N.Paşinyan Dağlıq Qarabağ erməniləri tərəfindən qəbul edilən, Ermənistan tərəfindən bəyənilən və rəsmi Bakının razılaşdığı variant hazırlamaq yolundadır N.Paşinyan Dağlıq Qarabağ erməniləri tərəfindən qəbul edilən, Ermənistan tərəfindən bəyənilən və rəsmi Bakının razılaşdığı variant hazırlamaq yolundadır

Paşinyan münaqişənin məsuliyyətini öz üzərinə götürmür - Mübariz Əhmədoğlu

N.Paşinyan Dağlıq Qarabağ erməniləri tərəfindən qəbul edilən, Ermənistan tərəfindən bəyənilən və rəsmi Bakının razılaşdığı variant hazırlamaq yolundadır

Paşinyan Yerevan Dövlət Universitetində keçirdiyi görüşdə kifayət qədər yeni obrazda görünməyə cəhd etdi. Onun ölkənin daxilində baş verənlərlə bağlı, sosial-iqtisadi proseslərə münasibətində yeni yanaşmalar var. Amma daha böyük yanaşma onun Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsindədir. N.Paşinyan anlayır ki, Dağlıq Qarabağ münaqişəsi həll olunmadan Ermənistanın daxilində heç bir proses düzgün getməyəcək. Ölkənin iqtisadi inkişafı olmayacaq, heç bir investor Ermənistana investisiya qoya bilməyəcək.

Azərbaycanın bütün Ermənistanı darmadağın etmək səviyyəsində hərbi qüdrəti var. Azərbaycanın müharibəyə hələlik başlamamasının motivasiyası Paşinyana bələddir; Azərbaycan regionun lideridir və qan tökülmədən bu məsələni həll etmək ona daha əlavə strateji üstünlüklər yaradır. Həm də yeni reallıqlar yeni hərb variantları və bu variantlar üçün yeni əsaslandırmalar yaradır. Hərb məsələlərinin müəyyən bir müddət təxirə salınması bu prizmadan Azərbaycanda elə də ciddi dəyişiklik yaratmayacaq.

Yaxşıdır ki, Paşinyan bunları anlayır. Ona görə də Paşinyanın Dağlıq Qarabağ tənzimlənməsində ortalığa qoyduğu mövqe ilk baxışdan yaxasını kənara çəkmək kimi görünür. Paşinyan Dağlıq Qarabağ məsələsinin məsuliyyətini öz üzərinə götürmür. N.Paşinyan Dağlıq Qarabağ münaqişəsinin yaranmasında iştirak etməyib. Baş nazir seçildiyi dövrə qədər Paşinyanın Dağlıq Qarabağ məsələsindəki mövqeyi Qarabağ klanın mövqeyi ilə daban-dabana zidd olub. Məhz buna görə erməni xalqı məxməri inqilab səlahiyyətini ona verdi.

Paşinyan erməni xalqının yeni müharibəyə getmək istəmədiyini çox gözəl bilir. ATƏT MQ-nin həm də Ermənistana təqdim etdiyi dinc tənzimlənmə variantının tamamilə beynəlxalq hüquq normalarına uyğunluğunu və bu variantın Azərbaycanın yuristiksiyasını Dağlıq Qarabağ üzərində möhkəmləndirmək istiqamətində olmasını da Paşinyan əla dərk edib.

Əgər erməni xalqı müharibəyə getməyəcəksə və 30 il ərzində aparılan danışıqlarda Ermənistanın əldə etdiyi tənzimlənmə variantı Yenilənmiş Madrid Prinsipləridirsə getdikcə zəifləyən Ermənistan yeni reallıq yarada bilməyəcək. Ona görə Paşinyan ortalığa Dağlıq Qarabağ erməniləri tərəfindən qəbul edilən, Ermənistan tərəfindən bəyənilən və rəsmi Bakının razılaşdığı variant qoymaq istəyir. Bundan sonra o variantı beynəlxalq aləmə qəbul etdirə biləcəkdir.

Bu işdə Paşinyanın tutduğu yol erməni xalqının xeyrinədir.

Mübariz Əhmədoğlu,
Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq