Sadiq Musa Sadiq Musa

Məndən bizə...

Sadiq Musa



Bu "biz" ki, var, çox qəliz məsələdir bizim üçün. Nədənsə adicə birinci şəxsin təkindən eyni şəxsin cəminə keçə bilmirik. Deyə bilərsiz niyə, axı bunun üçün nə böyük iqtisadi resurs, nə yeni texnologiya nə də ki, kosmik elmi tədqiqatlar mərkəzi açmaq lazımdır? Niyəsini deyim: çünki biz cəmə keçəndə təkin problemləri yaranır. Özümüzdən başqası xoş gəlmədiyindən "mən", yoxsa "biz" dilemmasına ilişib qalırıq, o taya keçə bilmirik.

"Təkdən" cəmə keçə bilsəydik, çox "o taylara" keçərdik, Arazı da keçərik Dunayı da, bəlkə Ayı da. Bu həm də cəm ola bilməməyimizdən irəli gəlir, məncə. Cəmdən isə cəmiyyət yaranır... və s.

Çapı məni aşan mövzulara toxunmaq istəmirəm. Düzü heç mənlik də deyil. Sizə "Mən sindromundan" və mənə bu sindromu aşmağa kimin kömək etdiyindən danışım. 5-ci sinifdə oxuyurdum. Gürcüstandan Bakıya gəlməli idik. Mənə evdən tapşırdılar ki, gedim yalnız qabaq yerləri yazdırım. Sadə, təhsilsiz sürücü mənim israrlarıma belə cavab verdi: "Oğlum, görürsən, bu avtobusu eninə yox, uzununa yaradıblar. Eninə olsaydı, hamınızı oturdardım qabaqda, mənim də canım qurtarardı".

Desəm ki, bu sözün məna dərinliyini həmin an başa düşdüm, yalan olar, amma yadımda olduğu kimi qaldı. Belə yadda saxladım ki, bu nə isə yaxşı bir şey dedi, sonra bunu başa düşməyə çalışaram. Vaxt gəldi düşdüm də. Başa düşdüm ki, hamı "mən" deyib qabaqda otura bilməz. Necə deyərlər, yerini bilməlisən.

Bu hadisəni elə belə xatırlamadım. "Youtube"da avtoşların videosunu seyr edirdim. Cavanların arasında gedən söhbət məni avtoşluqlarından daha çox cəlb etdi. Biri sükan arxasında maşını sürətlə idarə edir, o birisi isə öndəki avtomobilin hansı istiqamətə dönəcəyini ehtimal edib, istiqaməti göstərirdi. Məntiq belə idi- öndəkini qarabaqara izləmək. Haqqına deyim istiqaməti ehtimal edən də, sürücü də işlərinin öhdəsindən səhvsiz gəlirdilər. Ancaq bir amma çıxdı, bu amma da ki, yenə MƏN. İstiqaməti göstərən mən olmasaydım, sürücü mən olmasaydım mübahisəsi başladı. Biz olaraq gördükləri o qədər çətin işin öhdəsindən gəldilər, ancaq "mənlərinin", başqa sözlə- "mənəm- mənəmlərinin" öhdəsindən bir türlü gələ bilmədilər ki, bilmədilər.

Bax ona görə "biz" ola bilmirik ki, ya biz olmamışdan qabaq "mən" ortaya çıxır, ya da biz olduqdan sonra "mənimiz" ortaya çıxır, "bizlikdən" ancaq bir dənə biz qalır. Ki, onunla da başlayırıq bir-birimizi bizləməyə.
Bu sindromun haradan gəldiyini anlamağa çalışdım. Dində bir kök tapa bilmədim. Çünki yeganə və şəriksiz MƏN olan Allah öz kitabında bircə dəfə də "mən yaratdım bu dünyanı, bu insanları" deməyib. "Biz dünyanı yeddi günə yaratdıq" deyib. Bəs buradakı "biz" kimdir, deyə bilərsiz.

Buradakı "biz" dünyanın işində tanrıya yardımçı olan, tanrının özünün yaratdıqları mələklərdir. Deməli, yaradan da öz işini yaratdıqları ilə bölüb, onların payını danmayıb və "cəmə" çevrilib, amma biz bəndələr nədənsə "məndən" qaça bilməmişik. Yəqin şeytan da "mənini" aşa bilmədiyi üçün təklənib. Təklənməyimizi isə heç istəməzdim nə insan kimi, nə dövlət, nə də millət kimi.

Dini qoyum bir kənara. Gələk inteqrasiya etdiyimiz dünyaya. Dünya artıq "biz"i də aşıb bizi də. Dövlətlər, millətlər qovuşub, sərhədlər götürülüb. Artıq qlobal dünyada cümlələr "mənlə" başlamır. Qərbdə cümlələri BMT olaraq, Qərb Birliyi olaraq, Avropa İttifaqı olaraq başlayırlar. Ancaq biz kor tutduğunu buraxmayan kimi "mən" deyib, məndə də durmuşuq. Anlamırıq ki, biz "biz" olmasaq, heç bir şey ola bilməyəcəyik!