“Vaşinqtonun əsas məqsədi Çin və Rusiyaya təsir göstərməkdir” – Azad Məsiyev

"İran və ABŞ arasında münasibətlərin pisləşməsi İranda İslam İnqilabının baş verməsi ilə başlayıb. Yəni Şahın İrandan qovulmasından və İranda İslam dövləti qurulmasından sonra Amerikanın maraqları ölkədə ikinci plana keçdi. Bu baxımdan, ABŞ uzun müddətdir İrana qarşı düşmənçilik siyasəti yürüdür. ABŞ başda olmaqla İran əleyhinə koalisiya yaratdı. Bu koalisiya İranı həm iqtisadi, həm siyasi baxımdan dünyadan təcrid etdi və sanksiyalara məruz qoydu. ABŞ-nin məqsədi İranda hakimiyyəti dəyişərək özlərinə münasib bir hakimiyyət qurmaqdır. Amerikanın strateji hədəfi budur və bu strategiyaya çatmaq üçün müxtəlif bəhanələr irəli sürülür. Məsələn, İranın uranın zənginləşdirilməsi, terrorçulara dəstək verməsi və ya İsrail əleyhinə müəyyən hərəkətləri maliyyələşdirməsi bəhanə kimi istifadə olunur. ABŞ üçün belə bəhanələr tapmaq çox asandır. Hər dövrdə İranın hakimiyyətini dəyişmək üçün müxtəlif bəhanələr uydurur. Son zamanlarda bu bəhanə uranın zənginləşdirilməsi oldu və 12 günlük hərbi əməliyyatlar buna yönəldi. ABŞ sonradan İranda sosial vəziyyət və etirazçıları dəstəkləyərək onları qızışdırdı, hətta öz casus şəbəkəsini istifadə edərək xalq və dövlət arasında gərginlik yaratdı. Bu addımla İran dövlətini təzyiq altında qoymaq istədilər. Lakin İran dövləti etirazçılara qarşı hərəkət etməyə məcbur oldu, çünki bəzi şəbəkələr ixtişaş törədirdi, məscidlər və binalar yandırılır, insanlar həlak olurdu. Hər bir dövlət özünü müdafiə etmək üçün güc tətbiq etməlidir".

Bu fikirləri Aznews.az-a açıqlamasında siyasi şərhçi Azad Məsiyev deyib.

Xatırladaq ki, İranın nüvə proqramı uzun illərdir beynəlxalq diqqətin mərkəzindədir və xüsusilə uranın zənginləşdirilməsi məsələsi həm regional, həm də qlobal təhlükəsizlik baxımından həssas mövzu hesab olunur. Rəsmi Tehran ilə beynəlxalq qurumlar arasında aparılan texniki və diplomatik danışıqlar, xüsusilə uranın zənginləşdirilməsi və nüvə fəaliyyətlərinin şəffaflığı ilə bağlı qərarlar, həm region ölkələri, həm də nüvə sazişinə qoşulmuş böyük dövlətlər üçün əhəmiyyət kəsb edir. Bu çərçivədə, İranın Xarici İşlər Nazirliyinin nümayəndəsi Abbas Əraqçi İsveçrədə nüvə ekspertlərinin müşayiəti ilə Beynəlxalq Atom Enerjisi Agentliyinin rəhbəri Rafael Qrossi ilə texniki görüş keçirəcək. Görüşün əsas məqsədi uranın zənginləşdirilməsi səviyyələrini və nüvə fəaliyyətlərinin beynəlxalq standartlara uyğunluğunu müzakirə etməkdir.

Siyasi şərhçi bildirib ki, uranın zənginləşdirilməsi məsələsi və bu kontekstdə dialoq mövzusu da gündəmə çıxır.

