- Köhnə - Cəmiyyət
- 22 İyun 2014 08:00
- 6 699
Gəray Əlibəyov: “Kafir-kafir danışma...”
-Gəray bəy, Azərbaycan Kinemotoqrafçılar İttifaqının rəhbərliyində dəyişikliklər baş verdi. Rüstəm İbrahimbəyovu xalq artisti Şəfiqə Məmmədova əvəzlədi. Kino sənayesinin inkişafı üçün müəyyən vəsait də ayrıldı. Lakin Azərbaycan kino sahəsində müsbət dəyişiklik yoxdur..
-Təbii ki, heç nə dəyişməyəcək və Şəfiqə xanım da heç nə etməyəcək. Əslində İttifaqdakılar eyni insanlardır, sadəcə olaraq Rüstəm İbrahimbəyovu başqası əvəzləyib. Belə demək mümkünsə köhnə üzvləri Şəfiqə Məmmədovanın komandası etdilər. Bu həmin adamlar idi ki, Rüstəm bəyin qarşısında ləbbehlik edirdilər. Bu gün də onlar bunu Şəfiqə xanımın qarşısında edirlər.
-Bu nə qədər davam edəcək?
-Nə vaxtsa prezident bu məsələyə bir daha qayıdacaq. Yoxsa, mümkün deyil. İnanıram ki, prezident bunu mütləq görəcək. Sözsüz ki, belə olmaz. Lap Rüstəm İbrahimbəyov olmasın, başqası olsun. Bu belə getməz. Artıq bu qənaətə gəlmişəm ki, Kinemotoqrafçılar İttifaqı da Azərbaycanda Yazıçılar Birliyi kimi bir qurumdur. Yəni hər ikisi real işdən uzaqdırlar.
-Deyəsən, kino mütəxəssislərimiz daha çox teleseriallar vasitəsilə vəziyyəti yumşaltmağa çalışır...
-Məncə də... Amma bu gün teleseriallar Azərbaycanın ən ağrılı yeridir. Düzdür, yaxşı serial çəkən rejissorlar da var. Sadəcə, teleserialların sifarişçi olan telekanallar biabırçı gündədir. Televiziyaların mövcud vəziyyəti çoxlarına bəllidir. Ona görə də xarici televiziya kanalları ölkəmizdə daha populyardır.
-Məsələn, siz niyə yerli televiziya kanllarına baxmırsınız?
-Məlum səbəblər var. Əgər o kanal insanının zövqünü oxşamırsa, əlbəttə baxımlı olmayacaq. Ürəyimdən keçəni deyirəm. Mən İsmayıl Ömərovu tanımırdım. Yəni İctimai Televiziyanın rəhbəri olandan sonra tanımışam. Məsələn, bu kanalın bir siması var idi. Hətta elə verilişlər var idi ki, onu həsrətlə gözləyənlər belə olurdu. Nəticəsi nə oldu? Mütəxəssis kənara atıldı. Amma belə olmamalıydı. Yəni indi perspektivli rejissorlarımız var. Lakin qarşıya qoyulan məqsədə çatmaq olmur. Çünki aktyorların çoxu "küçə"dən tutulmadır. Bu da bəyənilən bir hal deyil. Ömrünü sənətə həsr edən aktyorlar isə kənarda qalıb. Sifarişçilər kimlərinsə üzərində eksperiment edirlər. Bu da effekt vermir. Seriallar da eyni məzmunludur və heç biri real həyatı göstərmir. Narkomaniya, mafiya və digər mənfi xarakterləri təbliğ edən filmlər... Dünyaya gələn bir uşağı bizim televiziyaların verilişləri ilə qidalandırıb böyütsən, bu pis nəticələr verə bilər. Eldən-obadan, tarixdən və digər maraq yaradacaq, maarifləndirici məsələlərdən göstərilməlidir ki, insanlar baxıb yeni bir şey eşitsin, bəhrələnsin. Yoxsa "bu onun anasını belə etdi", "o bunun bacısını..." Bu ruhda böyüyən nə olacaq? Bu seriallar milləti hara aparacaq? Bəlkə qocalmışam? Amma bilirəm ki, bu təbliğat uçuruma aparır. Televiziya cinayəti, pozğunluğu göstərir, lakin cinayət də günü-gündən artır. Televiziya kanalları düz mövqe tutmayıb. Bunun bir adı var - miilli-mənəvi dəyərlərin məhvi... Qəribədir ki, bu ölkədə hamı dedektiv kitablar oxuyur. Sanki təbliğat insanları buna məcbur edir. Gözəllik və romantizmə baxan belə yoxdur. Hələ neçə illər bundan öncə İraqın Azərbaycandakı səfiri Fərrux bəylə görüşümüz olmuşdu. Burada ona İraqda gənclərin qırıldığına təəssüfləndiyimi dedim. O elə bir jestlə ayağa qalxdı və dedi ki, "kafir-kafir danışma, bunlar vətən yolunda şəhid olurlar və cənnətə düşürlər". Onlar "Mən vətən yolunda ölürəmsə şəhid oluram və cənnətə düşürəm" ideologiyası ilə yaşayırlar. Hər bir dövlətin də öz ideologiyası var. Bizim kanalların apardığı ideologiya isə vətənpərvərlik üzərində qurulmayıb. Bu təbliğat mənəvi dəyərlərə də xidmət etmir.
Bahar Rüstəmli
AzNews.az