Niyazi Mehdi Niyazi Mehdi

Ermənilərlə savaş, ya barış...

Niyazi Mehdi



Prezentasiya

Mən Gürcüstanın Təkəli kəndində keçirilən dinləmə üçün belə bir mövzu təklif etmişdim: "Barış danışıqlarında humanizm mimikriyası". Burada bəndəniz erməni barışsevərləri ilə ünsiyyətdən çıxardığım nəticəni söyləmişdim. Təxminən belə: siz hər görüşdə insan həyatının dəyərindən, savaşın dayandırılmasından gözəl sözlər deyirsiniz. Ancaq Qarabağın Azərbaycan sərhədləri çərçivəsində statusunun necə olmasından danışmasanız bütün humanizm sözləriniz mimikriya olacaq.

Biologiyada "mimikriya" bəzi heyvanların yan-yörəsindəki qayanın, yaşıllığın rəngini almasına deyilir. Mən isə bir vaxtlar onu metafora kimi işlədərək "düşüncə mimikriyasından" danışmışdım. Yəni göstərmişdim ki, Azərbaycan türkcəsində olan bol ərəb-fars sözlərinin bir ziyanı odur ki, yazıda düşüncə olmayanda onun mimikriyasını, görüntüsünü yaradır. Ərəb-fars sözlərinin avazını belə yazılardan götürün, yəni türkcənin sözlərini çoxaldın, həməncə yazının fikirsizliyi üzə çıxacaq.

Mimikriya ilə bağlı söylədiyim yeni mövzuda dadıma çatdı və erməni sülh fəallarının bir eyiblini açdı: humanizm yerinə humanizm mimikriyası ilə məşğul olmaları. Qarabağı ələ keçirəndən sonra bu mimikriya ilə məşğul olmaq kartda bankı götürəndən sonra oyunu yarımçıq kəsib aradan çıxmaq kimi bir şeydir.

Təkəlinin faydası

Təkəli dinləməsində mənim təqdim etdiyim kitab belə məsələləri özünə qatırdı. Həm biz, həm də erməni tərəfdən xeyli adam tapılır ki, Təkəli disputlarına şübhə ilə baxırlar. Orada hətta bir Azəri TV kanal üçün məndən soruşdular ki, Təkəlidə erməni və Azərbaycanlı disputlarının nə dəyəri var? Mən indi cavabı bizimkilərə təkrar edirəm:

KÜSMƏK O ZAMAN ETGILI OLUR KI, SƏNIN ÇOX BÖYÜK IMKANLARIN VAR VƏ ADAMDAN KÜSDÜYÜN ÜÇÜN O HƏMIN IMKANLARDAN PAY ALMIR.

Beləcə, Obamanın Putinlə özünü küsülü kimi aparması həmin amacı güdür. Putin vecinə almayan adam kimi özünü aparsa da bu, pis oyunda yaxşı sifət almağa daha çox oxşayır. Çünki rus prezidenti istərdi ki, siyasi qurğularını Obama ilə "küsülü" olmadan aparsın.

İndi biz də müxtəlif tədbirlərdə ermənilərlə özümüzü küsülü aparsaq, effektli olmayacaq, çünki Azərbaycanla gerçək barış istəyən adamları da itirə bilərik. Necə ki idman yarışlarında erməni və Azəri güləşçilərinin yarışına yaxşı baxmalıyıq, eləcə də dialoqa. Bu zaman birincisi, arqumentlər silahını "itiləyirsən". İkincisi, diskussiya pilləkən biçimində pillə-pillə yuxarı qata qalxır. Onlar Qarabağ məsələsində haqlı olmalarına filan arqumenti deyirlər, biz cavabını veririk. Onlar bir pillə qalxıb başqa nəsnəni söyləyirlər, biz cavabı verib onlardan yuxarı qalxırıq.

Mənim bu söylədiklərimi erməniləri aldatmaq kimi yozmaq düz olmaz. Mən, sadəcə, onu demək istəyirəm ki, dartışma meydançasının olması münaqişədə olan millətlər arasında yeni imkanlar açır və bu imkanları bada vermək olmaz.

