20 ölkənin seysmoloqu Bakıya gəlir

Oktyabrın 8-12-də Azərbaycan Milli Elmlər Akademiyasının Geologiya İnstitutu və Respublika Seysmoloji Xidmət Mərkəzinin birgə təşkilatçılığı ilə Azərbaycanda seysmoloji xidmətin 110 illiyinə həsr olunmuş "Seysmiklik, zəlzələlərin proqnozu, tikililərin zəlzələyə davamlılığı" mövzusunda V Beynəlxalq konfrans keçiriləcək.

RSXM-nin mətbuat xidmətindən AzNews.az-a verilən məlumata görə, konfrans iştirakçılarının Şamaxı rayonuna səfəri də nəzərdə tutulur. Konfransda dünyanın 20-dən artıq ölkəsindən 50-yə yaxın nümayəndənin iştirakı nəzərdə tutulur.

Bu il Azərbaycanda seysmoloji xidmətin yaranmasının 110 ili tamam olur. 1902-ci ildə Şamaxıda baş verən dəhşətli zəlzələdən sonra Nobel qardaşlarının təşəbbüsü ilə Bakıda və Şamaxıda ilkin seysmik stansiyalar qurulub, bununla da Azərbaycan ərazisində instrumental seysmoloji müşahidələrə başlanılıb. Hazırda mərkəz 20-dən artıq xarici ölkənin seysmoloji mərkəzləri ilə əməkdaşlıq edir.

Elnarə Əlosmanqızı
AzNews.az