Onsuz da indiki dövrdə demək olar ki, pul yoxdursa, sevgi də olmur. Onsuz da indiki dövrdə demək olar ki, pul yoxdursa, sevgi də olmur.

Sevgililər gününü qeyd edirsinizmi? - Müzakirə

Onsuz da indiki dövrdə demək olar ki, pul yoxdursa, sevgi də olmur.

14 fevral tarixi demək olar ki, bütün dünyada sevgililər günü kimi qeyd olunur. Sevib sevilənlər bu gün bir-birlərinə hədiyyələr alır, müxtəlif sürprizlər edirlər. Sevgililər gününü qeyd edənlər kimi bu günün keçirilməsinə qarşı çıxan insanlar da az deyil.

AzNews.az sosial şəbəkə istifadəçilərinə “Sevgililər gününü qeyd edirsinizmi?” sualını ünvanlayıb.

Həmin cavabları təqdim edirik.

Əvəz Qurbanlı:

"Sevənlər üçün hər gün sevgililər günüdür. Ona görə də ilin yalnız 365 günündən birini sevgi üçün ayırmaq, əslində, sevgiyə çox az dəyər verməkdir. Sevgi - kainatda varlığın əsas təminatçısıdır. Bu, elə bir məxsusi hiss və yaşantıdır ki, onun üçün ayrıca vaxt ayırmaq bir az qəribə səslənir. Sevgi, öz vaxtını özü ayırır. 14 fevral tarixinə gəldikdə, bu günü xüsusi qeyd edib-etməmək hər kəsin öz seçimidir. Amma kor-koranə, yad mədəniyyətlərin diqtə etdiyi hər şeyi incələmədən qəbul etmək də yanlışdır. "Valentin günü" kimi tanınan bu tarixi xüsusi qeyd etmək istəyənlər, gərək həmin günün tarixçəsini bilsinlər. Ondan sonra qeyd edib-etməmək haqda qərar versinlər".

Firəngiz Mabudova:

"Sevgililər gününü bu gün keçirməyi qəbul etmirəm. Keçmişdə bir nağıl yaranıb deyə insanların hamısı eyni gündə sevgililər gününü qeyd edir. Sevginin günü cütlüklərə aid olan bir tarix olmalıdır, 14 fevral yox".

Camal Əli:

"Günlərə xüsusi bir anlam yükləmək çox gözəldir, əslində bütün günlərin xüsusi bir anlamı olsa daha gözəl olar. Sevginin günü yoxdur kimi söhbətlər bu gün ediləcək söhbətlər deyil. Bu məntiqlə yanaşsaq gərək dünyadakı bir çox bayram günü ləğv olunsun. Ona görə də, məncə sevgililər gününün xüsusi qeyd olunması normal bir haldır. Kim sevgililər günü kimi qeyd eləmirsə, dünya çiçəklər günü kimi də qeyd edə bilər".

Sevinc Şabanova:

"Əslində sevginin günü olmur, hər gün sevilmək gözəldir. Amma qeyd olunsun, bəlkə bəylər bir az diqqətli olarlar".

Ellada Həsənova:

"Sevgililər gününü 14 fevralda etməyi qəbul edirəm. Çünki bu tarixə öyrəşmişik. Həm də bu gün mənim ad günümdür, ona görə özəl olmağını sevirəm".

Elvin Camalov:

"Sevgililər gününün nəinki bu gün, heç başqa günlər də keçirilməsinin tərəfdarı deyiləm. Sevginin günü olmur. Sevdiyin insana qarşı diqqət göstərmək üçün yalnız xüsusi bir gün gözləmək sevməkdən əziyyət çəkən insanlara uyğun gələr. Xoş söz demək, birlikdə gözəl zaman keçirmək, içindən gələn bir şeyi hədiyyə etmək üçün hansısa zamanı gözləmək və bunu yalnız bir gün etmək həm öz sevginə hörmətsizlikdir, həm də əks cinsə qarşı diqqətsizlikdir. Həqiqətən sevirsənsə, hər gününü gözəl etməlisən. Bu təkcə qarşı tərəfə edilən bir diqqət deyil. Elə insanın özündə də xoş təəssürat yaradır. Bir günlə sevgi aşılanmaz. Sevgi aşılamaq üçün insanın lap az yaşlarından başlamaq lazımdır. Sevildiyini hiss etmək üçün 14 fevralı yox, həqiqətən sevən insanı tapmaq lazımdır".

Leyla Rəhimli:

"Bu, dünya miqyasında qeyd olunan bir bayramdır. Yəni sevgililərə özəl bir gündür. Bəziləri düşünür ki, lazımsızdır. Məncə, sevgilinizlə baş-başa, maraqlı vaxt keçirmək üçün yaxşı bəhanədir".

Toğrul Bayramlı:

"Əgər bunu dünya qəbul edirsə, biz niyə etməyək? Düzdür, biz daha çox sevgililər gününün tarixinə baxdığımız üçün onu qeyd etmək istəmirik. Yenə dediyim kimi, bütün dünya qəbul edirsə, biz niyə geri qalaq? Əgər maddi vəziyyət yaxşıdırsa, bu gün qeyd oluna bilər. Onsuz da indiki dövrdə demək olar ki, pul yoxdursa, sevgi də olmur. Bəzən deyirlər pul vacib deyil, amma bir müddət sonra görürsən ki, sevgi qarın doyurmur. Qarın da tam acanda sevgi yaddan çıxır".

Səbuhi Axundov:

“Bilirsiniz, elə günlər var ki, onun keçirilməsi beynəlxalq aləmdə qəbul edilib. Dəqiq əlamətdar hadisə ilə bağlıdır və bunu özününküləşdirmək məncə yalnışdır. Dövlətin adı, yaranması ilə bağlı keçirilən bayram günləri də subyektiv olduğu üçün anlaşılandır. Ancaq sevgililər günü dünyada qeyd olunur və yaranması bizə deyil, onlara aiddirsə, bunu elə həmin gündə qeyd etmək yaxşı olardı. Başa düşüləndir ki, bir çoxları bu günün 1990-cı ildə qəhrəmanlıq tariximizə adını qanla yazan yüzlərlə qəhrəman vətəndaşlarımızdan biri olan İlhamın və onun yoxluğuna dözə bilməyib ölümü seçən Fərizənin toy gününü sevgililər günü kimi qeyd edilməsini istəyirlər. Əslində hesab edirəm ki, (şəxsi fikrimdir) bu, doğru bir örnək deyil. Müharibə şəraitində olan ölkənin istənilən gənci həyat yoldaşının şəhid olması xəbərinə belə reaksiya verib, adının ucalacağını düşünsə, görün nələr baş verə bilər. Ən yaxşısı, dünyanın qəbul etdiyi bu günü dəyişdirməyə qalxmayaq. Yox, əgər mütləqdirsə, o zaman nümunəvi illərlə qəhrəmanını gözləyən xanım və qəhrəman igid oğullarımızın sevgi gününü qeyd etmək olar”.

Nigar CƏFƏR

AzNews.az