Nələrə diqqət edilməlidir? Nələrə diqqət edilməlidir?

Yaz fəslinin gətirdiyi xəstəliklərdən necə qorunaq?

Nələrə diqqət edilməlidir?

Yaz fəslinin gəlişi ilə orqanizmdə vitamin çatışmazlığı, yuxusuzluq, halsızlıq, oynaq və əzələ ağrıları kimi problemlər yaranmağa başlayır. Mütəxəssislər bildirirlər ki, bu xəstəliklər əsasən mövsüm dəyişikliyi zamanı orqanizmdə baş verən proseslərlə əlaqədardır. Yazda həmin problemlərin yaranması isə saç və dırnaqların kövrəkləşməsinə səbəb olur, vaxtında müdaxilə edilmədikdə mədə-bağırsaq traktı və ürək-damar sisteminin pozulması ilə nəticələnə bilər. Eyni zamanda, boyun fəqərələrindəki ağrılar tədricən osteoxondroza çevrilməyə başlayır.

AzNews.az xəbər verir ki, Bakıdakı 20 nömrəli poliklinikanın həkim-terapevti Solmaz Musayeva deyib: “Yaz mövsümü insan immunitetinin zəifləyən dövrüdür. Ona görə də həmin dövrdə xəstəliklərin bir növ oyanması başlayır, müəyyən psixoloji gərginliklər və digər xəstəliklər keçirmək, orqanizmdə kalsium, minerallar, xüsusilə D vitaminin miqdarının azalması hər hansı sağlamlıq problemli olanlarda həm nevropatik, həm də oynaq ağrılarının çoxalmasına səbəb olur”.

Müsahibimiz qeyd edir ki, gündəlik rasionda gec həzm olmayan, karbohidrat və zülallarla zəngin qidalara üstünlük verilməlidir, çünki sağlam qidalandıqda qan dövranı fəaliyyəti tənzimlənir, qanda şəkər balansı normaya düşür: “Maksimal dərəcədə düzgün və keyfiyyətli qidalanmaq və qida maddələrində bütün növ mineral, vitamin, zülal və keyfiyyətli karbohidratların olması vacibdir. Açıq havada çox gəzmək də faydalıdır”.

Bütün bunlarla yanaşı mütəmadi şəkildə idmanla məşğul olmaq lazımdır. Həmçinin bol maye qəbul etmək vacibdir. Təəssüf ki, bəzən yorğunluğu aradan qaldırmaq üçün həddindən çox kofein qəbul edənlər olur. Bu isə ürək döyüntülərinin artmasına və qan təzyiqinin yüksəlməsinə səbəb olur. Ona görə də gün ərzində iki fincandan artıq qəhvə qəbul etmək məsləhət görülmür.(AZƏRTAC)