Onun varidatı 117 milyard dollar dəyərində qiymətləndirilir Onun varidatı 117 milyard dollar dəyərində qiymətləndirilir

Dünya milyarderlərinin yeni siyahısı – “Forbes”

Onun varidatı 117 milyard dollar dəyərində qiymətləndirilir

“Forbes” jurnalı dünyanın ən varlı adamlarının yeni siyahısını açıqlayıb.

Novator.az-ın məlumatına görə, jurnal bildirir ki, pandemiyaya baxmayaraq son bir ildə dünyada milyarderlərin sayı daha da artıb.

Ötən il “Forbes”in tərtib etdiyi siyahıda 2095 milyarderin adı vardı. Bu il siyahıya 2755 milyarderin adı düşüb.

Ötən il milyarderlərin ümumi sərvəti 8 trilyon dollar idi. İndi 13,1 trilyon dollardır.

Milyarderlərin 210 nəfəri Çin və Honkonqdan, 98 nəfəri ABŞ-dandır.

Siyahıdakı 493 nəfərin sərvəti ilk dəfə son bir ildə milyard dolları keçib, bu səbəbdən onların adı milyarderlər siyahısında yenidir, indiyədək belə bir siyahıda olmayıblar.

Siyahıdakı 250 nəfər isə dünyanın ən varlı adamları sırasına yenidən qayıdanlardır. Yəni onlar əvvəllər də belə siyahıda olublar, sonra sərvətləri azaldığına görə siyahıdan kənarda qalıblar, son bir ildə yenidən varlanıb milyarderlər cərgəsinə dönüblər.

Ümumiyyətlə siyahıda adı olanların 86 faizinin sərvəti əvvəlkindən daha artıqdır. Yəni dünyanın ən varlı adamlarının 86 faizi pandemiya dövründə daha da varlanıb.

“Forbes”in hesablamasına görə, dünyanın ən varlı adamı ABŞ-ın “Amazon” şirkətinin başçısı Ceff Bezosdur. Onun varidatı 117 milyard dollar dəyərində qiymətləndirilir.

İkinci yerdə ABŞ-ın “Tesla” və “Space X” şirkətlərinin rəhbəri İlon Mask gəlir. Onun 151 milyard dollarlıq sərvəti var.

Üçüncü yeri 150 milyard dollarlıq sərvətlə Fransanın “Louis Vuitton Moet Hennessy” şirkətinin rəhbəri Bernar Arno tutur.

Dördüncü yerdə ABŞ-ın “Microsoft” şirkətinin rəhbəri Bill Qeyts durur. Onun 124 milyard dollarlıq varidatı var.

Dünyanın ən varlı adamlarının ilk onluğunda sonrakı yerlərdə gələnlərin sərvəti 100 milyard dollardan aşağıdır.

Bunlar “Facebook” sosial şəbəkəsinin qurucusu Mark Suxerberq (97 milyard dollar), amerikalı sərmayəçi Uorren Baffet (96 milyard dollar), ABŞ-ın “Oracle” şirkətinin qurucusu Larri Ellison (93 milyard dollar) və ABŞ-ın “Google” şirkətinin qurucusu Larri Peycdir (91,5 milyard dollar).