Bambılının yaşı olmur

Ceyhun Musaoğlu


Hələ də danlanırıq. Biz danlanırıq, "Diffomasiya haqqında" qanun kənardan dayanıb gülür. Hətta lağ edir. Biz onu jurnalist həyatımıza daxil olmağa çağırırıq, o bizi ağıllı olmağa. Bizə dəli kimi baxır. Görür ki, çatana mürəkkəb atırıq - ləkələyirik. Anlayır ki, mürəkkəbimizlə başqasını ləkələyərək, qaçıb onun arxasında gizlənmək istəyirik. Tutulmayaq, cəzalanmayaq deyə.

Guya tutulanmı var, guya cəzalananmı var? Hələ "Diffomasiya haqqında" qanun qəbul edilməyib, qələmi silaha çevirmişik, bəs qəbul olunsa, neyləyərik? Böhtan xarakterli cümlələrdən tank düzəldərik, şər saçan sözlərdən təyyarə hazırlayarıq. Onların iştirakı ilə dinc əhalini bombalayarıq.

Hələ də danlanırıq. 140 yaşlı mətbuat gərəkdir özünü 3 yaşlı uşaq kimi aparmasın. Hələ ki, aparırıq. Lap tutaq ki, keçmiş yoxdur. Lap tutaq ki, mətbuatın 25 yaşı var... Məgər 25 uşaq yaşıdır? Razıyam, bambılılığın yaşı olmur. Axı Azərbaycan mətbuatı bambılı deyil. Ənənəsi var, bu ənənənin daşıyıcıları var, rəhmətlik qazanan sələfləri var, alqış eşidən xələfləri var.

Bilirsiz nə var, mən varam - Jurnalist Ceyhun Musaoğlu. İmzamı anamı qoruduğum kimi qoruyuram, balamı sevdiyim kimi sevirəm. İmza insanın özüdür. Yəni özünü qiymətləndirməyən adam varmı? Varsa, ona adam deməyək, sadəcə varlıq deyək. Kol da varlıqdı, kül də.

İmzasına hörmət edən hər bir jurnalistin birinci borcu mətbuatı qorumaqdır. Qəhrəmanı olduğum bir hadisəni qısa yazım. Mehdiabadda yaşayıram, demək olar, oralıyam. Eşitdim ki, bələdiyyə sədri ona telefon açıb dilənən, lap dəqiq yazım - 20 manat istəyən küçə adamını jurnalist adı ilə təqdim edib, "bu jurnalistlər məni bezdirib" kəlməsini orda-burda hara gəldi səpələyir.

İntellektualların toplandığı məclisdəydik, dostlarım internet saytlarının birindən yazımı oxuyurdular. Qürur hissimin bir fazadan ikinci yüksək fazaya keçməsi baş vermədi – qarşısı alındı. Bələdiyyə üzvü salona daxil olub dedi ki, bəs elə indicə jurnalistə 20 manat verib, yola salıblar. Həyatımda bəlkə də ikinci dəfəydi belə pərt olurdum. Birinci tarixi pərtliyi 5 illik hərbi xidmətdən qayıdandan sonra bakalavr diplomu alacağımı eşidəndə yaşamışdım. 1991-ci ildə - magistratura və bakalavr sözünün dillərdə və beyinlərdə olmadığı dövrdə ali məktəbə qəbul olan və taleyin hökmü ilə 5-ilini dağda-dərədə itirən adama vurulan "bakalavr" damğalı pərtlik ruhumu necə əzmişdisə, necə ağrıtmışdısa "indicə jurnalistə 20 manat verib, yola saldıq" cümləsi də hələ də əzilmiş formada qalan ruhumu neştərləmiş oldu.

Oradaca bəyan etdim: bundan sonra bizim şərəfli peşənin adından istifadə edən hər hansı şəxs bələdiyyəyə zəng etsə, ona mənim mobil nömrəmi verin.

Zənglər mənə ünvanlandı. Kimə dedimsə, adımıza xələl gətirməyin, anlayıb qəbul etdilər. Məqsədim bələdiyyəni jurnalistlərdən yox, jurnalistləri bələdiyyələrdən qorumaq idi. Adımıza söz çıxmasın deyə, ölümə də gülə-gülə getməyə hazıram.

Hələ də danlanırıq. Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov qanuna zidd fəaliyyət göstərən, yalan məlumatlar yayan, cəmiyyətdə çaşqınlıq yaradan KİV-lər və jurnalistlər haqqında müvafiq hüquqi ölçü götürüləcəyini bəyan edib.

