“Qarabağ Ermənistandır”sa, Aro niyə Azərbaycana qaçdı, Nikol?!

Erməni valideynlər Qarabağdan əl çəkmək fikrində olmasalar da, övladlarının “yad ölkədə” ölməsini sinirə bilmirlər

Aro Kazaryan Nikol Paşinyanı çox çətin duruma saldı. Azərbaycan ordusuna təslim olan erməni əsgərini deyirik. İndi rəsmi İrəvan “gah nala vurur, gah da mıxa”. Əvvəl dedilər əsgərin bədənindəki işgəncə izlərini azərbaycanlılar edib. Bu yalan işə keçməyəndə başladılar ki, demə, Aro iyulda Xocavənddəki hospitalda əlindəki sızanaqları əməliyyat etdirib, onun yeri qalıbmış. Az qalır desinlər, Qarabağda əsgərin üzərində plastik cərrahiyyə əməliyyatı ediblər, göyçək görünsün.

Adam heyrət edir. Bu qədərmi həyasızlıq olar? Axı Ermənistan ordusundakı acınacaqlı vəziyyəti Paşinyan şəxsən etiraf etmişdi. Üstündən heç bir il keçməyib, nə tez unutdu dediklərini? Sitat: “Dəfələrlə hərbi hissələrdə olmuşam və dadmaq üçün əsgər yeməyi istəmişəm. Bu dəhşətdir. Hazırda bu problemə ciddi diqqət yetiririk, amma nəzərə almaq lazımdır ki, məsələ böyük olduğuna görə onu bir günə həll etmək mümkün deyil”.

Onu da etiraf etmişdi ki, Qarabağda hərbi xidmətdə olan oğlu vaxtaşırı zəng edib, nəsə istəyir: “Bu cür telefon zəngləri ümumi sistem üçün şokdur və ordudakı şəraiti əks etdirir”.

Kazaryan elə bunlara görə qaçıb da, Nikol! Əsgərin üz-gözündən görünürdü onun yeyib-içdikləri. Azərbaycanda əsir olan digər erməninin yanaqlarından qan damır, yəqin bir azdan Aro da onlar kimi ətə dolar. Kəsəsi, erməni əsgərlər üçün orduda xidmət etməkdənsə, Azərbaycanda həbsdə qalmaq daha məqbuldur. Özü də erməni ordusunda təkcə yemək problemi yoxdur. Ordudakı “dedovşina” səbəbindən intiharlar, fərarilik halları, komandir və sıravi heyət arasında güllələnmə faktları günbəgün artır. Elə bu günlərdə İrəvanda əsgər analarının etiraz aksiyası oldu.

Paşinyanın Los-Ancels səfəri öncəsi ona ən böyük zərbəni elə Kazaryan vurdu. ABŞ-a gedir ki, orada da yekə-yekə danışsın, desin ki, mənim məqsədim 2050-ci ilədək (!) Ermənistanın əhalisinin sayını (!) 5 milyona çatdırmaq, erməni millisini dünya çempionu etmək istəyirəm. İndiki halda deyəcəklər ki, sən əvvəlcə əsgər üçün normal vəziyyət yarat, sonra çempionluq nağılına keç!

Ermənistanda hər il 10 mindən çox gənc orduda xidmətdən yayınır və hüquq-mühafizə orqanları onların hamısı barəsində axtarış elan ediblər. Bu, rəsmi məlumatdır, Ermənistan Müdafiə Nazirliyinin açıqladığı rəqəmdir. Məlumata görə, 2003-cü ildən etibarən orduda xidmətdən yayınan 9985 çağırışçı hərəyə 29,6 min dollar ödəyərək cinayət məsuliyyətindən azad edilib. Elə Nikol Paşinyan hakimiyyətə gələndən sonra ölkəni tərk etmiş gənclərə çağırış edərək onları geri çağırdı. Ancaq kimsə gəlmədi. Rəsmən deyildi ki, 5 min gənc çağırışçı ordudan yayınmaq üçün ölkəni tərk edib. Onlar Ermənistan hakimiyyətinin oyunlarına qurban olmaq, özgə torpaqlarında gülləyə tuş gəlmək istəməyənlərdir. Kazaryan kimi ölkəsini tərk etmək imkanı olmayanlar da çıxış yolunu Azərbaycan tərəfə keçməkdə görürlər. Özü də minalanmış sahə ilə! Təsəvvür edin, erməni ordusunda durum necə acınacaqlıdır ki, əsgər hətta minalanmış sahədən keçməyə belə üstünlük verir, nəinki ölkəsinə qaçmağa!

Erməni valideynlər Qarabağdan əl çəkmək fikrində olmasalar da, övladlarının “yad ölkədə” ölməsini sinirə bilmirlər və hesab istəyirlər Paşinyandan. Nikol isə gah Qarabağda “xidmət edən” oğlu Aşotla şelfi çəkməklə, gah orduya erməni axçilərini toplamaqla erməni gənclərin orduya marağını artırmağa çalışır. Alınmır.

Budur, Aro Kazaryanın Azərbaycan tərəfə qaçması Ermənistan rəhbərliyinin dilini-dilçəyini qısaldıb. Bundan bir az əvvəl Paşinyan Xankəndində yekə-yekə danışdı, “Dağlıq Qarabağ-Ermənistandır. Nöqtə” dedi. Sonra onun xarici işlər naziri də eyni sözləri təkrarladı. Ardınca Kazaryan müsibəti. Bu gedişlər ermənilər Paşinyanın yaxasından yapışacaq ki, “Nikol, ara, ”artsax Ermənistandırsa, bəs, niyə Aro Kazaryan Ermənistana deyil, Azərbaycana qaçdı?!" Özü də minalanmış ərazi ilə...

Erməni hakimiyyətinin çıxılmaza düşdüyü bu durumdan istifadə etməliyik. Təmas xəttində hər gün bir erməni dığasının meyitini yollamalıyıq Ermənistana. Belə olsa, onsuz da ağır durumda olan erməni hərbçilər arasında maykasını ağ bayraq edib minalanmış sahəni keçənlərin sayı artacaq. Bu, Ermənistanda Paşinyana qarşı etirazları da tətikləyəcək, sonda Qarabağ güzəştinə vadar edəcək düşməni. Azərbaycanda bəslənən erməni hərbçilər isə heç bir halda üçüncü ölkəyə verilməməlidir, onlar Kəlbəcər girovları ilə əvəzlənməlidir. Dilqəm Əsgərov və Şahbaz Quliyev 6-cı ildir ki, Şuşada bizdən xəbər gözləyir!.. (Musavat.com)