Hamı OCAQ başına

Aida Eyvazova




O binaları heç bir turist özüylə aparmadı – Məşəlimiz var olsun!


Yəqin ki, unutmamısınız… Milli kimlik dastanımız "Kitabi Dədə Qorqud"u, onun söylədiyi boyları, bizə gəlib çatan tarixi həqiqətlərimizi… Hamısı kökümüzdən, inancımızdan, mədəniyyətimizdən, tariximizdən xəbər verir. Biz od-ocaq , alov övladlarıyıq. Yaranışdan əvvəlcə oda and içdik, ocaq qoruduq, getdiyimiz, düşdüyümüz yerlərdə ocaq qaladıq, birlik, ailə, toy bayram ocaqları…
Ağlığımızın, dünyəviliyimizin rəmzi olan ağ libaslı, üzü nurlu, danışdığı sözü nurlu Dədədəmiz Qorqud el-banı başına yığanda, 7 tonqal qalayar, ətrafdakı övladları, qonşuları, dost-tanışı bu ocaqların işiğını görüb ətrafına yığışardılar. Sonra toylar şənliklər keçirilərdir. Toyların şənliklərin sahibi o zaman Qazan xan idi. 7 eldən obadan gələn qonaqlarına şənlik çadırlarında ziyafət verər, onlarla elinin-obasının toyunu bayram edərdi.
Bu gün də Azərbaycan toy-bayram həvəsindədir, toy əhval-ruhiyyəsindədir. Dünyanın 22 ölkəsindən, 50 Milli Olimpiya Komitəsindən 6 mindən artıq idmançının oyununa baxmaq üçün 600 mindən artıq turist və tamaşaçı gəlir. Paytaxtımız tər-təzə bəzənib. 12 Gimnastika Arenası, BMX Velopark, Bakı Su İdmanı Mərkəzi, Bakı Atıcılıq Mərkəzi, Olimpiya Stadionu, yeni təlim obyektləri, yeni yaşayış massivləri - hamısı Bakının simasını dəyişib, ona möhtəşəm bir gözəllik, tarixilik gətirib. Qara şəhərimiz dönüb Ağ şəhər olub. Qazan xan çadırlar qurardısa, Azərbaycan Respublikasının prezidenti İlham Əliyev qonaqları qarşılamaq üçün sadaladığım obyektləri tikdirdi. Bu, bir fürsətdir, bu, bir məqamdır.
Nə tez unutdunuz?! Yadınızdan çıxıbmı doğulduğunuz kəndinizin adət ənənəsi?! Süfrənin ən gözəlini gələn qonağınız üçün açardı nənə-babalarınız, yatağın ən təmizi və səliqəslində gələn qonağınız gecələyib. Hətta qonaqlarınız üçün tövlələriniz də var idi. Atalarımızdan qalma bir missal var: "Qonaq evin ağasıdır!".
Dünən Media kəndinə getmişdim. Öyrəndim ki, Azərbaycanda baş tutan I Avropa Oyunları Olimpiyadasını izləmək üçün dünyanın ən mötəbər agentliklərindən 1000-ə qədər jurnalist, TV yayımçıları, fotomüxbirlər gələcəklər. Və yəqin ki, onların çoxu ilk dəfədir ki, Azərbaycanda olacaq. Artıq sayımlı-seçimli dünya agentlikləri France Press, BBC, Al Jazeera, GETTY İMAGES kimi agentliklər komanda şəklində Media kəndində əyləşib, ölkəmizdən reportajlar, fotoşəkillər yayırlar. Bu məqama yetişmək üçün dəridən-qabıqdan çıxan ölkələr olduğu halda, bizdə hərdən ağız büzənlərimiz də olur.
2011-ci ildə Qazaxıstan 7-ci Asiya Qış Olimpiya Oyunlarına ev sahibliyi edirdi. Bu oyunların keçirilməsinə 11 milyard dollar vəsait xərclənmişdi. Arada-bərədə ətrafıma göz gəzdirirdim. Kimsəni etiraz edən, mətbuatda buna qarşı çıxanını görmədim. Qazaxıstanlılar bu oyunların keçirilməsini ölkələri üçün fövqəladə bir məqam hesab edirdilər. O zaman Almatı və Astanada Olimpiya Oyunlarının keçirilməsi üçün tikilən obyektlərin hamısı ölkədə qaldı, gələn qonaqların heç biri bu binaları aparmadı. Və bu gün Qazaxıstan gəncləri gələcəklərinə böyük inamla həmin o idman komplekslərindən istifadə edirlər. Beynəlxalq oyunlarda qazandıqları medallarla Vətənlərinə yeni idman sevincləri gətirirlər.

