İşdə intihar edən qızın ailəsi 27 ölkədən sığınacaq istədi - FACİƏ

Neftçala rayonunda tükürpədici hadisə baş verib. Aznews.az xəbər verir ki, 1991-ci il təvəllüdlü Jalə Hüseynova iş yerində qarşılaşdığı ədalətsizliyə dözməyərək intihar edib.

Bu barədə məlumatı, AzNews.az-a mərhumun bacısı Cəmalə Hüseynova bildirib. O, redaksiyamıza ünvanlandığı məktubda hadisəni tam təfsilatı ilə izah edib.

Şikayətçi bildirir ki, bacısı 1 may 2011-ci il tarixindən Neftçala Rayon Mərkəzi Xəstəxanasında kompüter operatoru vəzifəsində işləyirmiş. Xəstəxanada işlədiyi müddətdə xəstəxananın qeyri-rəsmi işçisi, 65 yaşlı Tutu Mehdiyeva tərəfindən dəfələrlə şərəf və ləyaqəti təhqir olunub. Elə hər şey də bundan sonra başlayıb: "Əvvəlcə Tutu Mehdiyeva Jalənin onun yelpiyini oğurladığını iddia edir və kollektiv arasında Jalə haqda təhqiramiz ifadələr işlədir".

T.Mehdiyeva J.Hüseynovanı təhqir edəndə xəstəxananın kadrlar şöbəsinin müdiri Meyxanım Rəhimova ona etirazını bildirib: "Meyxanım Rəhimova Tutuya deyib ki, sənin yelpiyin budur, qıza şər atma. Bundan bir müddət sonra isə Tutu Mehdiyeva iddia edib ki, bacım onun çantasından iki manat pulunu və kadrlar şöbəsinin qara karandaşını oğurlayıb".

C.Hüseynova yazır ki, bu dəfə də Meyxanım Rəhimova məsələyə qarışır və baş həkimin yanına gedərək, bildirir ki, Tutu Jaləyə şər atır. O, hətta baş həkim Telman Zahidova "Jalə özünü öldürə bilər" deyə xəbərdarlıq da edir. Bundan sonra baş həkim iclas çağırır: "Bacımı iclasa buraxmayıb ki, sözünü desin. Amma iclasdan əvvəl Jaləyə deyib ki, mən də Tutunun əlindən bezmişəm, canını qurtarmaq üçün özünü Kür çayına at".

Cəmalə Hüseynovanın yazdığına görə iclasdan sonra, yəni 27 noyabr 2011-ci il tarixində Tutu Mehdiyeva Jaləyə hədə-qorxu gələrək, polisə gedəcəyini bildirib. Hətta Jaləyə "səni televizora çəkdirəcəyəm" kimi şantaj xarakterli xəbərdarlıq da edib. Bundan sonra Jalə çantasını götürüb və kadrlar şöbəsini müdiri Meyxabnım Rəhimovaya deyib ki, heç bir sübut olmadan kollektiv arasında biabır edildiyinə görə özünü öldürəcək: "Jalə adətən evə saat 5-də gəlirdi. Saat 5 oldu Jalə gəlmədiyinə görə atamın dostunun maşını ilə Meyxanım Rəhimovanın evinə getdik. O bütün olanları bizdən gizlətdi və dedi ki, Jaləni qaçırıblar. Bundan sonra sahə müvəkkili Etibarın yanına gəldik. Həmin vaxt bacıma zəng çatsa da, telefonu götürmürdü. Qayıdıb evə gəldik və səhəri gün atamla anam Bakıya qohumlarımızgilə getdilər ki, xəbər versinlər. Səhər saat 10 radələrində Meyxanım Rəhimova mənim mobil telefonuma zəng vuraraq bildirdi ki, axşam özüm demədim ki, pis olmayasınız. Tutu Jaləni şərlədi, o da dedi ki, özümü öldürəcəyəm".

M.Rəhimovanın dediklərindən sonra ailə sahə müvəkkilinə zəng vurur: "Yarım saat sonra sahə müvəkkilinə zəng vurduq. Bir az keçmişdi ki, sahə müvəkkili bizə gəldi və əhvalatı ona olduğu kimi danışdım. Bu anda sahə müvəkkilinə zəng gəldi və o, bizim evdən getdi. Evdən çıxandan bir müddət sonra Etibar müəllim mənə zəng vurub dedi ki, Jalənin ayaqqabısını, pencəyini və çantasını tapdıq. Jalənin çantasından onu vəsiyyəti də çıxmışdı. Vəsiyyətnamədə yazılmışdı: "Anam, atam, bacım, qardaşım, mənim heç bir günahım yoxdur. Mənim bir vəsiyyətim iş yerimdə 151 nömrəli qovluğun arasında, bir vəsiyyətim də ağ xalatımın cibindədir". Amma sən demə, həmin vəsiyyətnaməni Meyxanım Rəhimova cırıb zibil vedrəsinə atıbmış. Sonra müstəntiq həmin vəsiyyətnaməni tapıb birləşdirdi. Həmin vəsiyyətnamədə də qeyd olunur ki, onu Tutu Mehdiyeva şərləyib".

C.Hüseynova yazır ki, şikayətlərinə Neftçalada baxılmayıb və rayon prokurorluğunun açdığı cinayət işinə Neftçala Rayon Məhkəməsi tərəfindən xitam verilərək Şirvan məhkəməsinə göndərilib. Şirvanda da prokuruluğun açdığı cinayət işi ləğv edilib. C.Hüseynovanın bildirdiyinə görə, buna səbəb Tutu Mehdiyevanın yetərincə imkanlı biri olmasıdır: "Ona görə də bizi zərərçəkmiş kimi tanımadılar, bacımın qanını batırdılar. Üç ildir ki, atam bunula bağlı Respublika Prokurorluğuna şikayət edir. Axırda baş prokuror Zakir Qaralovun göstərişi ilə istintaq aparılması üçün iş Ağır İşlər üzrə Cinayətlər Məhkəməsinə göndərilib. Orda da müstəntiqdən müstəntiqə keçərək hazırda Xalid Hüseynovun icraatındadır. Ailəmiz 27 ölkəyə müraciət edib sığınacaq istəyib. Çünki Azərbaycan vətəndaşlığından imtina etmək niyyətindəyik".

Məsələ ilə bağlı Baş prokurorluğun da mövqeyini diqqətinizə çatdırmağa çalışacağıq.

İntiqam Valehoğlu
AzNews.az
image description image description image description