Uşağın cinsiyyətinin təyini qadağan ediləcək

Azərbaycanda dölün cinsiyyətinin müəyyən olunmasının qadağan edilməsi "Ailə planlanması və reproduktiv sağlamlıq haqqında" qanun layihəsində nəzərdə tutulsa da, layihənin müzakirəsinin dəqiq vaxti məlum deyil.

Milli Məclisin sosial siyasət daimi komitəsində hazırlanan qanun layıhəsi cəmiyyət tərəfindən böyük maraqla gözlənsə də parlamenti payız sessiyasının gündəliyi hələ tam müəyyən edilməyib. Bu barədə məlumatı AzNews.az-a millət vəkili Məlahət İbrahimqızı verib.

Millət vəkilinin sözlərinə görə, hamiləlik zamanı cinsiyyətin təyin olunmasına ciddi nəzarət olunmalıdır: "Bu məsələ ciddi nəzarət altında saxlanmalıdır. Məhz buna görə də qanun layihəsinə daxil edilib".

Qeyd edək ki, son illərdə Azərbaycanda oğlan uşaqlarının sayında artım, qızların sayında isə kəskin azalma müşahidə olunması ölkədə genefonduna qarşı təhlükə kimi qiymətləndirilir. Hamiləliyə son verilməsi halları isə əksər hallarda cinsiyyətin müəyyənləşdirilməsindən sonra həyata keçirilir.

E.Əlosmanqızı
AzNews.az