ANS rəsmisi kəlbəcərli ziyalıları “saxta vətənpərvər“ adlandırdı

Mais Məmmədov: "Bizdə elə faktlar var ki, onun 70 faizini efirdə versək, tamaşaçılar bundan şoka düşər"


"Biz kəlbəcərliləri təhqir etməmişik. Kim onu deyirsə, qələt eləyir. Bu, tamamilə yalan və şayiədir".

Bu sözləri Aktual.az-a ANS Şirkətlər Qrupu prezidentinin media üzrə müşaviri Mais Məmmədov Kəlbəcərin işğal günü "Xəbərçi" proqramının saat 21:00 buraxılışında efirə gedən "Kəlbəcərsiz 21 il" başlıqlı süjetdə Kəlbəcər sakinlərinin təhqir olunması barədə səslənən iddialara münasibət bildirərkən deyib. Onun sözlərinə görə, süjetin müəllifi Ləman Ələşrəfqızı obyektiv və jurnalistika prinsiplərinə əsaslanaraq material verib:

"Saxta vətənpərvərlərin isə hay-küyünü başa düşə bilmirəm. Ləman araşdırmasında, sadəcə, torpaqlarımızı itirməyimizə dair suala cavab tapmağa çalışıb".

ANS rəsmisi həmçinin onu da qeyd edib ki, ANS-in "Qızıl fond"unda efirə getməyən sensasion materiallar var:

"Siz hələ bilmirsiz. Bizdə elə faktlar var ki, onun 70 faizini biz verməmişik. Onu efirdə versək, tamaşaçılar bundan şoka düşər".

Xatırladaq ki, ANS-in efirində gedən süjetlə bağlı kəlbəcər sakinlərinin iddiasına görə, süjetdə qoyun-quzu fonunda səsləndirilən "bu sürü psixologiyası təkcə mülki əhalidə yox, döyüşçülərdə də hiss olunurdu" və "Kəlbəcərdən utandım. Süd verdiyi balaları ona naxələf çıxdılar" ifadələri Kəlbəcər sakinlərinə qarşı təhqirdir. Onlar Süjetin efirə verildiyi "Xəbərçi" verilişində Kəlbəcər sakinlərindən üzr istənilməsə, məsələnin hüquqi müstəvidə həll edilməsinə çalışacaqlarını bildirib.

AzNews.az