SOCAR-da 7 min nəfər işdən çıxarılıb

ARDNŞ-in Baş ofisinin İnsan Resursları Departamentinin rəisi Asif Bəkirli şirkətdən işdən çıxarılan və onların yenidən işlə təmin olunması ilə bağlı "Dövlət Neft Şirkətində struktur dəyişiklikləri zamani işçilərə münasibət sosial qayği, şəffafliq və ədalətlilik prinsipləri çərçivəsindədir" adlı məqalə yazıb.

"Qafqazinfo" xəbər verir ki, məqalədə bu günə qədər şirkətdən nə qədər işçinin ixtisar edildiyi, onların harada işlə təmin olunduğu göstərilir. Asif Bəkirli yazır ki, hal-hazırda sərbəstləşən işçilərin işlə təmin edilməsi məqsədilə ARDNŞ-yə kənardan işə qəbul məhdudlaşdırılıb və yaranan vakansiyalar ilk növbədə bu proqrama qoşulmuş işçilərin, bu mümkün olmadıqda isə ştatların ləğvi səbəbi ilə işdən azad edilmiş digər işçilərin hesabına komplektləşdirilməkdədir: "Məhz bu ardıcıllıqla aparılan yerləşdirmələrdən sonra belə boş qalan iş yerləri vakansiya qismində elan edilməkdədir. Bununla yanaşı məsuliyyətlə qeyd etməliyəm ki, ixtisası üzrə müvafiq bilik və səriştəyə malik olan hər bir Azərbaycan Respublikası vətəndaşı müəyyən vaxt çərçivəsində özünü qane edəcək səviyyədə işlə təmin olunma və karyerasını inkişaf etdirmək şansına malikdir.

Yuxarıda izah edilənlərin sübutu kimi qeyd etmək olar ki, aparılmış struktur dəyişiklikləri Şirkətin Geofizika və geologiya İdarəsi üzrə 1475 nəfəri, Neft Kəmərləri İdarəsi üzrə 1022 nəfəri, Sosial İnkişaf İdarəsi üzrə 410 nəfəri, Qaz İxrac İdarəsi üzrə 208 nəfər, "Kompleks Qazma İşləri" tresti üzrə 3866 nəfəri və "Neftqaztikinti" tresti üzrə 289 nəfəri olmaqla ümumilikdə 7270 nəfər işçini əhatə edib. Artıq Geofizika və geologiya İdarəsindən 1354 nəfər, Neft Kəmərləri İdarəsindən 975 nəfər, Sosial İnkişaf İdarəsindən 352 nəfər, Qaz İxrac İdarəsindən 208 nəfər, "Kompleks Qazma İşləri" trestindən 3279 nəfər və "Neftqaztiknti" trestindən 289 nəfər işçi, əvvəl işlədikləri müəssisələrin daxili imkanları hesabına işlə təmin edilib və yeni təşkilati idarəetmə strukturları bu işçilərin hesabına formalaşdırılıb ki, bunların da ümumi sayı 6457 nəfər təşkil edir. 533 nəfər işçi isə (Geofizika və geologiya İdarəsi üzrə 55 nəfər, Neft Kəmərləri İdarəsi üzrə 40 nəfər, Sosial İnkişaf İdarəsi üzrə 12 nəfər və "Kompleks Qazma İşləri" tresti üzrə 426 nəfər) ARDNŞ-nin Azərbaycan Neft-Qaz Sənayesi İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin Əmr-Qərarı ilə onlara yaradılmış imkandan yararlanaraq əmək haqlarının 5 misli məbləğində müavinət alıb. 108 nəfər işçi, o cümlədən Geofizika və geologiya İdarəsindən 23 nəfər, Neft Kəmərləri İdarəsindən 4 nəfər, Sosial İnkişaf İdarəsindən 4 nəfər və "Kompleks Qazma İşləri" trestindən 77 nəfər isə "Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin bəzi qurumlarının ləğvi nəticəsində sərbəstləşən işçilərin sosial dayanıqlığının və məşğulluğunun təmin olunmasına dair Proqram"a qoşulub. Geofizika və geologiya İdarəsindən 43 nəfər, Neft Kəmərləri İdarəsindən 3 nəfər, Sosial İnkişaf İdarəsindən 42 nəfər və "Kompleks Qazma İşləri" trestindən 84 nəfər olmaqla, cəmi 172 nəfər Proqrama qoşulmaqdan imtina edərək sərbəstləşib".

AzNews.az