Nəhəng canlılar su qıtlığına səbəb olacaqlar Nəhəng canlılar su qıtlığına səbəb olacaqlar

Eskobarın begemotları öldürüləcək

Nəhəng canlılar su qıtlığına səbəb olacaqlar

Həyatı bir çox roman, film və serialın mövzusu olan dünyanın ən məşhur narkotik qaçaqçısı Pablo Eskobar təkcə saysız-hesabsız insan ölümlərinə səbəb olmayıb. Onun illər öncə Kolumbiyaya qanunsuz yolla gətirdiyi begemotlar bu gün ölkəyə böyük ekoloji böhran yaşadır.

40 il əvvəl ölkəyə gətirilsələr də bu gün begemotlar artıq Kolumbiya çaylarının ekoloji sisteminə mənfi təsir göstərməyə başlayıblar. Buna görə də mütəxəssislər sözügedən heyvanların məhv edilməsindən başqa çıxış yolu görmürlər. Heyvanlar çayların ekoloji tarazlığını pozurlar. Sayları 80-i keçən bu nəhəng canlıların çaylardakı oksigen səviyyəsinə zərər vurduqları bildirilir ki, bu da su qıtlığına səbəb ola bilər.

40 il öncə narkotacir 4 begemotu ölkəsinə gətiribmiş.

Xatırladaq ki, Eskobarın Medellin yaxınlığında fərqli heyvanlardan ibarət xüsusi heyvanxanası var idi. Narkotacir 1981-ci ildə ölkəyə 4 begemot da gətirib. Və bu heyvanlar Escobar imperatorluğunun çökməsi nəticəsində zooparkdan qaçıb və vəhşi təbiətə qovuşub. “Susuzluğun qapıda olduğunu” xəbərdar edən mütəxəssislər onların məhv edilməsinin qaçılmaz olduğunu bildiriblər. Çünki 2035-ci ilə kimi heyvanların sayının 1500 olacağı proqnozlaşdırılır.

Hazırda begemotlar ölkənin sulu tropik çöllərində yaşamağa başlayıblar və yerli bitki örtüyü ilə yanaşı vəhşi təbiəti də məhv etməyə “hazırlaşırlar”. Bu səbəbdən də mütəxəssislərə görə, “bunun qarşısı alınmalı və onlar məhv edilməlidirlər”. Çünki bu nəhəng canlılar artıq insanlar üçün də təhlükə doğururlar.

AzNews.az Türkiyə mediasına əsasən xəbər verir ki, Eskobarın 1980-ci illərdə dünyanın ən böyük narkotik imperatorluğunu qurduğu 'Hacienda' qalasındakı şəxsi heyvanxanasında həmçinin kenqurular, zürafələr, fillər və digər eqzotik heyvanlar da yaşayırdı.

Heyvanların çoxu Eskobar 1993-cü ildə polis tərəfindən tutularaq öldürüldükdən sonra tələf olub. Begemotların isə başqa yerə daşınması çətin olduğu üçün onlar uzun müddət yerli xalq tərəfindən bəslənilib.

AzNews.az