Vüqar Əbdülov: “Mən meyxanaçıların səviyyəsizliyinə dözə bilməyib, bu sənətdən ayrılıram” Vüqar Əbdülov: “Mən meyxanaçıların səviyyəsizliyinə dözə bilməyib, bu sənətdən ayrılıram”

“Meyxanaçılar mədəniyyətsiz insanlardır” -QALMAQAL

Vüqar Əbdülov: “Mən meyxanaçıların səviyyəsizliyinə dözə bilməyib, bu sənətdən ayrılıram”



Meyxanaçı Vüqar Əbdülovun AzNews.az-a müsahibəsi

- Bakı Estrada Teatrı yaranandan deyişmə meydanlarında yoxsunuz...

- Mən meyxanadan ayrılıram. Düzdür, hərdən meyxana layihələri edəcəm. Çünki bu elə bir xəstəlikdir ki, birdən-birə qurtarmaq mümkün deyil. Bütün gücümü isə öz sənətimə-aktyorluq peşəmə verəcəm.

- Deyirsiniz ki, aktyorsunuz, amma xalq sizi meyxana ifaçısı kimi tanıdı. Sənətinizdən niyə ayrıldınız?

- Əslində mən meyxanadan deyil, onun bazarından ayrıldım. Qəfildən bu bazarda meyxanaçılar çoxaldı. Çox çalışdım ki, bazarın daimi sakinlərini başıma yığım və meyxana sənətini hansısa bir səviyyəyə çıxarım. İstədim ki, meyxanaya bir səhnə həyatı bağışlayaq. Amma mümkün olmadı. Yetişən nəslin arasında yaxşı meyxana demək qabiliyyəti olanlar vardı. Təəssüf ki, onlar səhnədən, savaddan, mədəniyyətdən uzaq insanlardı. Yəni onlar sözün, məclisin ucuzuna qaçan uşaqlardı. Nə etdimsə onları heç cür ram eləmək mümkün olmadı. Meyxanaçıların nə oxumağa, nə də öyrənməyə həvəsləri var. Məşqə gəlməyə belə həvəsləri yoxdur. Bütün günü yatırlar. Axşam saat 6-da yuxudan duran adamdan nə gözləmək olar? Meyxanaçılar gecə həyatı yaşayırlar.

Camaat işə gedəndə meyxanaçılar yatır, gələndə isə yuxudan qalxır. Onlar ciddi sənətlə məşğul ola bilmirlər. Ancaq o toydan bu toya, bu rayondan o rayona qaçırlar. Gün keçirib pul qazanırlar. Mən bu səviyyədə yaşamaq istəmirəm. Çünki ona 500 manat pul verən tamaşaçı məcburdur ki, mənə də o qədər pul versin. Mənim bu sənətdə işim göz qarşısındadır. Bunlar nə edib? Heç bir şey. Amma 500 manatlıq səviyyədə biz bəzən bərabərləşirik. Afaq xanım başda olmaqla sayılıb-seçilən aktyorlarımız məni danlayır ki, səninki onlarla tutmaz. Bir az da yaş öz işini görür. İstəmirəm ki, qalan ömrümü ucuz, lağ-lağı məclislərində keçirəm. Bəzən tamam içki məclisinə yığışırsan, səliqəsiz bir yerdə oturmağa məcbur olursan. Dəvət edənin üzündən keçə bilmirsən. Orada siqaret çəkilir, içki içilir, nalayiq ifadələr işlədilir. Səviyyə etibarı ilə o məclislər məni qane etmir. Mən meyxanadan buna görə ayrıldım. Əfsuslar olsun ki, onların birini özümlə götürə bilmədim. Bu gün isə mən təkəm, meyxana dostlarımın heç birisi mənə yaxınlaşmadı. "Toy nazı" tamaşasında bunların 4-ü bir yerə yığdıq, hərəsi bir yana dağıldı. Dedilər ki, bizə belə işləmək sərf etmir. Mən buna görə meyxana sənətindən qaçıram. Xüsusi dəvətlərim olur, onlarla məşğulam, deyişmə meydanlarına, lağ-lağı məkanlarına getmirəm.

- Səhv etmirəmsə, Meyxanaçılar İttifaqı yaradılmışdı. Onun axırı nə oldu?

- Bəli, yaratdıq. Əslində adı olan, özü olmayan ittifaq.

- Necə yəni, adı olan özü olmayan ittifaq?

- Bir ittifaqın ki, səsi gəlmir deməli, belə bir qurum yoxdur. Çünki o ittifaq fəaliyyət göstərmir.

- Bəs, o zaman bu ittifaq niyə yarandı?

