Rusiyada azərbaycanlıları niyə öldürürlər?

Babək Göyüş



Azərbaycan müstəqillik qazandıqdan sonra, xüsusilə 1991-92-ci illərdə bir çox azərbaycanlılar dolanışıq tapmaq adıyla Rusiya, Ukrayna, Belarus və Qazaxıstana getdilər. Və gedənlərin də böyük əksəriyyəti sonradan özlərinə öz səviyyə və qabiliyyətlərinə görə biznes qurdular. İndi demək olar ki, həmin ölkələrin bütün subyektlərində varlı azərbaycanlılar var.

Ancaq varlı olmayanlar da az deyil. Hətta elələri də var ki, artıq Azərbaycandan getdiyi 15-20 il ərzində bir dəfə də olsun, evlərinə bir qəpik də pul göndərməyib və bunun qarşılığında Azərbaycanda bir çox ailələr başsız qalıb, qadınlarımız isə uşaqlarını dolandırmaq üçün "pis yola" gediblər. İndi utanmadan demək olar ki, Azərbaycanın hər kənd-qəsəbəsində onlarla belə qəbildən olan ailələr mövcuddur. Bu, işin bir tərəfi...
Əsas dözülməyən və sonucda isə ölüm gətirən məsələ isə azərbaycanlılarımızın o adı çəkilən ölkələrdə öldürülməsidir.

Məlumatlara diqqət yetirsək, görərik ki, öldürülüb sink tabutlarla vətənimizə gətirilən azərbaycanlılarımızı elə özümüzkülər qətlə yetirir. Düzdür, başqa millətlərin "əlindən" ölənlər də az deyil, ancaq inanın ki, bu rəqəm olduqca kiçikdir və dərindən axtaranda belələrinin də ölümündə özümünkülərin "xidməti" danılmazdır.

Bilmirik, bu mövzunu Azərbaycan oxucusu üçün qabartmaq düzgündürmü? Əslində, dünya bir monitorun içində yerləşdiyindən hər hansı bir kriminal hadisəni heç kəsdən gizli saxlamaq olmur və onu həmin an milliyyətindən, irqindən və dinindən asılı olmayaraq, hər kəs sərbəst şəkildə bilgisayarını açıb oxuya bilir. Deməli, Azərbaycan üçün heç də başucalığı gətirməyən bu olayın kökünü arayıb axtarmaq lazımdır.
Necə, hardan başlayaq? Rusiyanı Murmansk şəhərindən ta Saxalin adalarına, Kamçatka yarımadasınadək gəzən bir adam kimi deyə bilərəm ki, bu, indinin məsələsi deyil. Bəlkə də Rusiya ilə yaxından təmasda olan soydaşlarımız məni qınayar ki, bunu niyə indi mətbuata çıxartdırsınız. Xüsusilə Rusiyadakı o qanlı olaylar prezident Boris Yelçinin vaxtında geniş miqyas almışdı. Yalnız Putinin gəlişindən sonra bir növ o qanlı atışmalara ara verildi, ancaq rəsmi Kremlın bütün səylərinə baxmayaraq, belə mənasız ölümlər yenə də baş verir.

İndi isə gəlin o dartışmaları "maddə-maddə" çözələyək. Bu yazını yazanda jurnalist və yazar həmkarım Seymur Baycanın Sankt-Peterburqdan hazırladığı xırda bir reportaj nöqtə vergülünədək yadıma düşdü: "Əslində nə baş verir? Gəlin açıq danışaq, Rusiyada yaşayan azərbaycanlılar özlərini çox pis aparırlar. Yaxşı ki, taciklərə baxıb ruslar bizə şükür edirlər. Yəni rusların fikrincə, taciklərə baxanda biz toya-bayrama getməliyik. İndi Rusiyada təxminən 150 min azərbaycanlı bomj vəziyyətində yaşayır, sırf tüfeyli həyat tərzi keçirir. Yəni gündə beş-üç manat qazanıb ömürlərini bir təhər yola verirlər. Heç geri qayıtmağa yolpulu belə tapmırlar. 15-20 nəfər bir evi kirayələyir. Belə tipajların hesabına rusların ən "axırıncı", qoca-quca qadınları kef edir. Təbii, bu tip azərbaycanlılar Vətənə geri dönəndə tamam başqa şeylər danışırlar və Azərbaycanda onlara inanan sadəlövh adamlar bilirlər ki, belə tipajlarımız evlərində qoyub getdikləri "arvadlarını" o "axırıncı" qadınlardan aşağı tuturlar…".

