Bir müddət əvvəl "Azəristiliktəchizat" ASC bəyan etmişdi ki, noyabrın 15-dən etibarən payız-qış mövsümünün başlanması ilə əlaqədar ölkədə yaşayış binalarına və sosial obyektlərə istiliyin verilməsinə başlanacaq. Bir müddət əvvəl "Azəristiliktəchizat" ASC bəyan etmişdi ki, noyabrın 15-dən etibarən payız-qış mövsümünün başlanması ilə əlaqədar ölkədə yaşayış binalarına və sosial obyektlərə istiliyin verilməsinə başlanacaq.

İstilik verilmir, əhali donur - 76 milyon hara xərclənib?

Bir müddət əvvəl "Azəristiliktəchizat" ASC bəyan etmişdi ki, noyabrın 15-dən etibarən payız-qış mövsümünün başlanması ilə əlaqədar ölkədə yaşayış binalarına və sosial obyektlərə istiliyin verilməsinə başlanacaq.


Lakin qurumda sözlərini tutmadılar, bəzi binalara, ümumiyyətlə, istilik verilmədi. Təchizatın olduğu binalarda da istilik 2 gün sonra kəsildi. Artıq bir neçə gündür Bakının yarısında və regionlarda əhali istiliyin olmamasından əziyyət çəkir.

"Azəristiliktəchizat"da problemin "Azəriqaz"dan qaynaqlandığını deyiblər, durumu ASC-nin şirkətə yaranmış borcuna görə qazanxanalara qazın verilməsinin dayandırılması ilə izah ediblər. Dünən Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin üzvü Fuad Muradov da "Azəristiliktəchizat" ASC və "Azəriqaz" İB arasındakı borc qalmaqalı ucbatından əhalinin istiliklə təmin olunmasında yaranmış ciddi sosial məsələyə münasibət bildirib. Deputat iki dövlət qurumu arasında problemin əhaliyə daşınmamasını məqsədəuyğun sayıb.

Yaşadığım binada da keçənilki kimi mövsüm açılışı "şərəfinə" iki gün istilik verildi. Əslində istilik də demək olmaz, isitmə sistemləri bir az ilıq oldu, vəssalam. Bir də inşallah həmişəki kimi mövsümün axırında, havalar istiləşəndə bağlanışını edib, borulara iki gün ilıq su ötürərlər. Mövsüm başlamadan bir qrup sakin üçün mirzəlik edib öz əllərimlə "Azəristiliktəchizat" ASC-nin idarə heyətinin sədri Yaşar Həsənova məktub yazmışam. Sakinlər onlara istilik verilişində problemin olduğu barədə məlumat verir, köhnə xətlərin təmiri ilə bağlı sədrdən xahiş edirdilər. Bir də acizanə yalvarırdılar ki, qazanxanalarda suyu mənzillərə göndərmədən əvvəl bir az da qızdırsınlar. Lakin sonradan onlara ASC-dən xəbər yolladılar ki, "cəmiyyətin heç kimin atasına borcu yoxdur, hər kəs öz problemini özü həll eləsin, xətləri də bazardan alıb təzələsinlər". Bizə də sədrin adından belə bir ismarış gəldi. Evdə hələ də Sovet sistemindən qalan "otopleniye"dir. İstilik sistemini təzələməyin sakinlərin öhdəliyi olduğunu ilk dəfədir eşidirdim. Satınalmalar üzrə apardığım araşdırmalar zamanı "Azəristiliktəchizat" ASC-yə dövlət büdcəsindən ayrılan pullar gözümə sataşmışdı. Xatırladığım qədər onların hesabına görə bütün xətlər yenilənib, bu işlərə büdcədən xeyli də vəsait ayrılıb. "Bizim Yol" qəzeti sözügedən ASC-nin satınalmalarını araşdırıb, görün hansı nəticələr əldə etmişik.

