Zənginlər ölkəsinin 120 min dollarlıq dərdi

Bir neçə gündür mən də daxil olmaqla jurnalist cameəsinin sosial şəbəkələrdə ən çox paylaşdığı mövzu iki azyaşlı övlad anası Gülər Məmmədovanın müalicəsi ilə bağlıdır. Gülər Məmmədova ANS telekanalının xəbərlər xidmətinin baş redaktoru Murad Hüseynovun həyat yoldaşıdır. O, qan xərçəngindən əziyyət çəkir və Türkiyədə müalicəsinə 120 min dollar lazımdır.

Kifayət qədər böyük məbləğdir. Mən Muradı yaxşı tanıyıram, neçə il televiziyada bir yerdə işləmişik. İndi mən ANS Şirkətlər Qrupuna daxil olan başqa şirkətdə çalışıram, o isə elə köhnə yerindədir. Sözümün canı bu deyil. Bilirəm ki, mənim tanıdığım Murad Hüseynov üçün 120 min dollar əlçatmaz rəqəmdir. O da mənim kimi 120 min dolları heç vaxt bir yerdə görməyib yəqin ki. Biz özümüzü bu aydan o biri aya çatdırmağın qayğısına qalan adamlarıq, 120 min dollar hara, biz hara... Amma 120 min dollar hamı üçün əlçatmaz deyil. Özü də Azərbaycanda. Bayaqdan saytların köhnə xəbərlərinə göz gəzdirirəm. Son bir neçə ay ərzində azı 4-5 müğənni və ya aktrisa haqqında "filankəs özünə bahalı maşın aldı" xəbəri ilə qarşılaşdım. Hətta "pişik Günel" kimi tanıdığımız Günel Ələkbərova bu müddət ərzində maşınını bir neçə dəfə dəyişib. Özü də elə-belə maşınlar yox. Birinin pulu ilə Gülər kimi ananı xilas etmək olar. Yəni, bir qadının nicatı olan pul maşın şəklində başqa birisinin altındadır, şəhərin küçələrində şütüyür. Biz isə 120 min dollardan ötrü günlərdir ora-bura vurnuxuruq, Muradı və Güləri tək qoymamağa, onlara dəstək olmağa çalışırıq. Ortada olansa ən son məlumatlara görə 40 min manatdır: 120 000-40 000=80 000. Hələ qabaqda görüləsi çox iş var.

Azərbaycan zənginlər ölkəsidir. Bizdə mahnı oxuya bilməyən, amma cazibədar əndamı olan qadın müğənniyə gözüyumulu yüz minlərlə manat pul xərcləməyə, ona maşınlar, evlər almağa hazır olan "səxavətli" kişilər var. Bəs onlar indi haradadırlar? Niyə görmürük onları? Doğrudanmı bir qadının çılpaq baldırı bir gənc ananın xilasından daha qiymətlidir?

London olimpiadasından sonrakı günləri xatırlayıram. İş adamları Londondan medalla qayıdanları hədiyyə yağmuruna tutmuşdular, onlara nəsə bağışlamaq üçün növbəyə düzülmüşdülər. Çünki ortada reklam olunmaq şansı var idi. İndi o iş adamları da görünmürlər. Çünki reklam şansı yoxdur. Əgər olsaydı, onlar bizdən çox canfəşanlıq edərdilər.

Nə isə... Gülər Məmmədovanın xilası üçün hələ 80 min dollara ehtiyac var. Ümid isə yalnız özümüzə - kasıb jurnalistlərə, onların səsinə səs verən orta statistik azərbaycanlılaradır. İki azyaşlı övlad anasını, illərini Azərbaycan mətbuatına vermiş istedadlı jurnalistin həyat yoldaşını xilas etmək lazımdır. Bir daha hamını bu kampaniyaya qoşulmağa çağırırıq. Allah yardım edənlərdən razı, yardım etmək istəsə də imkanı olmayanlara kömək olsun. İmkanı olan, amma yardım etmək istəməyənlərə isə Allahdan insaf və azacıq vicdan diləməkdən başqa əlimizdən heç nə gəlmir.

Mahir MƏMMƏDLİ
ANSPress.com portalının aparıcı-redaktoru