Elşad Eyvazlı Elşad Eyvazlı

Azərbaycanı yeyənlər...

Elşad Eyvazlı

Uşaqlıqda mənim üçün ən qorxulu varlıq adamyeyən olub.

Bizim kənddə uşaqları adamyeyənlərlə qorxuzardılar.

Fikrimdə canlandırdığım o adamyeyənlərin fizonomiyası nə quduzlaşmış it, nə canavar, nə ayı, nə də başqa bir vəhşi heyvan idi.

Nəsə o yarıheyvan, yarıadam olan əcinnə idi. İşi, gücü adam yemək idi. İndiki vaxtla desək, hannibal...

Böyüklər deyirdilər ki, adamyeyənlər ancaq uşaqları yeyir, o da uşaq səhv edəndə...

Və sözün həqiqi mənasında uşaq vaxtı üzünü görmədiyim o adamyeyənlərdən it kimi qorxurdum.

O zaman məndə bir fikir hakim kəsilmişdi: Niyə bu adamyeyənlər alma yemir, gilas yemir, kartof yemir, yağ yemir, pendir yemir, konfet yemir..., adam yeyir. Adam əti bu qədərmi şirindi...

Onda sovetlərin hökmranlığı idi, bizim dünyadan nə xəbərimiz olasıydı ki...

Elə bilirdik dünyada quzu qurdla otlayır...

Elə bilirdik dünyanın ən qorxulu məxluqu adamyeyənlərdi, onlar da yalnız uşaq səhv edəndə üzə çıxır.

****

İllər keçdi.

Ermənilər qoca, uşaq, qadın demədən adamlarımızı öldürdülər. Xocalı soyqırımını törətdilər.

Onda uşaqlar adamyeyənlərdən deyil, ermənilərdən qorxmağa başladılar.

Adamyeyənlərdən fərqli olaraq, ermənilər günahı oldu, olmadı qarşılarına çıxan bütün insanları öldürürdülər.

Ermənilər bizim ərazi bütövlüyümüzə əl qoydular.

Müstəqil dövlətimizə ciddi problem yaratdılar.

***

Yenə illər keçdi.

İŞİD deyilən bir şey peyda oldu. Bu İŞİD elə qətliamlar, elə qırğınlar törətdi ki, adamyeyənin də, erməninin də dədəsinə "RƏHMƏT" oxutdurdu.

İŞİDdən sonra daha dünyada hansısa insan faciəsi, hansısa soyqırımı ilə kimisə heyrətləndirmək mümkün deyil.

Ağıla gələn və gəlməyən işgəncə növlərini həyata keçirdilər.

İŞİDdən bütün dünya qorxmağa başladı.

Dünyanı terrorla silkələyir...

Avropanı, Rusiyanı təhdid edir.

Niyə də qorxmasınlar...?

***



Elə bu İŞİD-in zamanında Azərbaycanda daha qorxulu bir qüvvə ortaya çıxdı.

Azərbaycanı yemək istəyənlər...

Bilirsiniz onlar nə yeyib, nə içiblər?

Azərbaycanı yemək, Azərbaycanı içmək istəyiblər.

Müstəqilliyimizi gəmirmək, gələcəyimizi sümürmək istəyiblər.

Mən uşaq vaxtı adamyeyənlərdən necə qorxurdumsa, indi dünya İŞİDdən necə qorxursa, Azərbaycanda böyüklü-kiçikli, hər kəs Azərbaycanı yemək istəyənlərdən ondan da betər qorxur.

İş adamları isə bunların adı gələndə arvad-uşağını, ev-eşiyini, var-dövlətini atıb Afrika cəngəlliklərinə qaçır. Təki bunların əlinə düşməsinlər.
10 il, 20 il sonra dünyaya gələcək uşaqlarımızı şikəst etmək, Dövlətin bel sütunu olan sahibkarları iflic halına gətirmək, Azərbaycanın gələcəyinə yönlənməli olan dövlət vəsaitlərini oğurlayıb ciblərinə qoymaq onların şakəri olub.

Azərbaycanlı Azərbaycanı yeməz.

Azərbaycanlı 10 il, 20 il sonra dünyaya gələcək uşaqlarımızı şikəst etməz, Dövlətin bel sütunu olan sahibkarları iflic halına gətirməz, Azərbaycanın gələcəyinə yönlənməli olan dövlət vəsaitlərini cibinə qoymaz, bunu erməni edər.

Azərbaycanlı Azərbaycanı yeməz. Vallah yeməz. Yeyirsə, demək məsələ başqadır.
Azərbaycanlı Azərbaycanı yeyəni yeyər.

Söhbət MTN-nin keçmiş şefi Eldar Mahmudovun mütəşəkkil dəstəsindən gedir.
Ölkə Prezidentinin bu cinayətkar dəstə ilə bağlı qərarı cəmiyyət tərəfindən birmənalı dəstəklənir.

Buna görə də o boyda cinayətkar dəstə zərərsizləşdirilərkən kimsə cınqırını çıxara bilmir.

Və dövlətin gücünü hər kəs hiss edir.

****

İndi cəmiyyətin bircə arzusu var:

Azərbaycanı yeyənləri əvəzləyənlər özlərindən əvvəlkilərin yolunu davam etdirməsinlər.

Onlar Azərbaycanı yemək istəyənləri yesinlər.

Onlar erməniləri yesinlər...