Əli Həsənov: “Dini təriqətlər şəbəkələşməyə cəhd göstərir“- FOTOLAR

"Son zamanlar ölkəmizin hüdudlarından kənarda yaradılan və sistemli şəkildə istiqamətləndirilən müxtəlif missioner təşkilatları, dini təriqətlər Azərbaycana da ayaq açmış və respublika ərazisində şəbəkələşməyə cəhd göstərirlər".

Bunu "Dini etiqad azadlığı, missionerlik fəaliyyəti və media" mövzusunda keçirilən konfransda Prezident Adminstrasiyası İctimai – siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov çıxışında bildirib.

Ə. Həsənov vurğulayıb ki, Azərbaycan dövləti demokratik, hüquqi, dünyəvi və unitar respublikadır. Ölkədə din dövlətdən ayrıdır, dövlətin hüquq, idarəçilik, təhsil, ictimai münasibətlər, qulluq və s. sistemləri dünyəvi xarakter daşıyır:

"Bundan başqa dövlət başçısının bilavasitə diqqəti və qayğısı ilə dini qurumlar – ibadət yerləri tikilərək istifadəyə verilir. Həmçinin dini icmalara birbaşa vəsait ayrılır, onların bu və ya digər tədbirləri maliyyələşdirilir. Təəssüflə qeyd etmək lazımdır ki, Azərbaycanın sürətli inkişafı, ölkədəki sabitlik, vətəndaş həmrəyliyi, dini və milli tolerantlıq mühiti bəzi daxili qrupların və xarici qüvvələrin, müəyyən əcnəbi dairələrin maraqlarına cavab vermir. Bu cərəyanların bəzisi öz məqsədlərinə uyğun olaraq ictimai rəyin formalaşdırılması, radikal meyllərin gücləndirilməsi, dövlətin hüquqi normalarına və idarəçilik sisteminə təsir imkanlarının əldə edilməsi istiqamətində cəhdlər göstərirlər".

Ə. Həsənovun sözlərinə görə, vətəndaşların müxtəlif yollarla çirkləndirilməsi, ələ alınması və müxtəlif şəbəkələrdə yerləşdirilməsi, cəmiyyətdə radikal dini ideyaların aşılnaması, insanların təfəkkürünün, dünya görüşünün süni yollarla dəyişdirilməsi, ayrı-ayrı qanunsuz icmaların yaradılması və fəaliyyətinin istiqamətləndirilməsi, cəmiyyət həyatının ahəngdar ritminin, mövcud ictimai-siyasi və s. bu təşkilatların ümumi xarakteristikasını təşkil edir:

"Bundan başqa, yeniyetmələrin və gənclərin özlərinin təsir dairəsinə salınması, yetişdirilməsi və məqsədyönlü şəkildə cəmiyyətdə təsir imkanlarının əldə edilməsi meylləri müşahidə olunmaqdadır. Bu gün yaxın Şərqdə bəzi region ölkələrində dini qrupların təriqətlərin cəmiyyət həyatını, hakimiyyəti idarə etmək cəhdlərini ciddi kataklizmlərə, qarşıdurmalar, siyasi və iqtisadi böhranlara səbəb olduğu açıq görünür. Hazırda bu məsələnin geniş ictimai müzakirələrə yol açması müxtəlif mülahizələrin, rəy və təkliflərin irəli sürülməsi bir daha təsdiq edir ki, cəmiyyət dağıdıcı təriqətlərin peyda olmasından narahatdır. Odur ki, hüquq normaları çərçivəsində mövcud qanunlara və ictimai davranış normalarına riayət etməyən maraqlı xarici dairələrin təsiri altında pozuculuq fəaliyyəti nümayiş etdirən təşkilatlara və şəxslərə qarşı respublikada dövlət səviyyəsində ardıcıl və sistemli tədbirlər görülür, bundan sonra da görüləcəkdir".

O qeyd edib ki, Azərbaycan dövləti müxtəlif dini təriqətlərin, missioner təşkilatların anti-milli fəaliyyətlərinə qarşı qəti barışmaz mövqedədir və onların niyyətləri heç vaxt nəticə verə bilməz.

Ə. Həsənov bu məsələdə medianın vəzifələri haqda da danışıb: "Bu gün dövlətçilik maraqlarımıza zidd fəaliyyət göstərən, əsrlərlə formalaşmış milli mənəvi dəyərlərimizə, adət-ənənələrimizə, milli və dini hislərimizə hörmət etməyən, cəmiyyət daxilində gərginlik yaratmaq, vətəndaşları doğru yoldan sapdırmaq və üz-üzə qoymaq, onları dünyanın müxtəlif yerlərindəki münaqişələrində iştiraka meylləndirmək və təhrik etmək istəyənləri, habelə şəbəkələşərək, pozuculuq fəaliyyəti göstərənləri ifşa etmək, onların əsl simasını cəmiyyətə tanıtmaq KİV-lərin qarşısında duran əsas vəzifələrdən biridir. Azərbaycan mediası öz mütərəqqi ənənələrini davam etdirərək, milli maraqlarımızı və mənəvi dəyərlərimizi hər şeydən uca tutmalı, ümummilli məsələlərdə vahid mövqe ortaya qoymalı, Azərbaycan dövlətçiliyinin və vətəndaş birliyinin əsaslarını sarsıtmaq istəyən daxili və xarici dairələrə qarşı barışmaz olmalıdır".

Amid
AzNews.az
image description image description image description image description image description