Jurnalistlərin Göygöldə bayraq aksiyası - Fotolar

Parlament Jurnalistləri Birliyinin (PJB) bir qrup üzvü 9 noyabr Dövlət Bayrağı Günü münasibətilə Göygöldə səfərdə olublar.


PJB-nin təşəbbüsü və təşkilatçılığı ilə baş tutan səfər zamanı jurnalistlər öncə Göygöl rayonunun mərkəzində yerləşən Bayraq Meydanını ziyarət ediblər.

Daha sonra jurnalistlər cəbhə xəttinin yaxınlığındakı kəndlərə gedərək orada bayraq aksiyası keçiriblər. PJB üzvləri sakinlərə kiçik ölçülü dövlət bayraqları paylayarkən, onlara Azərbaycanın dövlət bayrağının yaranma tarixi və bayrağımızdakı rənglərin mənası barədə suallar ünvanlayıblar.

Maraqlıdır ki, dövlət rəmzimizin yaranma tarixini və bayrağın rəngəlrəinin mənasını bilənlərlə yanaşı, bilməyənlər də çox olub. Onların arasında orta məktəb şagirdləri üstünlük təşkil edib.

Jurnalistlər isə onlara Azərbaycanın üç rəngli, ay ulduzlu bayrağının 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti parlamentinin qərarı ilə yaradıldığını və bayrağın üzərindəki mavi rəngin türkçülüyün, qırmızı rəngin müasiriliyin, yaşıl rəngin isə islamın rəmzi olduğunu çatdırıblar.

Düşmənlə təmas xəttdə yaşayan göygöllülər bildiriblər ki, onlar Azərbaycan bayrağının tezliklə əsgərlərimizin işğaldan azad edəcəyi torpaqlarımızda – Kəlbəcərdə, Laçında, Xankəndində və digər rayonlarımızda dalğalanmasını gözləyirlər.

İki günlük səfərin sonunda PJB üzvləri Göygöl Milli Parkında olub, bayramı orada qeyd ediblər.