Fərahim, Allah şəfa versin!

Həmkarım Fərahim İlqaroğlunun döyülməsinə çox pis oldum. Ona görə yox ki, dostuq, bir-birimizi illərdir tanıyırıq, çörək kəsmişik və sair. Nə dost deyilik, nə də çörək kəsmişik. Heç bircə dəfə üzbəüz salamımız da olmayıb. Amma bir həmkar kimi tanımışam. Əslində, bu hadisəyə üzülməyimə iki səbəb var. Birincisi, həmin hadisə sabah mənim də başıma gələ bilər və bu gedişlə yəqin ki, gələcək.

Hətta açıq deyim ki, bu barədə ilk siqnalları da almışam. İkinci xoş olmayan isə tamam başqa məqamdır. Fərahim lap akademik də olsa, hər şeydən əvvəl kişidir və bu durumda daha fərqli davranmalıydı. Razıyam ki, ona hücum edən şəxs yetərincə cüssəliydi, bəlkə də idmançıydı. Amma nə olsun?! Qarşımızdakı idmançıdırsa, əllərimizi yanımıza salıb durmalıyıqmı? Əgər o bunun qanun naminə edirdisə belə, yenə də Fərahimə haqq qazandırmıram. Qardaş, meşədə camaatın qabağına ayı çıxır heç bu qədər aciz davranmır. Bəyəm, o gədə ayıdan da qorxulu idi? Məni ən pərt edən epizod isə həmin gədənin Fərahimə ilk hücumundan sonra həmkarımın altdan yuxarı ona yazı-yazıq baxması idi. O boyda boy-buxun sahibisən, Facebookda statuslarından od-alov yağır. Sənin heç bircə atımlıq barıtın da yox imiş ki. Heç olmasa, kor-koranə də olsa bir-iki yumruq atmaq olmazdımı? Kim nə deyir desin, Fərahimə hücum edən o gədə nə qədər pis iş tutmuşdusa, həmkarımın simasında jurnalistikamız bir o qədər aciz göründü mənim gözümdə.

Mənə elə gəlirdi ki, o adam yumruqları, təpikləri vura-vura belə deyirdi: bu sizin reportajınızın, bu köşənizin, bu xəbərinizin, bu da müsahibənizin payı... Lap tutaq ki, həmin vaxt yanında sevdiyin, görüşdüyün bir xanım var idi. Onda da yerə sərilib qarşındakının növbəti addımlarını müşahidə edəcəkdin? Yenə də deyirəm, sabah eyni hadisə mənim də başıma gələ bilər. Məni də döyə bilərlər. Hətta bundan on qat artıq da döyə bilərlər. Amma nə bilim vallah...söz tapmıram sadəcə...Allah şəfa versin!

AzNews.az