Qəzaya düşən tələbələrin səhhəti ilə bağlı – Yeni məlumat

Dünən Bakı-Qazax magistral yolunun Goranboy rayonu ərazisindən keçən hissəsində Azərbaycan Dövlət Aqrar Universitetin tələbələrini daşıyan “Hyundai” markalı avtobusla qəzaya düşən tələbələrin vəziyyəti yaxşıdır.


Bunu AzNews.az-a açıqlamasında Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasının baş həkimi Azad Quliyev deyib. O, bildirib ki, tələbələr qəza zamanı elə də ciddi xəsarətlər almayıb: "Demək olar ki, tələbələrin çox bir hissəsi əzik, sıyrıq və xırda yaralar kimi xəsarətlər almışdı. Bir neçəsində isə balaca çapılmış yaralar var idi. Tələbələrin heç birində nə sınıq, nə də başqa daxili orqanlarda patologiya yox idi. Hər biri komputer tomoqrafiya və digər müayinələrdən keçirildikdən sonra xəstələrin çox hissəsi dünən evə buraxıldı. Bu gün isə xəstaxanada qalan 5 xəstə ambulator müalicəyə buraxılacaq. Tələbələrin həyati təhlükələri yoxdur. Çünki elə də ciddi bir xəsarət almayıblar".

Qeyd edək ki, dünən axşam saatlarında ali təhsil ocağına məxsus "Hyundai" Bakı-Gəncə marşrutu ilə hərəkət edən "Mercedes" markalı avtobus toqquşub. Qəza zamanı "Hyundai"da olan 16 nəfər müxtəlif bədən xəsarətləri alaraq Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasının Travmatologiya şöbəsinə yerləşdiriliblər.

Xatırladaq ki, faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır. Məlumat üçün bildirək ki, Azərbaycan Dövlət Aqrar Universiteti bir müddət əvvəl axşam saatlarında dərsdən çıxan tələblərin mənzil başına çatdırılması üçün bir neçə avtobus ayırıb.

Sevinc YASİNQIZI
AzNews.az