“Mutasiyalar artdıqca, vaksinlərimizin ona təsiri azalacaq" – Britaniya stammına yoluxan həkim

Yeni vaksinlər və daha güclü antiviral dərmanlar yaradılmalıdır

Türkiyənin Hacəttəpə Universiteti Xəstəxanasının Anesteziologiya və Reanimasiya şöbəsinin azərbaycanlı həkimi Turanə Rəsulova yeni növ koronavirus infeksiyasına yoluxub.

Aznews.az xəbər verir ki, Kovid 19 peyvəndi olunmasına baxmayaraq yoluxan həkim ARB 24 kanalının “İşgüzar səhər” verilişində virusa yoluxmasının səbəblərini və xəstəliyi necə keçirməsindən danışıb.

“Mən reanimasiyada çalışdığım üçün ağır xəstələrdən kovidə yoluxdum. Britaniya ştammının Türkiyədə yoluxuculuğu artıb və burda pandemik vəziyyəti dəyişib. Bu ştammın hüceyrələrin içinə daxil olma faizi yüksəkdir. Mən peyvənd olunmuşdum və antitel yaranmışdı. Amma indiki ştamm bu vaksinin sınandığı klassik Çin korona virusundan spayk proteinlərinin quruluşu ilə fərqlənir. Bu proteinlər hüceyrəni daha tez keçir. İndi yoluxma prinsipləri pozulur.

İmmun cavabın yetərsizliyi var, virusunun yoluxuculuğu daha güclüdür. Cənubi Afrika variantında daha ciddi dəyişikliklər var. Mutasiyalar artdıqca, vaksinlərimizin ona təsiri azalacaq və biz antitelimiz olsa da yeni mutasiyalara yoluxacağıq.

Burada 2 çıxış yolu var. Ya yeni vaksinlər yaradılmalıdır, ya da yeni güclü antiviral dərmanlar istifadəyə buraxılmalıdır.

Britaniya ştammı sürətlə yayılır. Məsələn, bizdə növbədə olan 4 həkimdən 3-nün testi pozitiv çıxdı”.

Həkim xəstəliyi normal keçidiyini bildirir, əzələ, bədən ağrıları, halsızlıq oldu, amma şiddətli deyil.

"Əgər vaksin olunmasaydım, çox pis olardım. Yaxşı ki, peyvənd olunmuşam, yoxsa 100 faiz daha ağır keçirəcəkdim. Nə vaksin varsa, dövlət təklif edirsə vurdurun, çünki hal-hazırda bu yeganə çıxış yoludur."