Siyavuş Novruzov ABŞ-ın hesabatından danışdı

Hakim Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov ABŞ Dövlət Departamentinin 2013-cü ildə dünya ölkələrində insan hüquqlarının vəziyyətinə dair illik hesabatını qərəzli hesab edir.

Milli Məclisin bugünkü iclasında millət vəkili bildirib ki, hesabatda həqiqəti əks etdirməyən fikirlər yer alıb. S.Novruzov deyib ki, diqqətlə oxuduqda görünür ki, həmin hesabatda 10-15 il ərzində yazılanlar olduğu kimi təkrar edilib:

"Hesabatda Azərbaycanın işğal olunmuş bölgələri ilə bağlı cəmi bir neçə cümlə yazılıb, o da qərəzli formadadır. Orada qeyd ediblər ki, Azərbaycanın yeddi rayonu Ermənistan separtçılarının köməyi ilə işğal altında saxlanılır. Yazmırlar ki, Ermənistan dövləti, onu himayə edənlərin iştirakı ilə Dağlıq Qarabağ işğal olunub. Guya oranı Dağlıq Qarabağ seperatçıları işğal edib".

S.Novruzov bildirib ki, hesabatda Azərbaycanda insan hüquqlarının durumu ilə bağlı yazılanlar tamamilə şər-böhtandır. Orada insan hüquqlarına dair erməni mənşəli insanların Azərbaycanla bağlı verdiyi hesabat dərc olunub. Bu cür standartla yanaşanda, başqa yerdə başqa cür hadisələr baş verir:

"Ermənistanda seçkilərdə namizədin birinə qarşı terror həyata keçirdilər, güllələnmə oldu. Amma hesabatda bunlarla bağlı heç nə yer almadı. ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu seçkiyə nə rəy veribsə, onun üzərində dayanıblar, onu da siz demisiniz, elə yazıblar. Siz öyrətməsəydiniz, başqa cür yazacaqdılar. Yazıblar ki, prezidentliyə namizəd İlqar Məmmədov həbsdədir. İlqar Məmmədov nə vaxt prezidentliyə namizəd olub?"

Spiker Oqtay Əsədov isə Syavuş Novruzovla razı olduğunu bildirib: "Sevmirlər də bizi. Nə qədər tövsiyələr verilsə də, yeni məsələlər ortaya çıxardırlar . Amma həyat göstərəcək ki, bu məsələ öz-özünə həll olacaq. Biz bunu zorla həll edə bilməyəcəyik. Hamımız şahidi olacağıq ki, bu məsələlər yavaş-yavaş həllini tapacaq".

AzNews.az