- Hadisə
- 15:23
- 955
Qrup yoldaşını bıçaqlayan şəxs cinayət məsuliyyətindən azad olundu
Bakıda qrup yoldaşını bıçaqlamaqda təqsirləndirilən Fərid Əliyevin cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.
AzNews.az Unikal-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fəxri Məmmədovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxs barəsində yekun qərar qəbul edilib.
Qərara görə, kompleks məhkəmə psixiatrik və psixoloji ekspertizaların rəylərinə əsasən, təqsirləndirilən Fərid Əliyevin hadisə baş verən zaman anlaqsız vəziyyətdə olması müəyyən edilib.
Qərarda göstərilir ki, Fərid Əliyevin ittiham olunduğu maddələr üzrə nəzərdə tutulmuş cinayət əməlini anlaqsız vəziyyətdə törətməsi sübuta yetirilmiş hesab edilib. O, cinayət məsuliyyətindən azad olunub.
Fərid Əliyev barəsində Cinayət Məcəlləsinin 95.0.3-cü maddəsinə uyğun olaraq ixtisaslaşdırılmış psixiatriya stasionarında məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilib.
Qərarın icrası Səhiyyə Nazirliyinin 1 saylı Respublika Psixiatriya Xəstəxanasına tapşırılıb.
Qeyd edək ki, hadisə 2025-ci ilin avqustunda Bakıda baş verib.
Hadisəyə Fərid Əliyevin anası və tələbə yoldaşının mesajlaşdığı ilə bağlı iddialar səbəb olub. O buna görə tələbə yoldaşı ilə mübahisə zamanı ona bıçaq zərbələri endirib.
İstintaq zamanı təqsirləndirilənin şübhələrinin təsdiqini tapmadığı bəlli olub. Bildirilir ki, təqsirləndirilən Fərid Əliyev qəbul imtahanları zamanı 670 bal toplayaraq Xəzər Universitetinə qəbul olunub. Onun hadisəni törədən vaxt anlaqsız vəziyyətdə olduğu məlum olub. Buna görə də o, 1 saylı Ruhi-Əsəb Dispanserində məcburi müalicəyə cəlb olunub.
Fərid Əliyevə qarşı Cinayət Məcəlləsinin 29,120.2.2-ci (xuliqanlıq niyyəti ilə adam öldürməyə cəhd), 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) və 221.3-cü (silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunan xuliqanlıq hərəkətləri törətmək) maddələri ilə ittiham olunub.