Heydər Əliyevin kababçısı – Mərhum prezidentlə bağlı maraqlı fakt (FOTO)

Ssenarist- kameraman Mahir Hüseynbəyli AzNews.az-ın əməkdaşına Azərbaycanın eks-prezidenti, mərhum Heydər Əliyevlə bağlı maraqlı əhvalat danışıb.


Ssenaristin dediklərini olduğu kimi təqdim edirik: "Hadisə mərhum prezident Heydər Əliyev Moskvada SSRİ Nazirlər Sovetinin birinci müavini işləyən vaxtlar baş verib. H.Əliyev Baykal-Amur magistralının tikintisinə rəhbərlik edirdi. Tikinti başa çatdığı üçün bir sıra maraqlı tədbir keçirildi. Həmin tədbirlər çərçivəsində də "Azərbaycan Mədəniyyəti Günlər"i təşkil olunmuşdu. Təbii ki, tədbir əsnasında Azərbaycan mətbəxi də təqdim olunmalı idi. Rəhmətlik Heydər Əliyev Moskvanın dövlət nümayəndələri ilə nahar yeməyinə gəldi, bütün milli yeməklərimizlə yanaşı, stola kabab da gətirildi. Ümumi milli liderimiz tikə kababın dadına baxdı və həmin dəqiqə dedi: "Bu, yəhudi balası Boryanın bişirdiyi kababın dadını verir". Tədbirin təşkilatçısı cavab verdi ki, "bəli, cənab Əliyev, bu 10 günlüyə Boryanı gətirmişik". Mən özüm Borya ilə 1994-cü ildə bir məclisdə görüşmüşdüm və bu yaxınlarda biz bir daha görüşdük. Bu əhvalat yadıma düşdü və Sizlərə çatdırmağı özümə borc bildim".

Məlumat üçün bildirək ki, Mahir Hüseynbəyli Azərbaycanın ilk kameramanlarından sayılır. Dəfələrlə Heydər Əliyevin tədbirlərini lentə alıb.

Elnur Eltürk
AzNews.az