Aydın Quliyev: "Ermənistanın narahatlıqlarını artıran həm də odur ki..."

"Azərbaycanın son 15 ildə həyata keçirdiyi əks həmlələr onların şaqqını əhəmiyyətli dərəcədə qırdı"

Bu günlərdə Fransa məhkəmələrinin ard-arda düz 5 dəfə qərar qəbul edərək separatçı Qarabağ şəhərlərinin bəzi fransız şəhərləri ilə “dostluq xartiyaları” deyilən mənasız sənədləri ləğv etməsi Ermənistanda və erməni lobbisi arasında çox böyük narahatlıq doğurub. Bunu xaricdəki erməni diaspor fəallarının və Ermənistandakı media davranışlarından aydın görmək mümkündür.

Bunun çox dərin səbəblərə malik olduğunu deyən “Bakı-Xəbər”in baş redaktoru, siyasi ekspert Aydın Quliyev bu prosesin həm dönməz olduğunu, həm də ermənilərin Azərbaycan əleyhinə bəzi beynəlxalq qurumların əli ilə yeni qaralama kampaniyalarına hazırlaşdığını düşünür.

"Erməni lobbisinin ənənəvi olaraq güclü sayıldığı Fransada ermənilərin belə ağır zərbə alması sössüz ki, onların mövqeyinin əsaslı dərəcədə zəiflədiyindən xəbər verir. İllərdir ki, Ermənistan Azərbaycan əleyhinə dünya miqyasında iki istiqamətdə aparılan işə böyük vəsaitlər və resurslar sərf edir. Biri saxta genosidin mümkün qədər çox sayda ölkə parlamentləri tərəfindən tanınma qərarlarına nail olmaqdı, digəri isə qondarma "DQR" rejimini tanıtmaq üçün separatçı şəhərlərin dünya şəhərləri ilə qardaşlaşmasına və dostlaşmasına nail olmaqdı.

Etiraf edək ki, hər iki istiqamətdə onların müəyyən nəticələri də var və ermənilər daha böyük nəticələrə çatmaq üçün səylərini ciddi şəkildə davam etdirirlər. Hər iki istiqamətdə ermənilərin gələcəyə böyük ümidləri olsa da, Azərbaycanın son 15 ildə həyata keçirdiyi əks həmlələr onların şaqqını əhəmiyyətli dərəcədə qırdı. Əvvəla Azərbaycan onların saxta genisidi tanıtmaq səylərinə qarşı real Xocalı soyqırımını tanıtmaq kursu ortaya qoydu və 20-dən çox ölkə parlamentinin Xocalını genosid hadisəsi kimi tanımasına nail oldu. Bu gün Azərbaycanın Xocalını tanıtmaq üzrə fəaliyyətləri öz məzmununa, nəticələrinə və tempinə görə, ermənilərin saxta genosid üzərində qurduqları işi dəfələrlə üstələyir. Bu məqam sözsüz ki, erməniləri narahat edir. Narahatçılıq Fransa məhkəmələrinin Qarabağ şəhərləri ilə saxta dostlaşma qərarlarını ləğv etməsindən sonra ikiqat artıb. İş o yerə çatıb ki, hətta Fransa mediasındakı erməni lobbiçiləri açıq həyəcan təbili çalmağa başlayıb. Məşhur “Le Mond” qəzetinin redaktoru Minayanın hər şeydən açıq danışan məqaləsi yəqin ki, sonuncu olmayacaq.

Fransa məhkəmələrinin beş qərarı sübut etdi ki, Azərbaycan Qarabağ məsələsində diplomatik üstünlüyünü erməniçiliyin son qalası sayılan Fransada da aşkar göstərməyə başlayıb. Ermənistanda zəncir kimi bir-birinə bağlı və məntiqi ardıcıllığa söykənən təlaş var. Bir vaxtlar bəzi ölkə parlamentlərinin saxta “erməni genosidi”ni tanıma qərarları var idisə, indi ondan da güclü dalğa ilə əsl Xocalı genosidinin tanınma qərarları qəbul olunmağa başlayıb. Erməni ideoloqları tam real olaraq proqnoz edir ki, Fransa məhkəmələrinin ardınca saxta “etməni genosidi”ni bu vaxtacan tanımış dünyanın bəzi parlamentləri də bu qərarlarından imtina edəcəklər. Bu perspektiv tam realdır. Çünki bir vaxtlar Fransa məhkəmələrinin belə qərarlar çıxara biləcəyini real sayanlar da çox az idi. Bu gün Azərbaycan diplomatiyasının malik olduğu bir sıra əsas resurs və nailiyyətlər dünya parlamentlərinin saxta “erməni genosidi”ndən imtinasını mümkün edir. Belə ki, Qarabağ probleminin mahiyyətini dünya tam bilir, Azərbaycan regionun və dünyanın əhəmiyyətli və təsirli aktoruna çevrilib, Fransa məhkəmələrinin məlum qərarları kimi mühüm hədəfə yetişib, dünyanın enerji, nəqliyyat və logistika xəritəsini dəyişən mövqeyə hakim olub. Əldə edilmiş diplomatik uğurlar deməyə əsas verir ki, saxta “erməni genosidi”ni tanımış parlamentlərin bu yanlış mövqedən imtinası getdikcə mümkün olmağa başlayır. Fransa məhkəmələrinin məlum qərarından sonra Ermənistanın təlaşını ikiqat artıran bu perspektivdir.

İstisna deyil ki, yaxın günlərdə ermənilər bəzi Avropa təşkilatlarının dəhlizlərində Azərbaycan əleyhinə yeni korrupsiya hesabatları, “ikra diplomatiyası” və siyasi məhbus uydurmaları kimi diqqəti əsas məsələdən yayındırmaq məqsədi güdən həmlələrə baş vursunlar” – A.Quliyev deyib.

AzNews.az