Neftçilərin axtarışları davam etdirilir

“Günəşli” yatağının 10-cu platformasında baş verən qəza zamanı itkin düşən neftçilərin axtarışları davam etdirilir.



Bu barədə AzNews.az-a "Azneft" İstehsalat Birliyindən (İB) məlumat verilib. Qurumdan bildirilib ki, hazırda Dövlət Sərhəd Xidmətinin 3 gəmisi axtarışlar aparır. Birlikdən o da qeyd olunub ki, "Günəşli" yatağında davam edən yanğının söndürülməsi ilə hazırda 2 gəmi məşğuldur: "Fövqəladə Hallar Nazirliyinin 1 gəmisi isə gözləmə mövqeyindədir. Həmin gəmi digər 2 gəmini su ilə təmin edir".

Fövqəladə Hallar Nazirliyindən (FHN) verilən məlumata görə isə, hazırda nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin "Vixr-8" yanğınsöndürmə gəmisi hadisə yerindədir. Həmçinin Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidməti və Dövlət Sularda Xilasetmə Xidmətinin qüvvələri itkin düşənlərin axtarış işlərini həyata keçirir.

Qeyd edək ki, dekabrın 4-də saat 17:40 radələrində güclü tufan nəticəsində "Günəşli" yatağındakı 10 saylı dərin dəniz özülündə yüksək atmosfer təzyiqi ilə işləyən sualtı qaz xəttinin dayaq borusu qırılıb, boru kəməri zədələnib və yanğın baş verib. Xilasetmə əməliyyatı nəticəsində 33 nəfər xilas edilib, 10 nəfərin isə isə cəsədi tapılıb.

Sevinc YASİNQIZI