Həyat yoldaşı qonşunun oğlunun hərbi xidmətə yola salınması ilə bağlı keçirilən ziyafətə yollanmışdı. Həyat yoldaşı qonşunun oğlunun hərbi xidmətə yola salınması ilə bağlı keçirilən ziyafətə yollanmışdı.

Əsgər məktubu

Həyat yoldaşı qonşunun oğlunun hərbi xidmətə yola salınması ilə bağlı keçirilən ziyafətə yollanmışdı.



O da həyətdəki bütün işlərini görmüş, evi səliqə-sahmana salmış və yenicə yerinə uzanaraq bir az dincəlmək istəyirdi (Bu kənddə gənclərin əsgər yaşının çatması hər kəsdə sevinc yaradırdı. İnsanlar hərbi xidmətə bir hünər, igidlik, mərdlik məktəbi, müqəddəs borc kimi yanaşırdılar. Hər kəs övladını əsgər göndərəndə böyük qürur hissi keçirirdi. Bununla valideynlər özlərinin Vətən qarşısında borclarını vermiş hesab edirdilər. Bu unudulmaz gündə övladını hərbi xidmətə yola salan hər bir ailə böyük şənlik məclisi təşkil edər, gecə saatlarına qədər deyib-gülər, əylənərdilər). Təzəcə gözlərini yummuşdu, hər zamankı yuxunu görürdü. Yeganə övladı yenə də onun yuxusuna girmişdi. Yuxudakı şirin anları qapının zəngi pozdu. Durub qapını açdı. Kəndin poçtalyonu döyüş bölgəsində Vətən keşiyində dayanan, gözünün ağı-qarası, gələcəyə ümidi olan övladından məktub gətirmişdi. Bir anda yuxuda olmadığı qədər xoşbəxt oldu. "Salam Ana, bilirsən də iki aydan sonra xidmətim başa çatır, amma inan ki, buradakı yoldaşlarımı yalnız buraxmaq heç istəmirəm. Öz ailəmiz atam, sən və məndən ibarət olsa da, burada daha böyük bir ailəmiz var. Ana, sən mənə uşaq vaxtı aşıladığın kimi burada hər birimiz birinci anası olan Vətənimiz üçün canından keçməyə hazırıq. Ali Baş Komandanımızın bir əmri kifayətdir ki, biz canımız, qanımız bahasına doğma torpaqlarımızı yağı düşməndən azad edək".


Bu cümlələr ananın ürəyinə sanki məlhəm oldu. Evə bir sevinc gəldi. Sanki divarlar da sevincdən gülümsünürdü. O artıq əmin idi ki, öz analıq borcunu yerinə yetirərtək, Vətən üçün layiqli övlad böyüdüb. Ana Vətən üçün canından keçməyə hazır övlad tərbiyə etdiyinə görə yerə-göyə sığmırdı. Onun bu sevincinə evə daxil olan həyat yoldaşı, Qarabağ müharibəsi veteranı, döyüşlər zamanı göstərdiyi igidliyə görə medal alan Mübariz də qoşuldu. Onlar övladları Poladın dünyaya gəlişindən bu günədək bütün xatirələri bir-bir vərəqlədilər...

Ali təhsilli övladının təhsilini davam etdirmək arzusu ordu sıralarına getdikdən sonra dəyişmişdi. O, artıq zabit kursuna yazıldığını və yaxınlarda leytenant rütbəsi alacağını da məktubunda yazmışdı. Valideynlərin övladlarına göndərdikləri cavab məktubunda yer alan bu cümlələr isə bir hərbçi üçün əsl stimul idi: "Polad, atan və mən sənin timsalında bütün ordumuzla fəxr edirik. Biz məhz sizin kimi övladların sayəsində müstəqil olmuş, torpaqlarımızın tamamının zəbt edilməsinin qarşısını almışıq. Yaxşı ki, Vətənimiz, müstəqil dövlətimiz və ərazi bütövlüyümüz üçün canından keçməyə hazır olan sizin kimi övladlarımız var. Yaxşı ki, canımızdan keçmək üçün Vətənimiz, müstəqil dövlətimiz var. Bizdən böyük xalqlar var ki, müstəqil dövlətləri, canından keçmək istədikləri Vətənləri yoxdu. Ordumuzun sıralarında qalmaq arzun bizi çox sevindirdi. İnşallah komandir kimi, torpaqlarımızın düşməndən azad edilməsində böyük xidmətlərin olar, Milli qəhrəman adına qədər yüksələrsən…"

Aqil