Yadınıza gəlirmi 2004-cü ilin Afinada keçirilən Olimpiya Oyunları… O oyunların açılış mərasimini bədii rəhbər Dmitris Papaioannou idi. Həmin Dmitris Papaioannou indi I Avropa Olimpiya Oyunlarının Açılış mərasiminin rəhbəridir. Gözləyin , görün necə möhtəşəm bir anlar yaşayacaqsınız. Tarixə yazılacaq bir tamaşa olacaq. Belə möhtəşəm tədbirlərə hazırlaşmaq üçün 5 qitədən 43 fərqli millətin nümayəndələri 422 nəfər olmaqla beynəlxalq Avropa Oyunlarının Əməliyyat Komitəsinində çalışırlar. Onlar öz biliklərini 162 nəfər azərbaycanlıya da öyrədirlər. Yüzlərlə volonter gənclərimiz bu tədbirlərdə yeni biliklərə sahib olurlar. Demək burda da Azərbaycan vətəndaşı qazanır. İndi Azərbaycanda yaranan bu insan resurslarından Beynəlxalq Olimpiya Komitələri gələcəkdə baza kimi istifadə edəcəklər. Ümumilikdə 283 medaldan böyük ehtimalla bizim vətəndaşlarımız da qazanacaqlar. Çünki 15 ilə yaxın bir müddətdə Azərbaycan idmançıları haraya gediblərsə, ölkəmizə medal gətiriblər.
Hə… bu medallar uğrunda oyunlarda iştirak edən ermənilər də mübarizə aparacaqlar. Qoy olsun! Biz Beynəlxalq qanunlara qarşı çıxa bilmərik. Burada əsas məsələ ondan ibarətdir ki, 5-3 nəfər erməni dığası Azərbaycana gəlib, yüksəlişi, gözəllikləri, açdığımız süfrələri görəndə hər halda ürəklərindən bir "ah" keçəcək. Və öz başladıqları müharibənin həqiqətən də doğru olmadığını, öz günahlarını biləcəklər. Dövlətlərinin rəsmi məclislərində bunu etiraf edə bilməsələr də, yaxın ətraflarına, uşaqlarına, dostlarına, qohumlarına pıçıltı ilə bizim haqq olduğumuzu deyəcəklər. Burada gördükləri qonaqpərvərlik, insanlara, qonağa, dosta açılan geniş qollar eşdikləri erməni yalanları faş ediləcək. Budur təbliğat! Budur həqiqət!

Hə… onu da xatırlayım ki, Dədə Qorqud ocağının işiğına, istisinə qızınıb, sonra dal çevirən, yalan satan, məkrli Yalıncaqlarsız, Aruzlarsız deyil dünya. Onlar bu gün də var. Bu gün Vətənimizin bu şənliyinə qara yaxmaq, ondan istifadə edərək Vətənşüvənlik salmaq istəyənlərimiz də var. Onlar Yalıncağın, Aruzun nəslindən, kökündən qalmadırlar. Elin şənliyində də, ağır günündə də bir olmaq, qalanmış ocaq başına yığılmaq lazımdır.

İndi Paytaxtımızda bir işıq, bir məşəl yanır! Ətrafına və işığına dünyanın müxtəlif millətlərindən olan insanlar yığışacaq. Bu gün Azərbaycanda qurulan toy-büsat Dədə Qorquddan bizə yadigardır. Biz qonağı açıq ürəklə qarşılayıb, "Xeyir aparın!" deyə yola salmışıq. Məqamın mübarək, Azərbaycanım!!!