- Bu Qorxmaz Əlilinin təşəbbüsü idi. Həmin vaxt "Yeni Meyxana" qəzeti də çıxırdı. Bu sənət gündəmdə idi, meyxanaçılar arasında müəyyən canlanma hiss olunurdu. Amma mən bilirdim bunlar hamısı müvəqqətidir. Mən ittifaqın birinci iclasında Qorxmaza dedim ki, əziyyət çəkmə, bu, mümkün olmayacaq. Biz bir yerə danışdığımz vaxtda yığışa bilmiriksə, hansı ittifaqdan danışa bilərik? İttifaq birləşməkdir. Bir nəfər toy edir ora 200 nəfəri yığır. Amma mən onları bir yerə yığa bilmirəm. Neçə ildir ki, Novruz bayramı dövlət tədbiri kimi qeyd olunur. Meyxana sənəti də həmin bayramda yer alıb. Təsəvvür edin ki, mən saat 7-də 6-8 nəfər meyxana deyəni Qoşa-Qala qapısının ağzına yığa bilmirəm. Çünki meyxanaçıların hamısı evinə səhərə yaxın gedir. Gələndə də birinin üzü tüklü, birinin ağzından içki qoxur, biri yıxılır, biri ayaq üstə dayana bilmir. Bunlar dövlət tədbirində mənə nə verəcək?

- Bəlkə ittifaqa sədr seçimi düz aparılmayıb?

- Ağasəlim Çıldaq dirilib gəlsə, yenə də mümkün deyil. Bunlar onun məsuliyyətini hiss edə bilmirlər. Ucuz şou, ucuz hay-küyün arxasınca qaçırlar.

- Samirə ilə Oqtayın "əl-ələ" verməsi meyxananı tamamilə şoulaşdırdı... Razısınız?

- Bəli, hələ müsabiqələrin özü də. Meyxana ifaçıları efir imkanından istifadə etdilər. Onlara imkan verildi ki, özlərini tanıtdırsınlar, sənəti inkişaf etdirsinlər, bunlar isə çıxıb hansısa dükan sahibinə minnətdarlıqdan başqa bir çey etmədilər. Nədir-nədir ki, həmin adamlar sms göndərəcək. Çox ucuzlaşdırdılar özlərini də meyxananı da. Elə buna görə də telekanallar bunları efirə dəvət etdiyinə peşman olur. Meyxanaçılar efirdə adi müsahibə verə bilmirlər. Bəziləri heç latın qrafikasını bilmir, ümumiyyətlə, yazı yaza bilməyənlər də az deyil. Onların heç birisinin it dəftərində adı yoxdu. Bunlar bütün gücünü telefonla çəkilən 7-8 dəqiqəlik deyişmələrə veriblər. Düzdür, təəssüf ki, bu balaca deyişmənin ətrafında böyük ordu və kütlə var. Amma biz kütləyə görə işləməməliyik.

- Seyx Əbdül meyxananı YUNESKO-ya çıxarmaq üçün özünü həlak elədi. Etiraf edək ki, bu gün Şeyx Əbdül də ortada yoxdur...

-Yoxdur.

-Niyə?

- Alınmadı. Bacarmadılar. Seyx Əbdül dəvət elədiyi yerlərə və mərtəbəyə gəlmək üçün mədəniyyət lazımdır. O da bunlarda yoxdur.

- Amma meyxana Rusiyada səs-küyə səbəb oldu?

- Boş şeydir. Malım mal olmasın, bazarım bazar olsun. Bütün meyxanaları bir yerə toplasaq, orada oxumağa bir şey yoxdur. Səviyyəsiz, məntiqsiz cümlələr yığınıdır. Rusun söyüşünü götürdülər, Rusiya rəhbərlərinə qarşı siyasiləşdirdilər. Bizim dilimizdə mənasız bir şeydir. Dəvət olunubsunuz, canınız çıxsın işləyin, yaxşı bir şey təqdim edin. O vaxt Namiq Qaraçuxurlu "Rəvayət" demişdi. Bizim onunla münasibətimiz də bunun üstündə dəydi. Namiq 3 ildir ki, o meyxananı deyirdi. O vaxtlar Namiq bu uşaqlar kimi üstünə, səliqəsinə baxmırdı. Klip çıxan kimi böyük partlayışa səbəb oldu. Biz çaşıb qaldıq ki, axı bu Namiq neyləyib? Namiqə halal olsun ki, o, zirvəyə qalxdı və işlədi. Mən Namiqi qınamıram, o, da bunlara qoşula bilmir. Onları bir məclisə aparırsan, deyirsən ki, qardaş bu qafiyəni tut, özünü səviyyəli apar. Nə qədər edirsənsə yenə də toyxana səviyyəsidir. "Gözəl Azərbaycanımız var" deyirik, iki üç bənddən sonra söz tükənir. Deyir "bağımızda badımcanımız var bizim". Bu axı qafiyə deyil.

Bahar Rüstəmli
FOTO - Mahir Hüseynbəyli
AzNews.az
image description image description image description image description image description image description image description image description