Şahin Sultanovun vəkilindən ilginc açıqlamalar: “Ciddi psixoloji təzyiq edirdilər”

Azərbaycan Müdafiə Nazirliyi Hərbi Dəniz Qüvvələrinin (HDQ) sabiq komandanı, məhkəmənin qərarı ilə barəsində 2 aylıq həbs qətimkan tədbiri seçilmiş vitse-admiral Şahin Sultanovun vəkili Adəm Məmmədovun AzNews.az-a eksklüziv müsahibəsi:

-Adəm müəllim, Şahin Sultanovla son dəfə nə vaxt görüşmüsüz?

-İki gün əvvəl görüşmüşük, əhval-ruhiyyəsi çox yaxşıdır. Ona qarşı irəli sürülən ittihamlarla qəti şəkildə razı deyil. Bununla bağlı apellyasiya şikayəti vermişik, amma hələ ki, nəticəsi yoxdur.

-Apellyasiya şikayətiniz qəbul olunmasa, növbəti addımınız nə olacaq?

- Apellyasiya şikayətini poçt vasitəsilə göndərmişik. Sadəcə rabitə əməkdaşları şikayətimizi çatdırmayıblar. Bunlar texniki məsələlərdir. Qanunda göstərilir ki, onun şəxsiyyəti, nüfuzu nəzərə alınmalıdır. Bu, dünya təcrübəsində də belədir.

-Söhbət nədən gedir?

-Yəni barəsində digər qətimkan tədbiri də seçilə bilər. Həbs qətimkan tədbiri rədd edilməlidir. Polis nəzarətinə verilə bilərdi.

-İndiki halda istədiyiniz budur?

-Bəli, azad olunsun, vaxtı-vaxtında istintaqa gəlsin. Bu adam admiraldır, "Azərbaycan bayrağı" ordeni almış şəxsdir. Sabah mətbuat konfransında onun tərcümeyi-halı haqqında ictimaiyyətin bilmədiyi çoxlu açıqlama verəcəyəm.

-Ailəsi ilə görüşüb?

-Yaxın qohumları, oğlu srağagün görüşüb.

-Hazırda harda saxlanılır?

-Bakı İstintaq Təcridxanasında.

-Onun bu məsələ ilə bağlı şəxsi ehtimalları nədən ibarətdir? Yəni həbsinin səbəbini nədə görür?

- Onun həbsi hələ özünə də qaranlıq qalıb.

-Ümumiyyətlə, Şahin Sultanov hansı şəraitdə həbs olunub?

-Onu Respublika Hərbi Prokurorluğunun inzibati binasına şahid qismində dəvət elədilər. Barəsində həbslə bağlı protokol tərtib elədilər. Oradaca - müstəntiqin otağında həbs olundu. 48 saatlıq həbs barədə qərar qəbul olundu və üzləşmə istintaq hərəkəti aparılandan sonra barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçildi.

-Yetərincə böyük vəzifədə çalışıb. Hazırda vəzifə başında olan məmurlardan onun ailəsi ilə əlaqə saxlayan, ailəsinə dəstək olan varmı?

-Bəli, yüksək səlahiyyətli şəxslər, generallar zəng vurub dəstək olduqlarını bildirirlər. Çünki Şahin müəllim Müdafiə Nazirliyi Hərbi Dəniz Qüvvələrinin yaradılmasının təşəbbüskarı olub. Bundan əlavə Xəzər dənizində neft qaz təhlükəsizliyi ilə bağlı layihələrin müəllifidir.

-Şahin Sultanov həbs olunarkən mülki geyimdə olub?

-Bəli, mülki geyimdə idi. Bir məsələ ilə bağl açıqlama vermək istəyirəm. Onun həbsinin həyata keçirilıməsində əməkdaşlar həddən artıq ciddi psixiloji təzyiq etmək istəyirdilər.

-Haranın əməkdaşları?

-Respublika Hərbi Prokurorluğunun əməkdaşları.

-Həbs olunarkən ona qarşı zor tətbiq olunub?

-Orda admiralla əsgərə fərq qoyulmayan hərəkətlər elədilər. Hətta mübahisəmiz də oldu. Ora gələn kimi protokol tərtib olunmadan qoluna qandal vurdular. Hələ onda şahid qismində dindirilirdi. Sonra mən etirazımı bildirdim və protokol tərtib olunandan sonra yenidən qolunu qandalladılar.

-Həmin məqamda özü necə reaksiya verdi?

-Şahin müəllim qoluna qandal vurulmasını soyuqanlıqla qarşıladı.

-Həbs olunarkən sizi qane etməyən məqamlarla bağlı şikayətiniz olacaq?

-O gələcəyin işidir. Ümid edirəm ki, ölkə rəhbərliyi, bu sahədə çalışan həmkarları, nüfuzlu insanların köməyi ilə həbs qətimkan tədbiri qərarı ləğv olunacaq.

-Bəs ləğv olunmasa?

-Mən bunu açıq müraciətlə ölkə rəhbərliyini diqqətinə çatdıracağam.

-Sağlamlığı ilə bağlı vəziyyət nə yerdədir?

-Heç bir narazılığı yoxdur. Saxlanma şəraitindən də narazılıq etmir.

İntiqam Valehoğlu
AzNews.az