Satınalmalar üzrə Dövlət Agentliyinin müsabiqələrə dair məlumat bazasına əsasən 2010-cu ildə "Azəristiliktəchizat" yaşayış binalarında istilik sistemlərinin əsaslı təmiri üzrə 3 lotda 2,197,460 manatlıq işləri "Azərtranss" MMC-dən satın alıb. 4 lot üzrə 2,036,888 manatlıq işlər "El Plastik" MMC-yə, 6 lot üzrə 587,780 manatlıq işləri "Qrand Dizayn Konstrakşn" MMC-yə gördürüb. Ümumilikdə yaşayış binalarında istilik sistemlərinin əsaslı təmirinə bir ildə 4,824,128 manat dəyərində vəsait sərf olunub, tender 3 şirkət arasında bölünüb. Həmin il sistemdə bütövlükdə 4,967,009 manatın ASC-də tender yolu ilə xərcləndiyi görünür. Mingəçevir, Sumqayıtda da qazanxanaların modernləşdirildiyi yazılır. Həmin il ASC-yə tələb olunan dəftərxana ləvazimatının alınması üçün 28038 manat ("Okean Servis" MMC) vəsait ayrılıb, amma mənim məktubuma cavab yazmağa kağız tapmırlar. Sonrakı illərdə dəftərxanaya nəzərdə tutulan məsrəflər iki dəfə artırılıb. Mən də təbii olaraq düşünürəm ki, bu pullar iddia olunduğu kimi dəftər-qələmə xərclənməyib. 2011-ci ildə bazada yalnız 48627 manat dəyərində G-400,G-1000,G-25 markalı qaz sayğaclarının və qaz tənzimləyicilərinin alınması ("May" MMC) üçün keçirilən tender barədə məlumat var. Görünür, qurumda büdcədən ayrılan vəsaitləri qanunsuz olaraq tenderdən kənar, müqavilə ilə sərf ediblər. Bu, bəzən Agentliyin axtarış sistemində olan problemdən də qaynaqlanır. Bir sözlə, axtarışlarım nəticə vermədi.

Bir illik "fasilə"dən sonra ASC 2012-ci ildə 19,137,692 manatı 74 tenderdə sərf edib. Bu vəsaitin təkcə 17,312,700 manatının yaşayış binaları və sosial obyektlərdə məhəllədaxili istilik xətlərinin əsaslı təmiri, istilik mənbəyinin bərpası və modernləşdirilməsi işlərinin satın alınmasına getdiyi iddia olunur. Həmin işlər üzrə bütün pullar da yalnız bir şirkətə - "HTM Holdinq" MMC-yə verilib. Şirkət bu işləri 11 tenderdə qazanıb, 361,600 manat dəyərində qazanxana, istilik şəbəkəsi, elektrik, nəzarət ölçü cihazları və avtomatika, nəqliyyat təsərrüfatı üzrə zəruri materiallar da adıçəkilən MMC-dən alınıb. Vəsaitin 332,211 manatı həmin işlərin layihələndirilməsinə yönəldilib. 30 tenderi də layihələndirməni həyata keçirən "İstilik Sistemləri və Qurğuları Layihə-Smeta Elmi-Tədqiqat Mərkəzi" MMC "udub". Əsaslı təmir və yenilənməyə bir ildə 17,644,911 manat pul xərclənib, xüsusilə yaşadığım Xətai rayonunda 4 il əvvəl 11 istilik məntəqəsinin qazanxanaya çevirməklə modernləşdirilməsi üçün layihə-smeta sənədləri hazırlanıb, amma bizim xətlər nəyə görəsə hələ də Sovet dövründən miras qalıb. Həmin il qazanxanaların qazlaşdırılmasına da 489,000 manat xərclənib və bu işlər "Araz İstlik Servis Xidmətləri" MMC-yə həvalə olunub. Adıçəkilən şirkət ASC üçün ümumilikdə 894.350 manatlıq işini həll edib. Bir ildə "Azəristiliktəchizat" ASC-nin dəftərxana ləvazimatları 45,300 manat ("Legenda-CO" MMC) tutub. ASC-nin işlərində əsasən adıçəkilən bu dörd şirkət podratçı qismində çıxış edib. Sonuncu "Legenda-CO" MMC-yə də 757,799 manat dəyərində 21 iş tapşırılıb.

