Ermənilərin Naxçıvan panikası – İrəvan strateqləri odla oynayır

“Bütöv bir kəndi məhv eləmək” İrəvan “cəngavərləri”nə çətin ki, müyəssər olsun

Məlumdur ki, Fonvizinin “Nadan” klassik komediyasının baş qəhrəmanı Mitrofanuşkanın anası xanım Prostakova hesab edirdi ki, coğrafiya – elm olaraq “bəylik” deyil, o zaman bu arabaçılar nəyə lazım? Hara əmr etsəniz, aparıb çatdıracaqlar!
Bu, əlbəttə ki, qroteskdir (Qrotesk: varlıqların absurd (qeyri adi) xüsusiyyətlərlə yenidən təsviri ilə dünyaya aid olmayan bir fakt halına gətirilmə sənəti – red.). Ancaq müasir Ermənistanda bu anlayış əməllicə sapmaya məruz qalıb: burada həddən ziyadə və uzun zaman əmin idilər ki, Fransa parlamentindəki və ya ABŞ Konqresindəki “erməni lobbisi”nin mövqeyi qonşulara qarşı təcavüz və ərazi iddialarının nəticələri baxımından ermənilərin xüsusi narahatlıq keçirməsinə imkan verməz.
Amma indi erməni siyasi isteblişmenti birdən-birə özü üçün dəqiqləşdirir ki, sən demə, ölkəyə Keniya lobyası və Ekvador ananası gətirmək, Azərbaycan qarpızlarını isə Həştərxan qarpızları ilə əvəzləmək olar, di gəl ki, coğrafiyanın hərbi-texniki və hərbi-strateji anlamda “oxunuşu”nu hələ heç kim ləğv eləməyib. Və əgər Azərbaycan xəbərdarlıq edirsə ki, Naxçıvandan Ermənistanın istənilən hədəfi əlçatandır, o zaman bu xəbərdarlıqlar yaxşı olar ki, ciddiyə alınsın. Xüsusən də indi – Azərbaycanın Naxçıvan da daxil, özünün hərbi quruculuq proqramını reallaşdırdığı, Türkiyə ilə hərbi əməkdaşlığı inkişaf etdirdiyi və orada birgə geniş miqyaslı təlimlər keçirdiyi vaxtda.

Artıq düşmənin qorxu-hürküsü üçün əlavə səbəb yaranıb: əgər Rusiyanın Türkiyəyə verdiyi S-400-lərin Naxçıvanda yerləşdiriləcəyi barədə ekspertlərin təxminləri doğrudursa, o zaman Ermənistan özünün “hava təhlükəsizliyi”ni unutmalı olacaq. Bunun nəticəsi kimi də İrəvanın siyasi rəhbərliyinin başında duranları Naxçıvan istiqaməti ilə bağlı əsl təlaş hissi bürüyüb.

Nəzəri cəhətcə əlbəttə, şans var idi ki, İrəvanda reallığı anlayacaq, qüvvələr nisbətini hesablayacaq və ondan nəticə çıxaracaqlar. Amma bundansa, onlar gərginliyin yeni mərhələsinə və təcavüzkarlığın növbəti dəfə nümayişinə üstünlük verdilər.

İyulun 16-da Ermənistan növbəti uydurma ittihamlarla çıxış elədi: sən demə, hansısa azərbaycanlılar Naxçıvan istiqamətindən Ermənistan ərazisini atəşə tutublar və nəticədə yanğın baş verib. Özlərinin işğal altındakı Azərbaycan torpaqlarında yanğın törətmələrini isə yada salmadılar. Üstəgəl, Ermənistanda sinoptiklərin yanğın təhlükəsi barədə etdikləri xəbərdarlıqlar da yada düşmədi.

Ertəsi günün səhəri yeni ittihamlar səsləndi: demə, iyulun 17-ə keçın gecə Azərbaycan Silahlı Qüvvələri Naxçıvan ərazisindən Ermənistanın Vayodtszor vilayətinin Ellin kəndini atəşə tutub. Bu dəfə isə “boşboğazlar dəstəsi” işə qoşuldu. O sırada Ermənistan Xristian-Demokrat Partiyasının rəhbəri Levon Şirinyan yerli jurnalistlərə geniş müsahibə verərək çərənçilik elədi.

Sitat: “Əgər onlar (azərbaycanlılar – red.) güllə atırlarsa, bunun cavabı on qat artıq olmalıdır. Əvvəlki təcrübə daha yaramır, nə vaxt ki, onlar düşünürdülər ki, uşaqları ön xətdə deyil və əgər onlar gülIə atsalar, biz cavab verırik. Belə taktika müharibəyə aparır. Qoy bizimkilər başlasın, biz nəyi gözləyirik, o tərəfdən atəş açılmasını? Məgər olmazmı ki, heç olmasa, bir dəfə biz başlayaq və onları cavab verməyə məcbur edək? Preventiv müharibə də elə budur”.

Şirinyan daha sonra deyir: “Biz (Ermənistan – red.) preventiv (önləyici – red.) hərəkət etməli, biz də qarışıqlıqdan istifadə eləməliyik, nəinki həmişəki kimi başımızı quma salıb gizlədək. David Tonoyan (müdafiə naziri – red.) yeni strategiyadan danışır, ancaq onu işləyib hazırlamaq və geri çəkilməmək lazımdır. Bütün bunlar ölkədə qarışıqlığa gətirə bilər, nədən ki, plutokratiyaya normal dövlətin qurulması sırf eləmir. Biz gərək situasiyaya adekvat olaq və artıq bütöv bir kəndi məhv eləməliyik”.

