Napoleonun papağı inanılmaz qiymətə satılıb

Fransanın keçmiş imperatoru Napoleon Bonapartın papağı hərracda 1,9 milyon avroya satılıb.

Fransanın keçmiş imperatoru Napoleon Bonapartın tarixi papağının artıq yeni sahibi var.

Fransanın paytaxtı Parisdəki Osenat Hərrac Evində keçirilən hərracda Bonapartın 19-cu əsrdə Fransa İmperiyasını idarə etdiyi dövrə aid ikibuynuzlu papaq 1,9 milyon avroya satılıb.

Papağı alan şəxsin kimliyi hələlik ictimaiyyətə açıqlanmayıb.

Hərracçı Jean Pierre Osenat açıqlamasında: “İnsanlar bu papağı hər yerdə tanıyır. Napoleonu döyüş meydanlarında görəndə onun orada olduğunu bilirdilər. Şəxsi həyatında papağı ya başında, ya da əlində gəzdirər, bəzən də yerə atardı. Bu, imperatorun simvolu, obrazı idi",-deyə qeyd edib.

Napoleonun həyatı boyu təxminən 120 ikibuynuzlu papağa sahib olduğu təxmin edilir və onlardan yalnız 20-si bu gün qalır, əksəriyyəti şəxsi kolleksiyalardadır.

Mövsüm

Aznews.az