Mətbuat Şurasının sədri Əflatun Amaşov hər hansı bir şəxs haqqında haradansa eşidilən şayiələri yaymağın, ölkə ictimaiyyətini çaşdırmağın yolverilməz olduğunu bildirib.

İlk dəfə deyil ki, dövlətin və mətbuatın mötəbər şəxsləri bizi danlayırlar. Böyümürük. Bu da növbəti fakt: cəmiyyətin bütün təbəqələrinin şəxsiyyətini və fəaliyyətini hörmətlə qarşıladığı dəyərli düşüncə adamı - Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, millət vəkili Azay Quliyevin özü və rəhbərlik etdiyi Şura barədə iyrənc xarakterli cümlələr yayılıb. Kamil Nəzərov adlı birinin e-mail ünvanından paylaşılıb. Bu adam kimdir? Varmı, yoxmu, bunu araşdırmadan həmin cümlələri tirajlayanlar tapılıb. Hər hansı fikri dəqiqləşdirmədən yaymaq Cəhrə nənənin işidir. Sonra desin: "Nəyimə lazımdır, kim kiminlə cikkildəşir...".

Jurnalist Ekspert Mərkəzinin rəhbəriyəm. Şura JEM-in layihələrinə bir neçə dəfə maliyyə dəstəyi verib. Cəhrə nənə küçədə qarşısına çıxan adamlara deyir ki, bəs, nəşrlərin xüsusi nəşriyyatda həyata keçirilməsi QHT rəhbərlərindən tələb olunur. JEM-in 2014-cü ildə "Azərbaycanın istedadlı yazarlarını dünyaya tanıdaq" adlı layihəsi çərçivəsində hazırladığı ingilis dilində kitabın nəşr olunduğu nəşriyyatı özüm seçdim. Bu, Cəhrə arvadın dediyi nəşriyyat deyildi. Layihə nəticəsinə görə, Fəxri fərman da aldı. Cəhrə arvadın məntiqi ilə düşünsək, kitabı Şura ilə əməkdaşlıq edən mətbəədə nəşr etmədiyim üçün iqnorla qarşılaşmalıydım. Əksi oldu ki... 400-dən çox təşkilatın içərisində 30-a yaxın təşkilat Fəxri fərman aldı, aralarında JEM də vardı. Etirafımı da oxuyun: Şuranın əməkdaşlıq etdiyi nəşriyyatda çıxan kitablar, JEM-in əməkdaşlıq etdiyi nəşriyyatda nəşr olunan kitabdan çox-çox keyfiyyətlidir. Bunun fərqinə sonra vardım.

Cəhrə arvad QHT-lərə ayrılan qrantların məbləğindən kəsildiyini goplayır. Xahiş edirəm, kimin qalib layihəsinə ayrılan pulu kəsilibsə, adını çəkməyəcəm, mənə məlumat versin. Bilim ki, bu yazıda vicdanımın səsi məni aldadıb, ya yox.

Şuranın katibliyində təmsil olunanları seçən zövqə və bu insanları yetişdirən valideynə, mühitə tez-tez alqış deyirəm. Xanım müəllimənin adını xüsusi çəkim. Təsviri hesabatdakı izahların dolğunluğunun hərf səhvlərinə qədər düzəlməsini tələb edən Xanım müəllimədən layihənin icrasına diqqətlə yanaşmağı, nəticəli fəaliyyət göstərməyi öyrənən tək JEM olmayıb. Qalib QHT-ləri qarşılamaq, yola salmaq, fəaliyyətlərini bütün hüquqi və mənəvi tələblər çərçivəsində yoxlamaq, icarçılara təlimlər keçmək, əsrarəngiz münasibət fonunda ruhumuza gözəl musiqi səviyyəsində təsir edir. Onlarla ünsiyyətdən sonra layihəni daha yaxşı icra etməyə, seçilməyə çalışırsan.

QHT Şurası və "ASAN xidmət" cəmiyyətimizin ən böyük uğurudur. Şura bizi yad qüvvələrin asılılığından qurtardı, ziyanlı sifarişlər yerinə yetirməyin nəsillərə zərbə olduğunu fəaliyyəti ilə göstərdi. "ASAN" insanlara rahatlıq gətirdi. Vətənə dövlətin dəstəyi ilə rahatlıqla xidmət göstərmək. Bu missiyanı anlamayanlar ya Məhərrəm Əlizadənin yaratdığı Cəhrə, ya da Kafkanın Zamzamıdır. Biri tülkü xislətlidir, o biri həşərat.

Özümüzü elə aparaq ki, danlanmayaq!