Britaniya taxtının varislərinə eks-cinayətkar yaxın buraxılıb: saray qalmaqalı - FOTO

O, günahsız insanı bağlayıb və belinə qaynar su töküb

İnsan üzərində qəddar işgəncələrə görə 7 il həbsxanada yatan keçmiş məhbus Kensinqton sarayına girərək, şahzadə Vilyam və Keyt Middltonun uşaqlarına yaxınlaşa bilib.

AzNews.az bu barədə “The Sun” nəşrinə istinadən məlumat verir.

Nəşr bildirir ki, sabiq cinayətkar Darren Bencamin azadlığa çıxdıqdan sonra özəl şirkətdə mebel daşıyıcısı kimi işləməyə başlayıb. O, iyulun 14-də saraya gəlib və dayənin nəzarəti altında baxçada oynayan şahzadə Corc, Lui və Şarlottu görüb. Darren sonra dostlarının yanında lovğalanaraq deyib ki, Kembric hersoqunun böyük oğlunu lap yaxından görüb və onu “yaxşı uşaq” adlandırıb.

Bukinhem sarayının nümayəndələri qeyd ediblər ki, bu hadisə Keyt və Vilyamı ciddi şəkildə narahat edib və Britaniya taxtının varislərinin yanında olanların şəxsiyyətini yoxlamaqla bağlı öz vəzifələrinə səhlənkar yanaşan Təhlükəsizlik Xidmətinin yoxlanılmasına səbəb olub.

Bencaminə gəldikdə isə, Təhlükəsizlik Xİdməti onun 2008-ci ildə daha 3 nəfərlə birlikdə günahsız bir adamın evinə daxil olaraq, onu bağlayıb, belinə qaynar su tökdüyünü və ayaqlarına çoxlu sayda bıçaq zərbələri endirdiyini gözdən qaçırıb.

Babək Göyüş

AzNews.az