IATA: Aİ ekoloji aviasiya yanacağından istifadəyə dair yanaşmanı yenidən nəzərdən keçirməlidir

Avropa İttifaqının (Aİ) aviasiyanın dayanıqlı inkişafı sahəsindəki gündəliyi gözlənilən nəticələri vermir.

Aznews.az xəbər verir ki, bunu Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasının (IATA) Avropa üzrə regional vitse-prezidenti Rafael Şvartsman IATA-nın 82-ci illik ümumi yığıncağı (AGM) və Ümumdünya Hava Nəqliyyatı Sammiti (WATS) çərçivəsində keçirilən mətbuat konfransında deyib.

Onun sözlərinə görə, Aİ-nin hazırkı siyasəti sahənin dekarbonizasiyasında kifayət qədər irəliləyiş təmin etmədən Avropanın aviasiya sektorunun rəqabətqabiliyyətliliyini aşağı salır:

"İki məsələ böyük əhəmiyyət kəsb edir: Avropanın tullantı kvotaları ticarəti sistemi (ETS) ilə qlobal CORSIA mexanizmi arasında qarşılıqlı fəaliyyət, eləcə də "ReFuelEU" təşəbbüsü çərçivəsində ekoloji baxımdan təmiz aviasiya yanacağının (SAF) istehsalı və tətbiqi.

ETS-ə gəldikdə, bizim əsas tələblərimiz sadədir: Avropadaxili reyslər də daxil olmaqla, sistemi qlobal CORSIA mexanizminə uyğunlaşdırmaq, regional tədbirlərin təkrarlanmasından yan keçmək və ETS-dən əldə olunan gəlirlərin böyük hissəsini aviasiyanın dekarbonizasiyasına, ilk növbədə, SAF və yeni texnologiyaların inkişafına yönəltmək".

O qeyd edib ki, "ReFuelEU" təşəbbüsü ekoloji baxımdan "təmiz aviasiya yanacağı"ndan istifadə üzrə məcburi kvotalar tətbiq edib, lakin bu, tədarüklərin gözlənilən artımına gətirib çıxarmayıb:

"Bunun əvəzində aviaşirkətlərin üzərinə əlavə xərclər düşüb: bəzi hallarda SAF-ın qiyməti ənənəvi aviasiya yanacağının qiymətini beş dəfədən çox üstələyir. Bununla yanaşı, tədarüklər məhdud olaraq qalır və qeyri-bərabər paylanır. Aviaşirkətlər SAF-ın istifadəsini yalnız onun fiziki baxımdan əlçatan olduğu yerlərdə nəzərə ala bilirlər ki, bu da rəqabəti məhdudlaşdırır".

IATA-nın vitse-prezidenti əlavə edib ki, bu istiqamətdə problemi "book-and-claim" (bronlama və bəyan etmə) sistemi həll edə bilər:

"Bu, aviaşirkətlərə digər regionlardakı reyslərdə tullantıların azaldılmasını nəzərə almaq imkanını saxlamaqla yanaşı, SAF-ı səmərəli və iqtisadi cəhətdən ən sərfəli olduğu yerlərdə əldə etməyə imkan verə bilər. Bu, daha likvid və rəqabətqabiliyyətli bazarın formalaşmasına, xərclərin azalmasına və SAF istehsalına investisiyaların cəlb edilməsinə töhfə verə bilərdi".