Xalq şairnin anadan olmasının 90 illiyinə həsr olunmuş təntənəli yubiley tədbiri keçiriləcək Xalq şairnin anadan olmasının 90 illiyinə həsr olunmuş təntənəli yubiley tədbiri keçiriləcək

Nəbi Xəzrinin yubileyidir

Xalq şairnin anadan olmasının 90 illiyinə həsr olunmuş təntənəli yubiley tədbiri keçiriləcək



Akademik Milli Dram Teatrında Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə SSRİ və Azərbaycan Respublikasının Dövlət mükafatları laureatı, Xalq şair Nəbi Xəzrinin anadan olmasının 90 illiyinə həsr olunmuş təntənəli yubiley tədbiri keçiriləcək.

AzNews.az xəbər verir ki, tədbir 10 dekabr 2014-cü il tarixdə saat 19:00-da reallaşacaq. Bir çox elm və mədəniyyət xadimlərinin iştirak edəcəyi tədbirdə Nəbi Xəzrinin zəngin həyat yolu, fəaliyyəti və yaradıcılığından söhbət açılacaq, şeirlərisəsləndiriləcək. Habelə, sevilən müğənnilərin ifasında səslənən mahnılar tamaşaçıların zövqünü oxşayacaq.

Qeyd edək ki, altmış ildən artıq ədəbiyyata xidmət etmiş Nəbi Xəzrinin əsərləri mövzu dairəsinin genişliyi və rəngarəngliyi ilə səciyyələnir. Şair "İllər və sahillər", "Ulduz karvanı", "Nəsillər-əsrlər", "Ağ şimşəklər", "Torpaq, sənə and içirəm", "Ömür çinarından yarpaqlar", "Əsrin qanlı laləsi" və başqa kitabların müəllifidir. Ədibin şeir və poemaları dünya xalqlarının dillərinə tərcümə edilərək nəşr olunmuş, onun bədii tərcümələri sayəsində isə Azərbaycan oxucusu dünya poeziyası nümunələri ilə tanış olmaq imkanı əldə edib. Nəbi Xəzri qələminin məhsulu olan dram əsərləri Azərbaycan teatrlarında uğurla tamaşaya qoyulub, müəllifinə dramaturq kimi də şöhrət qazandırıb.

Nəbi Xəzrinin ədəbi və ictimai fəaliyyəti yüksək qiymətləndirilib. O, bir sıra orden və medallara, o cümlədən Azərbaycan Respublikasının ali dövlət təltiflərinə - "Şöhrət" və "İstiqlal" ordenlərinə layiq görülüb.

Babayev Nəbi Ələkbər oğlu (Nəbi Xəzri) — şair, nasir, dramaturq, publisist, tərcüməçi, ssenarist, 1945-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Ümumittifaq Lenin komsomolu mükafatı laureatı (1968), SSRİ dövlət mükafatı laureatı (1973), Azərbaycan dövlət mükafatı laureatı (1982), Azərbaycanın Əməkdar incəsənət xadimi (1979), Azərbaycanın xalq şairi (1984).

