"Açıq-aydındır ki, siz sülh adamı deyilsiniz" "Açıq-aydındır ki, siz sülh adamı deyilsiniz"

Paşinyan BBC-nin efirində pis vəziyyətə düşdü

"Açıq-aydındır ki, siz sülh adamı deyilsiniz"

Ermənistan Baş naziri Nikol Paşinyan Böyük Britaniyanın BBC telekanalında yayımlanan "Hardtalk" verilişində qonaq olub.

AzNews.az "Sputnik Azərbaycan"a istinadən xəbər verir ki, erməni nazir verilişin aparıcısı Stiven Sakurun suallarına cavab verməyə çətinlik çəkib.

Ermənistan Baş naziri Dağlıq Qarabağ münaqişəsinin nizamlanması barədə danışarkən verilişin aparıcısı Stiven Sakur Paşinyana irad bildirərək qeyd edib: "Niyə ötən ilin avqustunda siz Dağlıq Qarabağa, Stepanakertə (Xankəndi – red.) gedərək çıxışınızda "Artsax (Oranı siz belə adlandırsınız) Ermənistandır. Nöqtə", daha sonra isə "birləşmə"yə dair millətçi şüarlar səsləndirdiniz. Bu Azərbaycana qarşı açıq təxribat idi".

Aparıcıya cavab verməkdə çətinlik çəkən Paşinyan "Artsax" adının bir neçə min il yaşı olması barədə sayıqlamağa çalışıb. Bu dəfə də Ermənistanın Baş nazirinin sözünü kəsən aparıcı Stiven Sakur: "Biz sizin tarixinizin minilliklərinə nəzər yetirə bilmərik, amma biz bu günümüzün reallığına nəzər yetirə bilərik deyib".

"Sizin də yaxşı bildiyiniz kimi, BMT Baş Assambleyası qətnamə qəbul edib və bu qətnamə bütün Ermənistanın Silahlı Qüvvələrinin işğal olunmuş Azərbaycan Respublikasının işğal altında olan torpaqlarından dərhal, tam və qeyri-şərtsiz çıxarılmasını tələb edir. Beynəlxalq hüquqa görə, sizin qoşunlarınız işğalçı qoşunlardır. Siz isə oraya gedib deyirsiniz ki, bu ərazi sizindir. Açıq-aydındır ki, siz sülh adamı deyilsiniz", - Stiven Sakur söyləyib.

Bundan sonra Paşinyan yenə qeyd edib ki, guya Azərbaycan 90-cı illərin əvvəllərində Qarabağda yaşayan ermənilərə qarşı etnik təmizləmə həyata keçirib və münaqişə bu andan başlayıb.

"Hardtalk" verilişinin aparıcısı daha sonra Ermənistan Baş nazirinin hakimiyyətə gəldiyi vaxt sülh nail olacağına dair verdiyi sözü necə yerinə yetirməsi ilə maraqlanıb: "Məsələn, mən bilirəm ki, sizin hökumətiniz Ermənistandan Dağlıq Qarabağa yol çəkir. Bu yol Azərbaycan ərazisindən keçir. Brüsseldə olan və Qafqaz üzrə siyasətdə ixtisaslaşan bir sıra Avropa parlamentariləri bu plana baxıblar və onu beynəlxalq hüququn pozulması kimi dəyərləndiriblər. Bunun Qarabağın qanunsuz işğalının möhkəmləndirəcəyini bildiriblər. Siz bu yolun tikintisini dayandıracaqsınızmı?"

Bu suala cavab tapmayan Paşinyan sadəcə yolun Ermənistan hökuməti tərəfindən tikilmədiyini iddia edib.
Verilişin aparıcısı Paşinyana "münaqişə məsələsində Ermənistanın millətçilik mövqeyində, təqdim etdiyi strategiyada, açığını desək, əhəmiyyətli sülh elementinin olmadığını bildirib: "Siz öz sələfləriniz kimi görünürsünüz, siz fərqli görünmürsünüz. Erməni xalqı üçün xüsusi əhəmiyyətə malik bu məsələdə masaya başqa bir şey qoymağınızın sübutu hanı?"

Ermənistan Baş naziri isə bu suala cavabında ölkəsinin guya millətçilik mövqeyindən çıxış etmədiyini qeyd edib.

Stiven Sakur Paşinyana xatırladıb ki, hakimiyyətə hüquq müdafiəçisi kimi jurnalist karyerasından gəlib və hətta bir müddət siyasi məhbus kimi həbsxanada da olub: "Siz insan haqlarının da qeydinə qalırsınız. Mənə maraqlıdır, Azərbaycana müraciət edib və öz sələflərinizdən fərqli olduğunuzu göstərə bilərsiniz? İndi siz ötən əsrin 80-ci illərin sonlarında, 90-cı illərində Ermənistan qüvvələrinin Dağlıq Qarabağın daxilində insan haqlarının pozulması ilə bağlı bir sıra ciddi hərbi cinayətlər törətdiyini deməyə hazırsınızmı? Bir çox müstəqil müşahidəçilər bu cinayətlərin kataloqunu formalaşdırıb. Siz indi onları tanımağa və daha artığı - buna görə üzr istəməyə hazırsınızmı?"

Paşinyan bu suala cavab verməkdən yayınıb.

"Hardtalk" verilinin aparıcısı yenidən Paşinyandan soruşub: "Mən sizdən sadəcə soruşmaq istəyirəm ki, siz məsuliyyəti öz üzərinizə götürüb, Ermənistan Silahlı Qüvvələri tərəfindən törədilən sui-istifadə halları və cinayətlərə görə üzr istəməyə hazırsınızmı? Bu sadə sualdır. Bəli, ya xeyr?

Bundan sonra Paşinyan yenə sualdan yayınmağa çalışanda aparıcı onun sözünü kəsərək qeyd edib: "Aydındır ki, siz "üzr istəyirəm" deməyəcəksiniz".

Daha sonra isə BBC-nin aparıcısı qeyd edib: "Mənə sadəcə maraqlıdır. Hiss edirsinizmi ki, koronavirus pandemiyası (COVID-19) ilə bağlı sizin hökumətinizə olan müəyyən diqqəti və təzyiqi azaltmaq, aradan qaldırmaq üçün hazırda sizə Dağlıq Qarabağda Azərbaycanla olan gərginliyi artırmaq faydalıdır? Çünki səmimi olsaq, sizin hökumətinizin pandemiya ilə mübarizəsinə baxsaq, bunu uğur adlandırmaq olmaz. Bu sizin hökumətiniz üçün fiasko idi"