Bu heyvanları öldürənlər böyük qazanc əldə edirmişlər Bu heyvanları öldürənlər böyük qazanc əldə edirmişlər

Sahibsiz heyvanları güllələyən adamların arxasında kim dayanır?- ARAŞDIRMA

Bu heyvanları öldürənlər böyük qazanc əldə edirmişlər



Yollarda maşınların altında qalan, küçələrdə zibillik eşən, insanlar tərəfindən daim daş-qalaq olunan sahibsiz heyvanların sayı-hesabı bilinmir. Bu heyvanlar çox vaxt xəstəlik daşıyıcısı və ya başqa təhlükə mənbəyi kimi qəbul edilir.

Mövzu ilə bağlı araşdırma apararkən əlimizə 2009-cu ilin statistikası düşdü. Və elə bu statistika problemin miqyası barədə adamda hərtərəfli təsəvvür yaratmağa bəs etdi. Təkcə 2009-cu ildə 53 min sahibsiz heyvanı məhv edilib! Kifayət qədər böyük rəqəmdir. Görəsən, sahibsiz heyvanların sayı niyə bu qədər çoxdur?

Bu heyvanları qorumaq və ya cəmiyyəti onlardan qorumaq üçün hansı addımları atmaq lazımdır? Bu məsələləri tənzimləyən qanun varmı? Mütəxəssislər problemin həllini nədə görürlər? Bütün suallara bu sahə ilə məşğul olan insanlar, mütəxəssislərlə cavab tapmağa çalışdıq.

"Baytarlıq Xidməti bunu yerinə yetirə bilmir, çünki... "

Dövlət Baytarlıq Xidmətinin mətbuat katibi Yolçu Xanvəli bildirir ki, ümumilikdə sahibsiz heyvanların statistikası məlum deyil. Onları daim nəzarət altında saxlamaq mümkün olmadığından heyvanların xəstəliklərinə qarşı müalicə tədbirlərinin həyata keçirilməsi də çətindir: "Baytarlıq Xidməti heyvanların müalicə işlərini yerinə yetirə bilmir. Çünki küçə-küçə düşüb sahibsiz iti peyvənd etmək olmur. Biz istərdik ki, ölkəmizdə də heyvanlar üçün sığınacaqlar təşkil edilsin və tərəfimizdən onlar üçün hər hansı işlər görmək mümkün olsun. Avropa ölkələrində sahibsiz heyvanlara ya ayrı-ayrı insanlar sahib durur, ya da xüsusi sığınacaqlara verilir. Ancaq təəssüf ki, bizdə cəmi 1-2 belə sığınacaq var".

Onun sözlərinə görə, sahibsiz heyvanlara qarşı mübarizə tədbirlərini onları gülləməklə aparmaq heç də düzgün deyil: "Avropa Konvensiyası bunu qadağan edir. Onlara hər hansı bir xəstəlik bulaşdıqda və ya insanlara hücum etdikdə, öldürmək son variantdır. O da heyvanları müəyyən yerlərə aparıb keyləşdirici dərmanlarla ölümünü gerçəkləşrimək olar. Həmçinin, heyvanların artımının qarşısını almaq, sonsuzlaşdırmaq üçün tədbirlər görülməlidir".

"Zibilləmə insanlara xasdır, heyvanlara yox"

"Alyans" Canlı Aləmin Mühafizəsi İctimai Birliyinin sədri Mənsurə Rəsulzadə heyvanların, xüsusi ilə də sahibsiz heyvanların mərhəmətə, qayğıya ehtiyacı olduğunu deyir: "Əgər biz hansısa sahədə bir balalayan heyvan görürüksə, bu, tək həmin sahənin yox, orda yaşayan hər bir vətəndaşın problemidir. Əsasən zibilləmə işlərinə diqqət yönəldirik. Bunların hamısı insanlara xasdır, heyvanlara yox. Ancaq insanların səhvinin əziyyətini heyvanlar çəkir. Ətrafın bu qədər zibillənməsi nə heyvanlara xoşdur, nə də ki, bizlərə. Heyvanların ardıcıl, aramsız artmasının qarşısını almağa çalışmalıyıq. Bununçün də həmişə zibillikləri yoxlamada saxlamalıyıq, dişi heyvan görəndə baytara müraciət etməliyik".