Bu bomjların bir çoxu xırda-para pullara görə ilk qurbana çevriləndir.

Qayıdaq əsas mövzuya. Rus mətbuatı əslində baş verən bu qətlləri çox şişirdir. Söhbət azərbaycanlıların güllələnməsindən, bıçaqlanmasından gedir. Azərbaycanda isə bilirlər ki, onlar əksər hallarda bir-birlərini öldürürlər. Niyə? Ona görə ki, onların bir çoxu vaxtilə ortaq biznes quranlardır. Pul gələndə isə paxıllıq ucbatından pullarını bölə bilmir və sonucda aralarında konflikt yaranır. Dramatikləşmə bununla tamamlanmır, onlardan biri killer tutub məsələni qan yoluyla həll edir. Sadə və bəsit. "Qurbana" çevrilənlərin ikinci dəstəsi belə yaranır.

Əlbəttə Rusiyada belə ölüm hadisələri təkcə azərbaycanlılar arasında olmur, digər millətlər də bundan yan qaça bilmir. Bu baxımdan Rusiyada 2 milyondan artıq azərbaycanlı yaşayırsa, bu ölüm, qətl hadisələrini Azərbaycanda normal qəbul etməliyik. Məgər digər ölkələrdə ölüm halları baş vermir? Ölən azərbaycanlılarımızın demək olar ki, hamısının tabutu orada yaşayan diasporumuzun köməyilə Bakıya göndərilir. Bu sahədə diasporumuzun həmrəyliyi təqdirəlayiqdir. Heç olmasa, tabut göndərməkdə həmrəyik.

Rus mətbuatı da heç gizlətmədən orada ölən həmyerlilərimiz haqqında belə yazırlar: "Rusiya, sadəcə, avaralardan təmizlənir".

Ölməyə Rusiyaya üz tutan bəzi soydaşlarımız bu "adı" qazanmaq üçün çoxmu əziyyət çəkiblər? Əslində onların heç bir "əziyyətləri" yoxdur. Onları bu yola sövq edən təkcə insanlar deyil, sosial mühit də bu "işdə" az rol oynamayıb.

İndisə belə bir sual verməyin tam zamanı gəlib: "Rusiyada azərbaycanlıları nəyə görə öldürürlər?" Özü də maraqlı bir faktdır ki, ölüm hadisələri ən çox həmyerlilərimizin işlətdikləri kafe və restoranlarda, bir də topdansatış bazalarında baş verir. Az hallarda isə yaşadıqları evlərin giriş qapılarında törədilir. Sonuncu "ölüm yeri" ənənəvi olduğundan onun haqqında geniş danışmaq istəmirik. Digər "ölüm" məkanları isə elə bu günün özündə də yeni qurbanlarını öz ağuşuna alır.

Nəticə kimi isə deyək ki, öz azərbaycanlılarımızın özümünkülər tərəfindən öldürülməsinin bir nömrəli səbəbi paxıllıqdan və lider olmaqdan irəli gəlir. İlahi, biz doğrudanmı belə paxılıq? Və yaxud lider olmaq insana çoxmu pul qazandırır? Hansısa mənada ola bilər, ancaq dünyanın bir nömrəli varlı adamları Slim, Bill Geyts, Abramoviç bu var-dövləti qazanmaq üçün liderlik uğrunda çoxmu mübarizə aparıblar? Belə düşünməzdim. Oxucularımız üçün onu xatırladım ki, Slim atasının ona miras qalan köhnə zirzəmidəki bir ofisdə çalışır. Geyts ali təhsilini yarımçıq qoyaraq dostu Stiv Ballmerlə Microsoftu yaratmazdı. Arzusunu gercəkləşdirmək üçün o, heç vaxt lider olmağa meyl göstərməyib, çünki meyl göstərsəydi, Microsoft kimi bir şirkətin prezidentliyindən ayrılıb həyat yoldaşı Melinda ilə yaratdığı Fondda az təminatlı ailələrə yardım göstərməzdi.

O ki, qaldı azərbaycanlılarımızın liderlik uğrunda apardıqları mübarizəyə. O mübarizə sonluqda çoxlarına ölüm gətirir. Ölümün ardında isə Azərbaycanda bir ailə başsız qalır, valideynlərin dərd-sərininin yükü isə bu ölümdən ağır olur...