Aliyə Dadaşova Aliyə Dadaşova

“Solidniy” məntiq düsturu

Aliyə Dadaşova



İnsanlarla münasibətdə kəskin ziddiyyətləri də, dəhşət doğmalıqları da hiss edən biriyəm. Tanımadığım birinə "nə yaxşı ki, varsız" da deyə bilənəm, xarici film kimi tərcümə subtitrlərini oxuyub qəzəb içində "nə üçün onlarla bir yerdəyəm" də düşündüyüm də olur. Adama baxır. Amma bir əsas məsələ var. Nələrə dəyər verirsən?

Qarşındakı ilə sənin ümumi, təməl prinsipləri uyğundusa, xırdalıqlara getməmək də olar. Amma birdən adamların məsələlərə yanaşma kriterilərini, yanaşma məntiqlərini görüb şaşırırsan. Bu adamlara bunu - yəni məsələlərə tərs məntiqlə yanaşmağı harada və kim öyrədib?

Belə adamlarla tez-tez rastlaşmışam. Universitet vaxtı bəzi tələbə yoldaşlarımız qadın müəllimələrə bahalı geyiminə, makyajına, hətta rüşvət almaq səviyyəsinə görə dəyər verir, hörmət edirdilər. "Özünə hörmət edən müəllim iki-üç "şirvan"a qiymət yazmaz" deyirdilər. Yəni söhbət rüşvət alıb-almamaqdan yox, məbləğin böyüklüyündən, kiçikliyindən gedirdi. Universitet demişkən, bir müəllimimiz telekanallardan birində televiziya üçün nadir hadisə sayılan kulturoloji bir polemikada iştirak etmişdi. Səhər hamımız o verilişi müzakirə edirdik. Yoldaşlardan biri qalxıb, "filankəs müəllim, sizin oturuşunuz əcaib idi. Bir universitet müəlliminə yaraşmırdı. Mən danışdığınıza qulaq asa bilmədim, fikrim qaldı ki, niyə belə oturmusuz…" dedi. Müəllim fikrə getdi. Sakitcə "otur" dedi və müzakirəni qapadıb, "götürün qələmlərinizi" deyib mühazirə yazdırmağa başladı. Mən o müəlliməni başa düşürdüm.

Sonralar da belələrini çox gördüm, əminəm siz də az qala həftədə bir bu əcaib məntiqli, orijinal yanaşmalara rast gəlirsiz: kinoşünaslıqda oxuyub kinoya "əxlaq" (yəni adamlar geyimdə olmalı və qarşı cinslər təmas etməməlidirlər) gözü ilə baxan, kitabı müəllimə görə oxuyan, adamı puluna görə dəyərləndirən, sevgini başqalarının gözünə soxmaq üçün yaşayan, prezidenti ingiliscəni bildiyinə görə seçən, onlarla, yüzlərlə adamlar… Artıq bu tərs məntiqləri tuta bilirdim. Bu tərs məntiq düsturu əsasən məsələni əsl mahiyyətdən uzaqlaşdıran bir hesablama idi. Nə olsun ki, bilirsən, bəzən yenə də təəccüblənməyə davam edirsən.

Bu yaxınlarda ölkədə hamının bildiyi bir əhvalat baş verdi: rüşvət qalmaqallı videosu ilə deputat xanım və keçmiş universitet rektoru gündəmə gəldi. Telekanallarda, fb-də "qadın və ana olduğu üçün, əclafca şantaja uğradığı üçün" milli-mental-solidar təssübkeşliklə müzakirələrə qoşulanlar oldu. Az qala bütün ailələrdə söhbət getdi. Verilən xəbərin ardınca çevrəmdəki qadınlardan biri dedi: "Hayıf, yaxşı deputat idi. Mən onu bəyənirdim. Çox xanım-xatın qadın idi. Həm də çox zövqlə, "solidniy" geyinirdi".

Adətən belə yanaşmalardan sonra adamın dili-ağzı quruyur. Axı belə "solidniy" məntiqin, yanaşmanın qabağında nə demək olar ki? O müəllimimizin etdiyi kimi: susmaq və qələmlərimizi götürmək…