"Yaxınlarda ABŞ prezidenti ilə İsrail baş naziri görüşdü və birgə qərara gəldilər ki, İranın fəaliyyətinə şərt qoyulsun ki, Çinə təsir göstərilməsin. Uranın zənginləşdirilməsi bunun bəhanəsidir. ABŞ üçün Çin böyük rəqibdir və Çin iqtisadi cəhətdən zəifləməlidir, çünki İranın xam neftinin 70–80%-i Çinə satılır. ABŞ Venesuelada da bu strategiyanı həyata keçirdi: Venesuelanın nefti Çinə satılırdı, lakin ABŞ prezidenti dəyişdirildi, hakimiyyətə təsir edildi və ölkənin enerji resursları ABŞ-nin nəzarətinə verildi. İndi ABŞ İranı da təhrik edir ki, əgər şərtlərə əməl olunmasa, hərbi əməliyyatlar aparılsın. Məqsəd dəyişməzdir: İranda hakimiyyəti dəyişmək və özlərinə münasib bir idarə qurmaq. Bu strategiya üç əsas istiqamətə yönəlib: birincisi, İranın neft satışlarını idarə edərək Çinə təsir göstərmək; ikincisi, Rusiyanın cənub bölgəsinə çıxışı və enerji, nəqliyyat dəhlizlərini məhdudlaşdırmaq; üçüncüsü isə Türkiyənin regional gücünü artıraraq Turan İttifaqının yaranmasının qarşısını almaq. İran isə dəfələrlə bəyan edib ki, uranın zənginləşdirilməsi dinc məqsədlər üçün istifadə olunur və beynəlxalq komissiyalar tərəfindən daim nəzarət edilir. Lakin ABŞ bu prosesləri təzyiq vasitəsi olaraq istifadə edir. Beynəlxalq təşkilatlar, uranın zənginləşdirilməsi ilə bağlı yaradılmış komissiyalar ABŞ üçün bir alət rolunu oynayır. Dünyada güc mərkəzi ABŞ olduğundan, beynəlxalq hüquq prinsipləri tez-tez onun maraqlarına görə formalaşır. Məsələn, İsrailin Fələstində törətdiyi qırğınlara baxmayaraq, beynəlxalq təşkilatlar buna müdaxilə etmir, çünki arxasında Amerika dayanır. Bu baxımdan İranın beynəlxalq təşkilatlarla əməkdaşlığı onun haqlı olduğunu göstərir. İran strateji silahlar üçün urandan istifadə etməyi planlamır və beynəlxalq nəzarət altında fəaliyyət göstərir. Lakin ABŞ bu məlumatları əldə edərək təzyiq və şantaj üçün istifadə edir. Bu səbəbdən İran beynəlxalq təşkilatlarla dialoqu davam etdirərək münaqişədən qaçmağa çalışır. ABŞ-nin strategiyası isə dəyişmir; kimin hakimiyyətdə olmasından asılı olmayaraq, əsas məqsəd eyni qalır. Taktiki addımlar fərqli ola bilər, amma strategiya toxunulmazdır. Hərbi əməliyyatlar və təzyiqlər ABŞ-nin İran üzərindəki strateji planının tərkib hissəsidir. Amerika üçün əsas təhlükə mənbələri Rusiya (hərbi güc), Çin (iqtisadi güc) və Avropa (maliyyə gücü) sayılır. İran üzərindən aparılacaq əməliyyatlar bu hədəflərə yönəlir: Çin və Rusiyanın enerji mənbələrini kəsmək, İran vasitəsilə Çinə neftin çatmasını məhdudlaşdırmaq, Rusiyanın cənub və şimal-cənub dəhlizlərini idarə etmək, Türkiyənin regional gücə çevrilməsinin qarşısını almaq. Bu səbəbdən ABŞ İranda hakimiyyəti dəyişmək və özlərinə münasib bir idarə qurmaq istəyir. Hazırkı danışıqlar mövzuları, məsələn, Uranın zənginləşdirilməsi və neft satışına məhdudiyyətlər, əslində bu strategiyanın bir hissəsidir. İranın müttəfiqləri – Çin və Rusiya – dəstəkləsə, ABŞ-nin hərbi əməliyyat planları uğursuz olacaq. Beləliklə, bir tərəfdən güc nümayiş etdirilir, digər tərəfdən isə danışıqlar vasitəsilə münaqişədən yan qaçmağa çalışılır. İranın məqsədi beynəlxalq təşkilatlarla danışıqlar apararaq vəziyyəti sakitləşdirməkdir".

Rəfiqə Namazəliyeva,

AzNews.az