Xanım teleaparcı “Azadlıq” qəzetini məhkəməyə verir - Açıqlama

“Azərbaycan Televiziya və Radio Verlişləri” QSC-nin (AzTV) keşmiş əməkdaşı, hazırda “Region” TV-nin aparıcısı Sima Çələbi “Azadlıq” qəzetini məhkəməyə verir.



AzNews.az xəbər verir ki, buna səbəb qəzetin 17 aprel 2015-ci il tarixli sayında dərc olunan "AzTV-nin bələdiyyə sevgisi" adlı yazıdır: "Artıq neçənci dəfədir ki, bu qəzet haqqımda məlumatları dəqiqləşdirmədən, müqəddəs ailə dəyərlərinin və şəxsi həyatın toxunulmazlığını nəzərə almadan şərəf və ləyaqətimi təhqir edir, jurnalist kimi işgüzar nüfuzuma xələl gətirir". Aparıcı deyib ki, haqqında yazılanların hamısı yalandır: "Qəti şəkildə bildirirəm ki, "Azadlıq" qəzetində haqqımda yazılanlar tamamilə yalan və uydurmadır. Əvvəla, mənim övladımın 5 yaşı var və mən bu yaxınlarda yenidən ana olmamışam. İkincisi, mən "Lider" TV-də heç bir vaxt katibə işləməmişəm. Həmin kanalda "Yeni Səhər" proqramının aparıcısı kimi günaşırı 3 saat canlı efirdə olmuşam, "Kim, Harada, Necə?" verilişinin aparıcısı kimi çalışmışam. Bununla yanaşı, bildirmək istəyirəm ki, kiminsə katibə işləməsini qəbahət saymıram və qəzetin bu məqamı qabartmasını ölkəmizdə çalışan bütün katibələrin aşağılanması kimi qəbul edirəm".

Jurnalist qeyd edib ki, Azərbaycan Konstitusiyası ölkəmizin hər bir vətəndaşına, o cümlədən də ona bələdiyyə seçkilərində iştirak emək hüququ verir: "Mən də bu hüquqdan isitifadə edərək, Yasamal bələdiyyəsinin üzvü seçilmişəm və ictimai əsaslarla bu fəaliyyətimi davam etdirirəm. Seçki kampaniyasına qatıldığım üçün İTV-dəki vəzifəmdən öz xahişimlə azad olunmuşam. Seçkidən sonra isə "Region" TV-dən daha yüksək əmək haqqı müqabilində iş təklifini qəbul etmişəm. Hazırda televiziyanın "MediaLayn" – yerli internet resurslarımızın inkişaf dinamikasını araşdıran televiziya layihəsinin və "Bu gün" verilişinin aparıcısıyam".

Sima Çələbi `Azadlıq` qəzetindən Mətbuat Şurasına və məhkəməyə şikayət etmək niyyətindidir: "Azadlıq" qəzeti haqqımda yaydığı iyrənc dezinformasiyalara media cameəsinin qarşısında və hüquqi müstəvidə cavab verməli olacaq".

Sözügedən yazıda Sima Çələbiylə bağlı hissəni təqdim edirik:

"AzTV və ITV-nin keçmiş əməkdaşı Sima Çələbi də deyəsən karyerasını bələdiyyə işində davam etdirmək qərarı verib, ilk addımını da atıb. Gənc Sima xanım Yasamal bələdiyyəsinə üzv olub. Səsvermə sırasında 19 nəfərin arasında 4-cü yerdədir. Bələdiyyə sədrliyindən onu cəmi 1740 səs ayrırır. Dövran dəyişməsə, onu da gələn seçkilərdə həll etmək olar. Yasamal icra hakimiyyətinin saytında ötən seçkilərin sonucları barədə göstəricilər dəyişdirilmədiyindən (orda hələ köhnə siyahıdır) ətraflı bilgi ala bilmədik. Öyrəndik ki, 19 üzvün 12 nəfəri təzələrdir. Təzələrdən biri, Sima Çələbinin bu sahədə heç təcrübəsi yoxdir. Bu xanım Lider tv-də katibə işləyib, Mədəniyyət kanalında diktor kimi proqram oxuyub, veriliş aparıb, telejurnalist, idarəçi təcrübəsi olmadan keçmiş baş rejissor Etibar Babayevin kadrı kimi irəli çəkilib, sədr Arif Alışanovun "sevimlisi"nə çevrilib. 2012-ci ildə AzTV-nin Uşaq və Gənclik redaksiyasına baş redaktor təyin edilib. Rəhbərliklə yaxın münasibətlərinə, bir sıra davranışlarına görə bitməyən söz-söhbət yaranıb. AzTV-dəki mənbənin bildirdiyinə görə, sədrin xanımının istəyi ilə Sima Çələbi 2013-cü ildə baş redaktorluqdan uzaqlaşdırılıb. O qədər uzaqlaşdırılıb ki, Ictimai radioya departament rəhbərinin müavini vəzifəsinə göndərilib. AzTV, ya indiki ITV, nə fərq edər ki.
Yeri gəlmişkən, transferdən il yarım keçməsinə baxmayaraq AzTV-nin saytında Sima Çələbinin adı Uşaq də Gənclik redaksiyasının baş redaktoru kimi qalır. Orda belə yazılıb: "Redaksiyanını (bu hərf səhvi bizim deyil - müəl.) baş redaktoru Sima Çələbi, baş rejissoru Səbinə Bağırzadədir".Elə bilirik bu təsadüfi unutqanlıq deyil. Hər necə olsa baş redaktor adı daha hörmətlidir, onunla öyünmək, məğlub olmadığını düşünüb təskinlik tapmaq olar. Baş redktorun maaşı da az deyil. Adı AzTV-də qalsa da, indi Sima xanımın səsi bələdiyyədən gəlir. Deyilənə görə, seçkidə "qazandığı uğur" ona yeni dünyaya gətirdiyi qızına (yenə qız) görə hədiyyə edilib. Kim edib? Adama deyərlər cavabını bildiyin sualı niyə verirsən!"