Qanunlar heyvanları öldürməyi qadağan edir

Qurum rəhbəri qeyd edir ki, Azərbaycan Respublikası tərəfindən ratifikasiya olunan Avropa Konvensiyasında ev heyvanlarının mühafizəsi ayrica bənd kimi verilib: "Bu konvensiyanın tələblərinə əsasən, hamımız heyvanlara qarşı humanist olmağa borcluyuq. Bu qanunda öldürmək qəti qadağan olunub. Bu barədə beynəlxalq qanunlar bizim daxili qanunları da üstələmiş olur. Bu barədə baytarlıq xidməti dövlət tərəfindən sərəncam alıb. Ona görə də, baytarlar mümkün qədər əhalinin bu barədə müraciətlərinə cavab verməlidirlər ki, heyvanların artım problemi yaranmasın". M. Rəsulzadə qeyd edir ki, heyvanların öldürülməsi ilə vacib olan bir çox funksiyaları yerinə yetirilmir. Bu da başqa problemlərin yaranmasına səbəb olur.

"Bu, ölkəmizdəki sistemsizliyə işarədir"

Heyvanların hüquq müdafiəçisi onu da qeyd etdi ki, şəhər yerlərində heyvanların vəziyyəti daha da acınacaqlıdır: "Heyvanlar maşınların altında qalıb ölürlər. İstər insan əməyi, istər də digər səbəblərdən ağır xəsarət alır və ölümə məhkum olurlar. Bu da bizim cəmiyyətimizə zərər vuran bir amildir. Həmçinin, ölkəmizdə hansısa bir sistemin olmadığına işarə verir. Ölkədə insanlarla yanaşı, heyvanların da qayğısına qalmaq dünya nəzdində bir ölçü, şərtdir. Belə bir məşhur kəlam var ki, bir ölkənin milli-mənəvi inkişafını bilmək istəyirsənsə, oranın heyvanlar aləminə nəzər sal. Belə ki, heyvanlara olan münasibət hər şeyi göstərir".

"Bu, cəmiyyətin savadsızlığından irəli gəlir"

M. Rəsulzadə deyir ki, heyvanlarla mübarizə aparmaq yox, onlara sahib çıxmaq lazımdır: "Quduz adı altında insanları qorxuyla, fobiyayla susdururlar ki, guya onları öldürməsələr, ziyan verərlər. Bu da cəmiyyətimizin bu sahədə savadsızlığından irəli gəlir. İt və ya pişik quduzluğun yayıcısı deyil. Ümumiyyətlə, quduzluğu sübut etmək lazımdır. Bununçün də heyvanı bir həftə bağlı yerdə saxlamaq lazımdır. Əgər quduzluq infeksiyası götürübsə, bir həftə ərzində özündə göstərir. Belə bir şey olsa da, onu öldürmək yox, eftanaziya etmək lazımdır. Quduz olan zaman heyvanın ağzından köpük axır, qan qoxur, işıqdan, sudan qorxur. Gündüz vaxtı işıqda sərbəst gəzən heyvan quduz ola bilməz".

"Dövlətin bundan xəbəri olsa..."

O bildirir ki, heyvanların öldürülməsi ilə məşğul olan 5-6 nəfər var. Onlar da hansısa vasitəylə dövlət departamentinə yol tapıb qazanc əldə etmək istəyirlər: "Onların nə Allahdan qorxuları var, nə də dövlətin qanunlarından. Öz məqsədləri üçün heyvanları öldürürlər. Əgər dövlətin bundan xəbəri olsa, onlar ciddi şəkildə cəzalandırılarlar. Heyvanların qanını töküb, yaşamaq haqqını pozurlar. Digər tərəfdən də insanların narahatlığına səbəb olurlar. Ancaq çoxları heyvandan qorxsalar belə, onun öldürülməsinin əleyhinədirlər. Onlar bu zaman ancaq ərazidən uzaqlaşdırılmasını istəyə bilərlər. Hər kəs belə olmalıdır".

Sevinc Fədai
AzNews.az