Nə yaxşı ki, Qarabağ münaqişəsi dini konflikt
olmadı


Ermənilərlə görüş və diskussiyaların daha bir faydasından

Bəndəniz son 13 ildə güman ki, 7-8 dəfə Qarabağ üzrə ermənilərin bulunduğu düşüncə dartışmlarında iştirak edib. Bu debatlarda, adətən, tərəflər bir-birini qıcıqlandıran sözlərdən, atmacalardan çəkinməyə çalışıblar, çünki "kim haqlıdır" məsələsini qışqırığa və nifrətə çevirməyin xeyri yoxdur. Hərçənd demokratik mühit təslimçilik mühiti də deyil, dövlət danışıqlarından qabaq güzəştlərin həddini tapmaq və güzəştləri tarazlaşdırmaq mühitidir. Düzdür, bəzən istisnalar da olur. Məsələn, bir görüşdə mən anlatmağa çalşırdım ki, əbədi həll olunan problemlər rejiminə öyrəşmək gərək. Adətən, belə problemlərə etnik, irqi azlıqların məsələsi aiddir. İspaniyada baskların, Amerikada zəncilərin…

Bu sözlərdən sonra Dağlıq Qarabağdan bir erməni məni provokasiya etdi: bizim vəziyyətimizdə zənci kimdir? Sualın provokativ olması məni özümdən çıxartdı, ona görə dedim: Dağlıq Qarabağ erməniləri. Deyən kimi də əsəbiləşib pis danışdığımı başa düşərək düzəliş verdim: biz, axı, irqçi deyilik ha, təhqir üçün kiməsə "zənci" deyək. Zəncini hər hansı azlığın metaforası kimi işlətsək, Gürcüstanda abxazlar, osetinlər, Borçalı camaatı "zənci" olacaq. Vəziyyətdən çıxsam da boynuma alıram, belə məsələlərdə öfkələnmək olmaz.

Hər halda barış ruhunda olan bir görüşdə ermənilərlə ayrıca söhbətdə mən demişdim: belə görürəm ki, siz heç cürə Azərbaycan sınırları içərisində avtonomiyanı qəbul etmirsiniz. Ancaq, bilin biz də heç vaxt Dağlıq Qarabağın Azərbaycandan qopmasına razı olmayacağıq. Biz özümüz üçün mümkün olan ən yuxarı güzəşti edirik. Deməli, bu güzəştə bərabər olan hansı addımı ata biləcəyinizi siz söyləməlisiniz. Top sizdədir.

Gürcü güzəştindən bizə baxanda (gürcünün "sonrakı ağlı")

Görüşdə bir gürcü redaktoru osetin və abxazlara üz tutub demişdi: Gürcüstan sərhədlərində qalmağa razı olsanız, bütün normal imkanları alacaqsınız. Daha nə istəyirsiniz?! Kuluarda Güney Osetiyadan olan bir nəfər mənə ayrıca söylədi: indi belə danışmağın faydası yoxdur. Öncələr biz osetinlər ayrılmaq məsələsini qoymamışdıq. Gürcülər dava ilə gəldilər…Bu sözləri onda deməliydilr. Onun sözlərini düşünəndə ağlıma gəldi ki, məsələ elə də sadə deyil. Almanların "barmağını verəndə əlini də istəyirlər" deyimi hamıya aiddir. Yalnız oturuşmuş durumu əldə edəndən sonra etnik və ya dini azlıqlar aldıqları hüquqları separatçılıq üçün istifadə etmirlər.

Geri qayıtsaydıq, nəyi etməzdik

Gürcünün sözləri mənim çoxdan ağlıma gəlmiş bir ideyanı yenidən tərpətdi. Bir vaxtlar Akif Nağıya söyləmişdim ki, yaxşı olar Qarabağ Azadlıq Hərəkatı "təzədən başlasaydıq, nəyi edib, nəyi etməzdik" prinsipində münaqişənin tarixini saf çürük etsin. Yəni Dağlıq Qarabağ Muxtar vilayətinin ləğvindən tutmuş bir çox hərəkətləri, addımları müzakirə edib aydınlaşdırsın: nələr düz edilmişdi, nələr edilməmişdi. Vaxtında nələr edilməliydi ki, onların üstündə indi bizi güclü, dilimizi uzun edən yapılar qura biləydik. Mənim söylədiklərimə həm təbliğat ideyaları, həm hüquqi aktlar, həm hərbi addımlar aiddir.