Nəbi Xəzri 1924-cü il dekabrın 10-da Bakı şəhəri yaxınlığındakı Xırdalan kəndində tacir ailəsində anadan olub. Atası Kərbəlayi Ələkbər Baba oğlu (1873-1933) kəndin tanınmış tacirlərindən olub. Orta məktəbi bitirib əmək fəaliyyətinə başlayan Nəbi Xəzri 1942–1943-cü illərdə İkinci dünya müharibəsində arxa cəbhədə iştirak edib, ordudan tərxis olunduqdan sonra isə 1943–1945-ci illərdə "Kommunist" qəzeti redaksiyasında korrektor və Azərbaycan radiosunda diktor vəzifələrində çalışıb. 20 yaşlı gənc şairin yaradıcılığı Səməd Vurğunun nəzərindən qaçmır və onu təkidlə 1945-ci ildə Yazıçılar İttifaqına üzvlüyə keçirir. "Çiçəklənən arzular" adlı ilk şerlər kitabı 1950-ci ildə çap olunub. O, 1945–1947-ci illərdə Azərbaycan Dövlət Universitetində, 1947–1949-cu illərdə Leninqrad Dövlət Universitetində, 1949–1952-ci illərdə Maksim Qorki adına Ədəbiyyat İnstitutunda ali təhsil alıb. Dənizi hədsiz sevdiyindən, xəzri küləyinin də insanlara dəniz ətrini bəxş etdiyinə görə 1958-ci ildə "Xəzri" təxəllüsü götürüb. 1952-ci ildə təhsilini başa vuran Nəbi Xəzri 1957-ci ilədək Azərbaycan Yazıçılar İttifaqında məsləhətçi, 1957–1958-ci illərdə "Ədəbiyyat və incəsənət" qəzeti redaksiyasında ədəbi işçi olub. O, 1958–1965-ci illərdə Azərbaycan Yazıçılar İttifaqının katibi, 1965–1971-ci illərdə Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsi sədrinin, 1971–1974-cü illərdə isə Azərbaycan mədəniyyət nazirinin müavini vəzifələrində işləyib. 1974-cü ildən etibarən Azərbaycanın Xarici Ölkələrlə Dostluq və Mədəni Əlaqə Cəmiyyətinin rəyasət heyətinə sədrlik edən Nəbi Xəzri 1992-ci ildən "Azərbaycan Dünyası" Beynəlxalq Əlaqələr Mərkəzi adı altında fəaliyyət göstərən həmin təşkilatın prezidenti olub.

Nəbi Xəzri 2007-ci ilin yanvar ayının 15-də səhər saat 10:45-də kəskin işemik insultdan vəfat edib. Xalq şairi 16 yanvar tarixində 1-ci Fəxri Xiyabanda dəfn edilib.

Nəbi Xəzrinin yaradıcılığı müasir Azərbaycan poeziyasının parlaq səhifələrindən birini təşkil edir. Altmış ildən artıq ədəbiyyata xidmət etmiş şairin əsərləri mövzu dairəsinin genişliyi və rəngarəngliyi ilə səciyyələnir. İnsanın mənəvi aləmini, düşüncə və axtarışlarını yüksək bədiiliklə əks etdirən və bəşəriliklə milliliyi üzvi şəkildə birləşdirən Nəbi Xəzri poeziyası dünya, insan və təbiət haqqında fəlsəfi məzmunu, yüksək humanizmi, böyük vətəndaşlıq qayəsi və milli koloriti sayəsində geniş oxucu kütləsinin rəğbətini qazanıb. Şairin müasirlərimizin, eləcə də tarixi şəxsiyyətlərin həyatından bəhs edən, lirik-epik lövhələrlə zəngin poemaları özünün dərin lirizmi, emosionallığı, orijinal üslubu və obrazlılığı ilə seçilir.

Şair dilimizin poetik imkanlarından ustalıqla bəhrələnərək, poeziyanın gözəl nümunələrini yaratmaqla ədəbi dilimizin inkişafına töhfələr verib. Poeziyasının dilinə xas olan şeriyyət, rəvanlıq və axıcılıq Nəbi Xəzri şeirlərinə bəstəkarların müraciət etmələri üçün zəmin yaradıb. Xalqımızın tanınmış sənət ustalarının repertuarında mühüm yer tutan bu əsərlər Azərbaycan musiqi mədəniyyətinin inciləri sırasına daxil olub.

Nəbi Xəzrinin şeir və poemaları dünya xalqlarının dillərinə tərcümə edilərək nəşr olunmuş, onun bədii tərcümələri sayəsində isə Azərbaycan oxucusu dünya poeziyası nümunələri ilə tanış olmaq imkanı əldə edib. Nəbi Xəzri qələminin məhsulu olan dram əsərləri Azərbaycan teatrlarında uğurla tamaşaya qoyulmuş, müəllifinə dramaturq kimi də şöhrət qazandırıb. Nəbi Xəzri ictimai xadim kimi səmərəli fəaliyyət göstərib, tutduğu bütün vəzifələrdə xalqımızın mədəniyyətinin inkişafı, milli sənət nümunələrinin dünyada tanıdılması naminə qüvvə və bacarığını əsirgəməyib. O, otuz ildən artıq Azərbaycan ədəbiyyatı və incəsənətinin xarici ölkələrdə təbliği istiqamətində təqdirəlayiq xidmətlər göstərib.


AzNews.az