Badamdar dairəsinə çatar-çatmaz məni ilk qarşılayan kabab qoxusu oldu. Badamdar dairəsinə çatar-çatmaz məni ilk qarşılayan kabab qoxusu oldu.

Qəbiristanlıqda toy edənlər... - Reportaj (FOTO)

Badamdar dairəsinə çatar-çatmaz məni ilk qarşılayan kabab qoxusu oldu.


Əvvəla ətrafa göz gəzdirdim. Yan-yana düzülmüş restoranlar, manqallardan çıxan tüstü, kabab qoxusu. Restoranların qapılarına baxıram: "Şəki", "Qızıl Qaya", "Qurd Qapısı". "Şəki" restoranı xüsusilə diqqətimi çəkir. Çünki restoranın tam yanındakı qapıya elan asılıb: "BAŞDAŞI SİFARİŞLƏRİ QƏBUL OLUNUR!" Nümunə kimi bir neçə başdaşı şəkli də asılıb. "Qurd Qapısı" restoranının tam qarşısındayam. Burda da vəziyyət fərqli deyil. Cəmi 10 metr qıraqda Mərasim zalı fəaliyyət göstərir. Yolun o biri üzündə isə qərənfillər satılır. 15-20 metr o yanda da qəbiristanlıq var.




İlk iş kimi qəbiristanlığa daxil oluram. Məzarlıq geniş bir ərazini əhatə edir. Məzarlıqdan aşağıda isə maşın bazarı və boş sahə uzanıb gedir. Qapının ağzında bir neçə qadın oturub söhbət edir. Vəsiqəmi göstərirəm, söhbətlərinə ara verirlər. Öyrənirəm ki, müdir burada yoxdur. İçəridən yaşlı bir kişi yaxınlaşır və deyir ki, qəbiristanlıqla bağlı məlumatları ancaq idarədən ala bilərəm. Müdir də orada olur. İndi burada fəhlələrdən, qəbirqazanlardan və molladan başqa heç kim yoxdur. İdarə barədə soruşuram, əlini II Fəxri Xiyaban istiqamətində uzadır.




Qəbiristanlıqda bir çox tanınmış insan dəfn olunub: aktyor Həsənağa Turabov, şair Nüsrət Kəsəmənli, bəstəkar İsmayıl Hacıbəyli, jurnalist Elmar Hüseynov, Səməd Vurğunun qızı Aybəniz Vəkilova, şahmatçı Vüqar Həşimov. İşçilərdən biri yarızarafat, yarıciddi tonda buraları pisləmə deyir.








Məzarlıq və restoranı beton hasar ayırır. Bu vəziyyət təkcə burada hökm sürmür. Həzi Aslanovda, Corat yolu boyu dənizkənarı ərazilərdə məzarlıqlar və restoranlar demək olar ki, iç-içədir. İnsanlar restoranlara xoş vaxt keçirmək, istirahət etmək üçün gəlir. Amma belə bir vəziyyətdə həmin şərait yoxdur. Digər tərəfdən məzarlıq yaxınlığında tikilən bütün iaşə obyektləri gigiyena-epidemioloji cəhətdən də tələblərə cavab vermir. Bu parametri dəfələrlə Sanitar-Epidemiologiya Mərkəzi ilə dəqiqləşdirmək istəsək də, mərkəzdən heç bir cavab ala bilmədik.

Bu məsələyə münasibətlər müxtəlifdir. Millət vəkili Fazil Mustafa ilə əlaqə saxladıq və bu barədə münasibətini öyrəndik: "Mən bu məsələyə pis baxmıram. Çünki dünya təcrübəsində də məzarlıqlar yaxınlığında və ətrafında bu tip obyektlər, hətta akt zalları və s fəaliyyət göstərir. İnsanlar bu məsələyə duyğusal yanaşmamalıdır. Həmin zonalarda bu tip obyektlərin tikilməsində qəribə və narahatedici bir şey yoxdur".

Dinşünas Elşad Miridən İslamda bununla bağlı bir qadağanın olub olmadığını öyrəndik. O, bu məsələnin tamamilə insanların vicdanından asılı bir şey olduğunu qeyd etdi: "Dində bununla bağlı bir qadağa yoxdur. Sadəcə olaraq belə bir anlayış var ki, qəbiristanlıqda namaz qılınmaz. Amma Türkiyə kimi bəzi müsəlman ölkələrində məscidlərin qəbiristanlıq ərazisində tikilməsi məsələsi var. Bu da pəncərədən həmin mənzərəyə baxan insanların Allahı xatırlaması üçündür. Bu gün restoranlara gedənlər müəyyən bir vəsaiti olan və əylənməyə gedən insanlardır. O insanlar qəbiristanlığın yanında əylənə biləcəklərmi? Ora baxanda öz əyləncəsini davam etdirə biləcəklərmi? Məsələyə bu mənada yanaşmaq lazımdır".

Həm millət vəkilinin, həm də dinşünasın açıqlamalarından da görünür ki, cəmiyyətdə bu məsələyə münasibət heç də birmənalı deyil. Bəzi kəsimlər bunu yanlış saysa da, digərləri normal qəbul edir. Dəqiq olan bir şey var ki, insanların istirahət hüququnu onların əlindən almaq olmaz. Bu ərazilərdə obyekt tikən sahibkarlar ya bunu düşünmür, ya da "Xeyirlə Şər qardaşdır" məsəlini həddən artıq ciddiyə alır.

Orxan Cuvarlı
Fotolar : Kamil Əmirli
AzNews.az