Onu da deyim ki, bu ideya aktuallığını saxlayır. Hansısa sayt, qəzet onu proyektə çevirib mütəxəssisləri, münaqişə iştirakçılarını danışdırsa, Qarabağ üzrə İdeya bankını yaratmaq olar.

Qarabağ münaqişəsində nələrin yanlış sayılmasını sadələşdirmək olmaz. Məsələn, aydındır ki, azərbaycanlılar erməni hərəkətlərinə qarşı "ağayana" səssizlikdə reaksiya versəydilər, gərək bunun maymaqlıq yox, məhz ağayanalıq olduğunu onlara və bütün dünyaya göstərə biləydilər.

Dini münaqişələrin İslam üçün yaratdığı problem

Düzgün atılan addımlardan biri o idi ki, erməni-azəri konfliktini biz diniləşdirmədik. Hərçənd buna çağıran adamlar az deyildi. Bir İsveç araşdırıcısı var, Svante Kornell. O bu konfliktdən yazanda razılıqla bildirmişdi ki, münaqişə azərbaycanlılar üçün dini xarakter daşımır. O vaxt həmin sözlərin önəmini indiki kimi anlamamışdım. Bir düşünün, ermənilərlə konflikti biz dini müstəviyə çıxarsaydıq, bu gün onlar Dağlıq Qarabağın Azərbaycan tərkibində qalmamasını həm də onunla əsaslandırardılar ki, dini düşmən sayıldıqları ölkədə yüksək statuslu avtonomiya boş şeydir və Azərbaycanda onlar üçün İslam təhlükəsi var. Suriyadan sonra belə sözlər çox ağır çəkili olub. Ona görə də Azərbaycanı sevən islamçılar radikallıqdan, dini düşmənçilikdən uzaq durmalıdırlar ki, Qarabağ məsələsində bizi zəif salmasınlar. Azərbaycanın yəhudilər, xristianlar (udinlər, ruslar, malakanlar, ukraynalılar) üçün rahat, sərfəli məmləkət olmasının dəyəri bundadır.

Ermənilərlə barış görüşləri – nədə fayda,
nədə faydasız

Görüşün lehinə, əleyhinə fikirlər

Ermənilərlə görüşlərdən qayıdanlar tədbir haqqında yazmağı elə də sevmirlər. Hərçənd Əli Əkbərin, Seymur Baycanın öz əsərlərində ermənilərlə görüş haqqında kinayələri yaxşı bəllidir.

Akif Nağı ilə mətbuatda çıxan söhbətlərimdə ermənilərlə diskussiyaların bizə faydasını dəfələrlə açmağa çalışmışdım, hərçənd hər dəfə də açdıqlarımdan razı qalmırdım. Əsas ideyam bu olurdu ki, bütün mümkün müstəvilərdə biz erməni arqumentlərinə cavab verməyi və öz ittihamlarımızı söyləməyi bacarmalı və məşq etməliyik. Qarabağ konfliktinin çözümü, sözsüz, dövlətlərin öhdəsinə düşür. Ancaq vətəndaş sektorunun ideyalar bankı baxımından öz rolu ola bilər və s.

Lehinə yeni arqument

Bir iki TV kanallı Azərbaycana baxanda indiki çoxkanallı Azərbaycan toplumu və mədəniyyəti çox irəlidədir. Ancaq həm o çağda, həm də bu çağda yaşamış adamların özü bunu duyammırlar. Gərək ayrıca sınaq yaradasan ki, fərqi bilsinlər. Məsələn, yada salasan ki, ay qardaş, Çernobıl qəzasından bir neçə gün sonrayacan Sovet adamları xəbərsiz qalmışdılar. Bu gün isə hətta Azərbaycan Mediası sussa da Türkiyə Mediası, Face book susmayacaq. İndiki Azərilər informasiya aclığı nədir, bilmirlər. İnformasiyadan bezmək nədir, onu bilirlər. Bax, onlar Sovet dönəmində yaşayanda həmişə informasiya acı, görməmişi idilər.

