Musa Quliyev: “Qohumların dövlət qəbiristanlıqlarında eyni ərazidə dəfn olunmasına icazə verilməyəcək” Musa Quliyev: “Qohumların dövlət qəbiristanlıqlarında eyni ərazidə dəfn olunmasına icazə verilməyəcək”

“Bütün qəbirlər eyni ölçüdə, başdaşılar eyni materialdan olacaq”

Musa Quliyev: “Qohumların dövlət qəbiristanlıqlarında eyni ərazidə dəfn olunmasına icazə verilməyəcək”



Milli Məclisin Sosial siyasət komitəsinin sədr müavini Musa Quliyev qəbiristanlıqlarla bağlı yeni təkliflər irəli sürüb.

Deputat təkliflər haqda Modern.az saytına açıqlamasında mraqlı məqamlara toxunub. Onun fikrincə, Azərbaycanda qəbiristanlıqlar dövlət və bələdiyyələrin sərəncamında olmalı, dəfnetmə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin müəyyən etdiyi standartlar əsasında həyata keçirilməlidir.

"Azərbaycanda sahibsiz qəbirlər yoxdur, çünki onların sahibi dövlətdir. Həmin qəbirlər ya dövlətin, ya da bələdiyyələrin nəzarətindədir. Onların hamısı bundan sonra da qorunacaq"-deyə millət vəkili təklif edir ki, dövlət və bələdiyyə qəbristanlıqlarında dəfn Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin müəyyən etdiyi standartlar əsasında həyata keçirilməlidir:

"Yəni qəbiristanlıqda Türkiyə və başqa Avropa ölkələrində olduğu kimi, vəfat edənin adı, soyadı, doğum və ölüm tarixi yazılmaq şərtilə mərhuma kiçik başdaşı qoyulmalıdır. Təmizlik və abadlığı da müvafiq qurum həyata keçirməlidir. Amma kimsə qəbristanlıqda bütün yaxınlarının bir ərazidə dəfn olunmasını istəyəcəksə, bu, mümkün olmayacaq. Yer harda veriləcəksə, orda da dəfn ediləcək".

Sosial siyasət komitəsinin sədr müavini bildirib ki, bu təklifləri irəli sürməkdə məqsəd qəbirlərin standart olmasını təmin etməkdir:

"Dövlət qəbiristanlığında bütün qəbirlər eyni ölçüdə, eyni materialdan olmalı, yer ödənişsiz verilməlidir. Qəbiristanlıqların hasarlanması, qorunması, abadlığı və təmizliyini də bələdiyyələr və dövlət qurumları həyata keçirməlidir.

Doğrudur, hazırda dəfn yerləri pulludur, bu danılmazdır. Hazırda alterntiv yoxdur. Kimsə öz yaxının yanında dəfn olunmaq istəyirsə, əlavə rüşvət verir.
Dövlət və bələdiyyə qəbristanlığı yaradılandan sonra bu məsələlər öz həllini tapacaq. Hətta mən təklif etmişəm ki, imkansız şəxslərin dəfn xərclərini də dövlət ödəsin".

Deputatın təkliflərindən biri özəl qəbiristanlıqların yaradılmasından ibarətdir. "Bu təklif ondan ibarətdir ki, əgər kimsə ailə üzvlərinin yanında dəfn edilməsini, başdaşının başqa materialdan olmasını istəyirsə, bunu özəl qəbiristanlıqda edə bilər. Bu zaman ödəniş edib, istədiyi kimi abidə də ucaldar, sərdabə də qoya bilər".