Döyülən jurnalist prezidentə müraciət etdi

"Yeni Müsavat"ın əməkdaşı Fərahim İlqaroğlu ona qarşı sui-qəsdlə bağlı prezident İlham Əliyevə müraciət edib. Jurnalist prezidentə müraciətində onun döyülməsi barədə sifariş verənlərin cəzalandırılması, istintaqın daha dinamik aparılması üçün müvafiq tapşırıq verilməsini xahiş edib. Müraciətdə deyilir:

Hörmətli Prezident,

Mən "Yeni Müsavat" qəzetinin əməkdaşı Fərahim İlqaroğlu (Qasımov Fərahim İlqar oğlu) 25 aprel 2014-cü il tarixdə saat 10 radələrində yaşadığım evin (Bakı şəhəri Nizami rayonu Rüstəm Rüstəmov küç, ev 6) qarşısında naməlum şəxs tərəfindən amansızlıqla döyülməklə fiziki təzyiqə məruz qalmışam. Avtomobilindəki kamera vasitəsilə hadisənin görüntüsünü olduğu kimi qeyd etmək mümkün olub. Çəkilişdən göründüyü kimi idmançı görkəmində olan həmin şəxs mənə əvvəlcədən evin qarşısında gözləyib, avtomobilinə mindiyim vaxt məni yanına çağırıb.

Mənimlə guya söhbət etmək istədiyini bildirən həmin şəxs bu əsnada mənim sifətimə zərbələr endirməyə başlayıb. Daha sonra məni idman fəndi ilə yerə yıxıb qarın və baş nahiyəsinə zərbələr endirib. Bir neçə saniyə sonra daha bir naməlum şəxs həmin adamı hadisə yerindən uzaqlaşdırır.
Bildirmək istərdim ki, hadisənin video görüntüsü artıq istintaqa verilib, o cümlədən də internet səhifələrinə və sosial paylaşım şəbəkələrinə yerləşdirilib. Aprelin 25-dən ölkə mətbuatı davamlı olaraq bu hadisədən yazır.

Hörmətli Prezident,

Hadisəni Nizami Rayon Polis İdarəsi araşdırırdı. Məni döyən, əvvəllər heç görmədiyim, tanımadığım Feyruz Termişi adlı idmançı polis idarəsində mənimlə üzləşən zaman etiraf etdi ki, əvvəllər mənimlə görüşməyib, mübahisəmiz olmayıb. O etiraf etdi ki, mənim döyülməyim sifarişini Kikboksinq Federasiyasının keçmiş idmançısı Tural Bayramovdan alıb. Məlumatlara görə, Tural Bayramov intizamsız idmançı olduğu üçün federasiyadan qovulub. O, daha sonra Bakıda keçirilən qanunsuz K-1 yarışlarında görünüb. Hətta o vaxt hörmətli deputat Adil Əliyev qanunsuz keçirilən bu yarışlara qarşı çıxmış və təşkilatçı, deputat Elton Məmmədovun oğlu Aynar Məmmədovu tənqid etmişdi. Mənim işimdə adı hallanan Tural Bayramovla Aynar Məmmədov və onun qardaşı Elnurun çox səmimi fotoları yayılıb. İddialara görə, Tural Bayramov federasiyadan qovulandan sonra onların yanında işləməyə başlayıb.

Cənab prezident,

Sizin bir sıra məmur övladları ilə bağlı müşavirələrdəki çıxışınızdan sonra Aynar Məmmədovun bahalı avtomobilləri ilə paytaxt küçələrində xuliqanlıq etməsinin görüntüləri yayıldı. Həmin görüntüləri digər media orqanları kimi biz də verərək, Aynar Məmmədovun bu hərəkətini dövlətin siyasətinə zidd bir addım olduğunu və bu hadisənin iqtidara qarşı narazı bir təbəqə yaratdığını vurğuladıq. Bu və digər faktlar mənim Aynar Məmmədovdan şübhələnməyimə əsas yaradır. Artıq məni döyən Feyruz Termişi saxlanıb. Lakin ona bu əmri verən Tural Bayramov və əsas sifarişçi Aynar Məmmədov hələ də azadlıqdadır. Onların azadlıqda gəzməsi məni və ailəmi ciddi təhlükə altında qoyur.


Cənab Prezident,

"Yeni Müsavat" qəzetinin əməkdaşı olaraq mən Azərbaycanımız üçün kifayət qədər uğura imza atmışam. Mənim Azərbaycanda və dünyanın bir sıra başqa ölkələrində hadisə yerlərindən hazırladığım reportajlar, habelə verdiyim məlumatlar öz dürüstlüyü, obyektivliyi və tərəfsizliyi ilə fərqlənib. Mənim kimi bir reportyora qarşı kirayə yaşadığım evin önündə sui-qəsd xarakterli cinayət əməlinin açılması dünyanın əksər media quruluşlarında xəbər son dərəcə mühüm hadisə olardı.

"Yeni Müsavat" qəzeti Azərbaycanda ən tirajlı qeyri-dövlət qəzeti olmaqla yanaşı, onun rəhbərliyinin və əməkdaşlarının cəmiyyətdə və media aləmində olduqca böyük nüfuzu və çəkisi var. Belə bir qəzetin kollektivinin və jurnalistlərinin heç bir əsas olmadan ağır fiziki təzyiqlərə məruz qoyulması şübhəsiz ki, bütövlükdə Azərbaycan mətbuatına yönəlmiş böyük bir təhdid və ağır təhlükədir. Bu həm də ölkəmizə qarşı böyük təxribat olmaqla yanaşı, onun mədəni dünya qarşısında imicinə ağır zərbə endirir.

Yuxarıda göstərilənləri nəzərə alaraq Sizdən mənim yaşadığım evin (Bakı şəhəri Nizami rayonu Rüstəm Rüstəmov küç, ev 6) qarşısında naməlum şəxs tərəfindən amansızlıqla döyülərək fiziki təzyiqə məruz qoyulmağımla bağlı hadisənin ciddi surətdə araşdırılması, həmçinin günahkar şəxslərin tapılaraq cinayət məsuliyyətinə cəlb olunması ilə əlaqədar müvafiq hüquqi prosessual tədbirlərin görülməsi ilə bağlı göstəriş verməyinizi xahiş edirəm".