2013-cü ildə ASC 105 müsabiqə üzrə 32,774,003 manat xərcləyib. Vəsaitlərin yenə əsas hissəsi - 28,504,260 manatı qazanxanaların quraşdırılması, yaşayış binaları, sosial obyektlərdə istilik mənbəyinin bərpası, xətlərin modernləşməsi, əsaslı təmirinə xərclənib, bu işlərdə podratçı da "HTM Holdinq" MMC, "Qrand Dizayn Konstrakşn" MMC, "Alpina-A" MMC olub. 23,753,000 manat dəyərində iş 18 tenderdə təkbaşına "HTM Holdinq" MMC-yə verilib. Bu işlərin layihə-smetasına da ayrıca vəsaitlərin ayrılması davam edib, onları da yenə "İstilik Sistemləri və Qurğuları Layihə-Smeta Elmi-Tədqiqat Mərkəzi" MMC götürüb. 2013-cü ildən cəmiyyət mebel avadanlıqları, inventar alışını xeyli artırıb. İşçilər üçün də iki dəfə 100 min manat civarında uniforma alınıb. Bu və digər mal-material xərcləri növbəti illərdə də təkrarlanıb. ASC-nin xərclədiyi ən kiçik məbləğ 45 min manatdır, daim iri pullar sərf olunur. Bu dəfə dövriyyəyə "Vest-LTD" MMC, "Uhud" MMC və "Avanqard E.H" MMC də girib, 40-50 min, bəzən 300 manat civarında xeyli sayda "xırda işləri" onlar görüb.

2014-cü ildə ASC-yə büdcədən ayrılan pulların 13,517,373 manatı Satınalmalar Üzrə Dövlət Agentliyinin xəttilə cəmi 60 tenderdə istifadə olunub. Yenə tenderlərdə "HTM Holdinq" liderlik edib. Çox iş alan şirkətlərin sırasına "Vest LTD" MMC də daxil olub. İri məbləğlər əvvəlki illərdə sadalanan istiqamətlərə yönəldilib, paralel olaraq cəmiyyətin "xırda xərcləri" də artıb. Məsələn, geyimə 176,469 manat istifadə olunub.Gələk 2015-ci ilə. Bu ilin 10 ayı ərzində "Azəristiliktəchizat" ASC-də hələlik 51 tender haqqında məlumat var, 5,795,757 manatlıq iş və xidmətlər satın alınma yolu ilə həyata keçirilib. İl başa çatmadığına görə xərclərin artacağı gözlənilir. Hələlik böyük pullar xərclənməyib, rəsmiləşdirmək üçün ilin sonunu gözləyirlər. Ümumilikdə 5 ildə ASC-yə büdcədən ayrılan vəsaitlərin 76,191,834 manatı tenderdə sərf olunub. Deməli, "Azəristiliktəchizat" ASC heç də bu məsələdə yaxasını kənara çəkə bilməz, iddia etdiklərinin əksinə bizə borcları var. Çünki bu quruma bir nazirlikdən qat-qat çox pul ayrılıb. Həm də o vəsaitlər xalqın rifahını yaxşılaşdırmağa sərf olunmalıdır, idarənin inzibati məsrəflərinə yox.

Əslində "Azəriqaz" da borcu tələb etməkdə haqlıdır, "Azəristiliktəchizat" ASC-nin yetərli qədər pulu var, vəsaitləri səmərəli xərcləsəydilər, cəmiyyətə borcunu ödəmiş olardı, indi vətəndaşlar da soyuqda qalmazdılar. Amma problemin vətəndaşlara sirayət etməməli olduğu barədə deputatın fikri də doğrudur. İki şirkətin ortaq probleminin istehlakçıya nə dəxli var? Həm də bu işi vaxtında həll etməliydilər, qış qapını kəsəndə yox. Keçən il də qış boyu biz istilik almadıq, belə çıxır ki, o vaxt da borc söhbətinin "qurbanları" idik. Amma bir zidiyyət var, rəqəmlər "deyir" ki, keçən il cəmiyyət qazlaşma üçün 524,500 manat pul xərcləyib.

Hesab edirəm ki, prokurorluq əməkdaşları "Azəristiliktəchizat" ASC və onun podratçılarına da "baş çəksələr", ictimaiyyət vəziyyətin nə yerdə olduğunu öyrənər. Maliyyə Nazirliyi və Hesablama Palatasında isə həmişəki kimi özlərini heç nədən xəbərləri yoxmuş kimi göstərirlər.

Bizimyol.info