Ermənilərlə görüşləri pisləyən, damğalayan adamlar istəyirlər biz onlarla ilgili bir-iki kanallı Azərbaycan olaq. Onlarla görüş və danışıqları faydalı sayanlar isə Azərbaycanı çoxkanallı çağdaş toplum kimi görmək istəyirlər.

Gülməli bir olay

Qarabağda ermənilər savaşa başlayanda və bizim nifrətimizi qazananda uçaq reyslərində qəribə bir vəziyyət yaranmışdı. Bakıdan Vilnüsə (bəlkə də detallarda yanılıram) uçan təyyarələr Rostovda dayanacaq edəndə sərnişinlər aeroporta tökülüşüb gözləyirdilər. Bizdən təxminən 10-15 dəqiqə sonra ermənilərin uçağı düşürdü və qəribəsi odur ki, qorxudanmı, ehtiyatdanmı nədənmi, ermənilər həməncə sovrulub zaldan yoxa çıxırdılar, orada yalnız biz qalırdıq. Yadımdadır, o zaman mənim də ürəyim, qorxudan yox, vəziyyətin qəribəliyindən tıp-tıp edirdi, çünki bir neçə ildi, erməni görməmişdim. İndi dürlü ölkələrdə, yerlərdə erməni görəndə nadir bir vəziyyətə düşmüş kimi özümü duymuram. Ermənilərlə görüşləri yasaqlamaq istəyənlər erməniyə rast gələndə uzaq dünyadan gəlmiş adamı görürük kimi özümüzü duymağımızı istəyirlər. Bunun nəyi yaxşıdır?!

Hansı ermənini görmüşəm, hansını görməmişəm

Bu günlərdə ermənilərlə görüşlərin bir aldanışı mənə açıldı. Dialoqun tərəfində olanların iç dünyasında bilincsiz, yəni ixtiyarsız olaraq belə bir ümid gəzir ki, bəlkə onları danışa-danışa yola gətirdik ki, Dağlıq Qarabağın Azərbaycan ərazisi olmasına razılaşsınlar. Ancaq İndi mən deyə bilərəm: elə erməni görməmişəm.

Mehriban danışan, Azəri mədəniyyətinə sayğı göstərən, savaşdan ölənlərə görə ya üzdə, ya içdə kədər keçirən erməni görmüşəm. DAĞLIQ QARABAĞIN HƏTTA YÜKSƏK AVTONOMİYA ŞƏRTLƏRİ DAXİLİNDƏ AZƏRBAYCAN ƏRAZİSİ SAYILMASINA RAZI QALAN ERMƏNİ İSƏ GÖRMƏMİŞƏM.

Bizim aramızda olan indiki inamsızlıqdan, soyuqluqdan narazı qalan erməni görmüşəm. Gürcülərlə yox, bizimlə yaxınlıq istəyən erməni görmüşəm. İndən belə azərbaycanlı əsgərinin qanının tökülməsini istəməyən erməni görmüşəm. Ancaq ərazi bütövlüyümüzü açıq-aydın tanıyan erməni görməmişəm. Ona görə də bir dəfə yazmışdım ki, humanizm ritorikasında danışan ermənilər kart zamanı bankdakı pulu götürüb oyundan çıxan və kartı pisləyən qumarbazlara oxşayırlar.

Ermənilərlə dialoqun bir hikməti

Bəs o zaman nədən ermənilərlə barış görüşləri, dialoqlar qalmalıdır? Bunu irəlidə dedim: Azərbaycanı bir kanallı ölkə durumunda saxlamamaq üçün. Bir də, Qarabağın bütün əhalisi bizi bəyəndi-bəyənmədi Azərbaycan vətəndaşıdırlar. Qarabağ ermənilərinin bunu tanımasına nail olsaq, biz onlarla onların İnsan Haqlarına, vətəndaş haqlarına sayğı göstərən adamlar kimi davranmağı bacarmalıyıq. Ermənilərlə görüşün başlıca amacı özümüzü bu ruhda tərbiyə etməkdir.

AzNews.az