci növbədə mütəxəssislər lazımdır”.
Bu fikirləri Aznews.az-a açıqlamasında təhsil eksperti Məzahir Məmmədli deyib.
Xatırladaq ki, orta məktəblərdə şagirdlərə rəqəmsallaşma ilə bağlı ilkin biliklərin verilməsi üçün tədris proqramında müəyyən dəyişikliklər edilməlidir. Bu barədə Prezident İlham Əliyev “Azərbaycanın yeni rəqəmsal arxitekturası” adlı vahid fəaliyyət planına həsr olunmuş müşavirədə danışıb. Dövlət başçısı çıxışında kadr hazırlığının əsas vəzifələrdən biri olduğunu vurğulayıb. Prezident qeyd edib ki, Azərbaycan təhsil sistemi bu sahəyə daha böyük diqqət göstərməlidir: “Həm ölkədə fəaliyyət göstərən ali məktəblərdə, həm də dövlət xətti ilə xaricə göndərilən tələbələr bu ixtisas üzrə peşəkarlığını artırmalıdır. Bu uzunmüddətli proses olacaq və gələcəkdə bu sahədə kadrlara böyük ehtiyac yaranacaq. Təbii ki, orta məktəblərdə şagirdlərə ilkin biliklərin aşılanması üçün tədris proqramında müvafiq dəyişikliklər edilməlidir.”
Ekspert bildirib ki, pedoqoji kadrlar hazırlayan universitetlər proqramlarını yenidən nəzərdən keçirməli və bu sahədə peşəkarların hazırlanmasına üstünlük verməlidirlər.
"Hələ ki, biz dörd il müddətində müəllim hazırlayırıq, amma onların ixtisası müvafiq sahə ilə tam əlaqəli olmaya bilər. Buna görə də ən azı bugünkü rəqəmsallaşma tələblərinə uyğun, sahə üzrə mütəxəssislər cəlb olunmalı və xüsusi proqramlar hazırlanmalıdır. Xüsusilə ümumtəhsil məktəblərində bu proqramlar üzərində işləyərək tədris prosesinə tətbiq edilməlidir".
Rəfiqə Namazəliyeva,
AzNews.az