Şirinyana görə, Rusiya-Türkiyə müqavilələrinin 100 illiyi yaxınlaşdığı üçün İrəvan artıq bu gün “Naxçıvan paketi” hazırlamalıdır – “hüquqi və başqa anlamda, başqasının maraqlarına baxmadan”.

Aydındır ki, bu “paket”in real hüquqi perspektivi yoxdur və olmayacaq – beynəlxalq hüququ, sərhədlərin tanınmasına hörmət prinsipini heç kim ləğv eləməyib. Ancaq Şirinyanın “başqa anlamda” ifadəsi ilə bağlı bir az ətraflı danışaq. Xüsusən də onun “birinci zərbə vuraq”, “kəndi məhv edək” kimi aqressiv sayıqlamasından sonra.

Əlbəttə ki, bütün bunlara fikir verməyib keçmək də olar. Hər halda, formal olaraq, Şirinyan sırf öz şəxsi mövqeyini ifadə edir. Üstəlik, hər şey İcevandakı etirazlar fonunda baş verir – hansı narazılıqlar ki, yolların kəsilməsi, polislə toqquşmalar və s. ilə müşayiət olunmaqla Paşinyan komandası üçün olduqca təhlükəli miqyas alıb. Odur ki, rəsmi İrəvan üçün əsl məqamdır ki, ictimai diqqəti yayındıran manevrlər eləsin.

Lakin məsələ təkcə onda da deyil ki, bu “şəxsi mövqe” Paşinyan komandasının “ruporu” statusuna iddia edən KİV-lərdən birində peyda olub, daha önəmlisi odur ki, həmin açıqlamadan əvvəl ermənilər sərhədin Naxçıvan hissəsində həm birbaşa, həm də dolayı anlamda odla oynamaq üçün real cəhdlər ediblər. Bu isə ən azından, belə bir sualı ortaya qoymaq üçün əsas yaradır: İrəvanda nə dərəcədə uzağa getmək fikrindədirlər və oralarda gerçəkdən “bütöv bir kəndi məhv eləməyə” çağırışla məsələnin ciddiliyi dərk edilirmi?

Əlbəttə ki, mümkündür ki, cənab Şirinyan və onun kimilər əmindirlər: Ermənistanın ucadan hönkürməsi kifayətdir ki, ABŞ, Rusiya və Fransa bir-biri ilə yarışa girirmiş kimi onun köməyinə tələssinlər. Ancaq... Fransa bu yaxınlarda Ermənistanı əməlli-başlı, öldürücü şəkildə incidib – ölkənin bəzi şəhərlərinin yerli bələdiyyələri ilə Dağlıq Qarabağın işğalçı “hakimiyyəti” arasında imzalanmış “dostluq bəyannamələri” məhkəmə qaydasında ləğv eləməklə.

Vaşinqtona gəlincə, elə həmin o, Şirinyan dişlərinin arasında mızıldanır ki: “Mən bilmirəm, ABŞ-ın buna (Azərbaycan tərəfinin mifik atəş açması faktına – red.) reaksiyası olacaqmı, çünki Amerika indi Türkiyəni ələ almaq kimi qəliz işlə məşğuldur”. Türkiyəyə S-400-lərin verilməsini şərh edərkən isə incikliyini gizlətmir: “Tramp az qala, üzr istəyir ki, Türkiyə qırıcıların (F-35 –red.) tədarükü üzrə proqramdan çıxarılır. Deyir ki, buna görə ABŞ-ın əvvəlki rəhbərliyi günahkardır”.
Yəni üstəlik, erməni istiqamətində də Türkiyənin “qollarını burmağın” Vaşinqton üçün heç bir anlam daşımır. Qalır Rusiya. Moskva da ki, Ankara ilə nəhəng planlar qurmaqla məşğuldur və çətin ki, o, Azərbaycan və Türkiyə trekində bunca zəhmət hesabına əldə olunanları riskə ataraq, başını döndərib öz forpostunun köməyinə atılsın – xüsusən də əgər ərazi işğalı cəhdlərindən sonra Ermənistanı öz arxasında “gizlətmək” lazım gələcəksə.

Qısası, İrəvan strateqləri yaxşı olar ki, xarici köməklə bağlı xəyallar qurmasınlar. Daha dəqiqi, qüvvələr nisbətini yaddaşlarında təzələsinlər. Həyətdə artıq 90-cı illər deyil - nə vaxt ki, Azərbaycan tərəfdən cəbhə tələm-tələsik yaradılmış könüllü batalyonların ümidinə qalmış, Ermənistan tərəfdə isə özünün ştat silahı və zirehli texnikası ilə Rusiyanın nizami qüvvələri döyüşürdü.

Odur ki, “bütöv bir kəndi məhv eləmək” İrəvan “cəngavərləri”nə çətin ki, müyəssər olsun. Belə bir təcavüz aktı şübhə yox ki, cavab zərbəsi üçün Azərbaycanın əl-qolunu açacaq. Elə bu da coğrafiya və real hərbi potensial nəzərə alınarsa, Ermənistana ucuz oturmayacaq. Üstəgəl, Naxçıvan istiqamətində İrəvanın təkcə Azərbaycanla deyil, Türkiyə ilə də işi olacaq – Qars müqaviləsini həlı heç kim ləğv eləməyib. Bu isə o deməkdir ki, İrəvanın indiki “panik hücumu” ilk növbədə Ermənistanın özü üçün fəlakətli sonuclara gətirə bilər. (Musavat.com)