Onlar şəhid oldu, biz rəzil...

Taleh Şahsuvarlı

Əsgərlərimiz şəhid oldu..
Azərbaycan ordusunun 9 hərbiçisi bir gecədə həlak oldu...
9 gəncin həyatı, arzuları, planları, sevgisi yarımçıq qaldı...
Anaları, ataları, qardaş-bacıları, digər yaxınlarının ürəkləri parçalandı... Sadəcə, bir təsəlli var. Onlar kafe davasında bıçaqlanmayıb, oğurluğa gedəndə güllələnməyib, kiminsə namusuna sataşaraq öldürülməyib.

Onlar Azərbaycan üçün, torpaq üçün, içdikləri anda, Azərbaycan himnindəki sözlərə uyğun olaraq canlarından keçiblər. Bayrağa bükülərərək üzərinə axan qanları ilə VƏTƏNə çevirdikləri torpağa veriləcəklər.
Çoxdandır belə xəbərlər almırdıq. Düşmən snayperlərindən açılan atəşlə həlak olan, minaya düşən, qarşılıqlı çatışmalarda həyatını itirən əsgərlərimiz olurdu, ancaq say uzun, lap uzun illərdi ki bu qədər çoxalmamışdı.

General Zakir Həsənov Müdafiə naziri təyin olunduqdan sonra Azərbaycan ordusuna inam güclənmişdi, silahlı qüvvələrimizin şəxsi heyəti qürurla xidmət edirdi, əsgər özünü əsgər, zabit özünü zabit, general özünü general kimi hiss edərək xidmət edirdi. Zənnimcə, bu həmlə, düşmənin bu həmləsi Azərbaycanın yeni torpaqlarını tutmaqdan daha çox, ordunun nüfuzunu sarsıtmağa yönəlmiş alçaqca bir qəsddir. Bəlkə də ATƏT nümayəndələrinin bölgədə monitorinqə başladığı bir gündə Ermənistanın və arxasındakı güclərin beynəlxalq aləmə verdiyi qanlı mesaj idi.
Nə bilək, bəlkə də Leyla Yunusun timsalında ermənilərə çuğulluq etdikləri ittihamı ilə həbs olunanların qarşılığında qurulmuş bir qisas planı idi...
Şübhələr və nigarançılıqlar çox ola bilər, sadalamaq istəmirəm. Əminəm ki, Azərbaycan ordusu, Azərbaycan əsgəri, Azərbaycan zabiti bu qanı yerdə qoymayacaq. Əminəm ki, Azərbaycan ordusu Ermənistanın bütün silahlı qüvvələrini güllənin qarşısına düzməyə hazır və qadirdir. Əminəm ki, bu gün qara xəbərini aldığımız 9 əsgərin yerinə əlinə silah almağa hazır olan yüzlərlə, minlərlə, on minlərlə gəncimiz var. Matəm havasına qapılmağa, yas tutmağa, bədbin olmağa cəmiyyət olaraq, xalq olaraq haqqımız yoxdur.
Biz qüdrətli dövlətin vətəndaşlarıyıq, biz savaşmağı bacaran, kodeksləri olan xalqın övladlarıyıq. Ölümdən qorxmaq, düşmən qarşısında dizinə döymək bizə yaraşmaz. Odur ki, qisas hissi ilə yaşamalıyıq. Yanlış anlamayın, mən böyük tabloda savaş tərəfdarı deyiləm. Bir insan olaraq bu gün Ermənistanda fəaliyyət göstərən internet portallarında bizim ordumuz tərəfindən öldürülmüş Azat Asoyanın da valideynlərinin, yaxınlarının hisslərini bölüşürəm, o gənc oğlanın da həyatının qırılmasından məyus oluram. Amma hərb hərbdir, döyüş döyüşdür! Hərbsiz və döyüşsüz tarixdə heç bir dövlət, heç bir xalq öz varlığını qoruya bilməyib. Bir neçə gün öncə ulu babalarımın qara damının yerləşdiyi Laçının Qarıqışlaq kəndində çəkilmiş süjetlərə baxdım erməni resurslarında. İçimdəki nifrəti, qisas hissini və o torpaqlara qayıtmaq əzmimi ifadə edə bilməyəcəm. O süjetdə gördüyüm dığaların, axçilərin hər birinin başını "uf" demədən kəsməyə hazıram. Başa düşürəm, insanlıq dışı bir istəkdir, amma biz də insanıq. Mən də insanam və həm də heç də pis adam deyiləm. Dədəmin yurdunda ocaq qalamaq mənim haqqımdır və bu haqq ya tanınacaq, ya da tanıtdıracağıq. Azərbaycan ordusunu ehtiyatda olan zabiti kimi də bu mənim şərəf məsələmdir.

Çox təəssüf edirəm ki, bu gün Azərbaycan kütləvi informasiya vasitələri öz missiyasının öhdəsindən layiqincə və şərəflə gələ bilmədi. Cəbhə bölgəsindəki məscidlərdə əsgər meyitləri yuyularkən Azərbaycan telekanalları bambılılıqla məşğul idi. Normal yayın axışını dayandırmaq, sərhədə ən yaxın nöqtələrdən canlı yayına keçmək əvəzinə mütrif tayfasına quyruq bulatdıraraq gözü yaşaran cəmiyyətdə ikrah doğururdular. Sadəcə, telekanallar deyil, içi biz qarışıq on-line medianın da ipi qırıq çıxdı bu məsələdə. Sap-sağlam əsgərimiz, samuxlu Səftər Məmmədovun foto və mesajlarını şəhid adaşının adından verdik hamımız. Ümumi isterik ovqatda Müdafiə Nazirliyindən də soruşmadıq ki, axı əsgərin sosial şəbəkədə nə işi var?

Telefonla, yaxud başqa bir vasitə ilə sosial şəbəkədə "yatan" əsgəri düşmən niyə də asanlıqla ələ keçirməsin, öldürməsin axı?

Mənim fikrimcə, ən böyük vətənpərvərlik- peşəkarlıqdır. Bu gün hamımız, istisnasız olaraq heç birimiz vətənpərvər deyilik.


Teleqraf.com