Çox dəyərli vətəndaşlarımız, hərbçilərimiz şəhid olur Çox dəyərli vətəndaşlarımız, hərbçilərimiz şəhid olur

İrəvan minalara görə təzminat ödəyəcək… – Emin Həsənli

Çox dəyərli vətəndaşlarımız, hərbçilərimiz şəhid olur

10 noyabr üçtərəfli razılaşmasından 3 aydan da artıq müddət keçib. Dağlıq Qarabağ münaqişəsi artıq tarixə qovuşub. Münaqişə bitdiyi halda Ermənistan işğal etdiyi ərazilərdə hətta hərbi təyinatı olmayan ərazilərdə minaladığı ərazilərin xəritələrini Azərbaycan tərəfinə verməkdən boyun qaçırır.

Ekspertlərin sözlərinə görə, minalı sahələrin xəritələrini verməməyin özü hərbi cinayətdir. Yəni, Ermənistan tərəfi müharibədən sonra da hərbi cinayətlərini davam etdirir.

Bir çoxları hesab edir ki, ermənilərin minalı sahələrin xəritələrini işğala məruz qalan ölkəyə qaytarmamsının əsas məqsədi mümkün qədər çoxlu sayda mülki şəxslərin həlak olmasına çalışmaq, bu ərazilərə sakinlərin qayıdışını çətinləşdirməkdən, böyük qayıdışın vaxtını uzatmaqdan ibarətdir. Bunun özü də bir cinayətdir.

Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin sədri Emin Həsənli açıqlamasında söyləyib ki, hazırda ərazilərin minalardan təmizlənməsi prosesi gedir, amma biz qurbanlar veririk:

“Çox dəyərli vətəndaşlarımız, hərbçilərimiz şəhid olur. İşğaldan azad olunmuş ərazilərə, öz doğma yurdlarını görməyə gedən mülki vətəndaşlarımız minaya düşürlər, şəhadətə ucalırlar. Bu itkilər olmamalı idi. Əgər ermənilər normal addımlar atsaydı, minaladıqları xəritələri bizə versəydilər, bu itkilər olmaya bilərdi. Amma gələcəkdəki təzminat məsələlərində bu kimi nüanslar da qaldırılmalıdır. Azərbaycan dövləti çox güman ki, həm vətəndaşlarımıza dəymiş ziyanı, həm də minaya düşən insanlarımızın şəhid olması məsələsini qaldıracaq. Bunlar Ermənistanın işğalçılıq, təcavüzkar siyasətinin, eləcə də minaladıqları ərazilərin xəritələrinin verilməməsi ucbatından baş verdi. Minaların xəritəsini vermədiyi üçün Ermənistan təzminat ödəməlidir. Bu kimi məqamlar gələcəkdə təzminat məsələsinə daxil ediləcək. Onların istəkləri puç oldu, biz torpaqlarımıza qayıtdıq. İndi də bu cür vasitələrlə soydaşlarımızın öz ata-baba yurdlarına qayıdışını ləngidə bilməyəcəklər. Artıq Şuşaya yol çəkilir. Dağıdılmış infrastruktur bərpa edilir. Bir sözlə, işğaldan azad olunan bütün torpaqlarımıza həyat yenidən qayıdacaq”.

Ekspert fikirlərinə davam edərək vurğulayıb ki, biz dünyanın ən pis, ən mənfur dövləti olan Ermənistanla qonşuyuq: “Hətta deyərdim ki, Ermənistan sözünü, ifadəsini hüquq, əxlaq, mənəviyyat kəlimələri ilə birgə işlətmək olmaz. Dünyada ən qəddar rejimlər, terrorçu dövlətlər olub ki, anlaşmadan, razılaşmadan sonra üzərlərinə düşən öhdəlikləri yerinə yetiriblər. Təssüflər olsun ki, Ermənistan öz üzərinə götürdüyü öhdəliklərin heç birinə əməl etmir. Beynəlxalq hüquqa və hərbi qanunlara əsasən, Ermənistan minaladığı ərazilərin xəritələrini Azərbaycana verməlidir. Bir sıra beynəlxalq qanunlara və nizamnamələrə görə qadağan olunmuş minalardan istifadə edilməməlidir. Ermənistan qadağan olunan minalardan da istifadə edərək bu qaydaları pozub. Dəfələrlə qadağan olunmuş silahlardan istifadə ediblər”.

Emin Həsənlinin fikrincə, indi Ermənistan 30 il işğal altında saxladıqları və minaladıqları ərazilərin xəritəsini Azərbaycan tərəfinə verməməklə, cığal uşaqlar kimi hərəkət edirlər, qaydaları pozurlar:

“Azərbaycan dövləti isə bununla bağlı konkret addımlar atır. Konkret ölçü götürür. Bizim Müdafiə Nazirliyinin istehkam taborları var. Qardaş Türkiyə də ərazilərin minalardan təmizlənməsi üçün Azərbaycan hərbçilərinə kömək edirlər. Qısa zamanda bütün ərazilər minalardan təmizlənəcək. Minalardan təmizləmə işləri ilə yanaşı, hazırda Şuşaya yol çəkilir, Füzulidə aeroport tikilir. Zəngilandan Naxçıvana dəmir yolu və avtomobil yolu çəkilir. Artıq Şuşaya elektrik enerjisi də verilib. Bütün işlər paralel şəkildə həyata keçirilir”.

Ekspert əmindir ki, qısa zamanda ərazilərimiz minalardan təmizlənəcək:

“Keçmiş məcburi köçkünlər öz ata-baba torpaqlarına qayıdacaqlar. Gedib öz yurd-yuvalarında yaşayacaqlar. Azərbaycan dövləti də bunun üçün nə lazımdırsa, edəcək. Özü də bu işlər sürətli və paralel şəkildə aparılır. Ermənilər işğal etdikləri Azərbaycan ərazilərində daşı daş üstə qoymayıblar. Cənab prezident, Ali Baş Komandan İlham Əliyevin də dediyi kimi, elə bil oradan vəşhi qəbilə keçib. Biz belə bir vəhşi qəbilə ilə üz-üzəyik. 21-ci əsrdə belə bir dövlət ola bilməz. Biz də belə bir vəhşi qəbilə ilə qonşuyuq. Ona görə də bu vəhşi qəbilənin başının üstündən dəmir yumruq əskik olmamalıdır”.

Görünən odur ki, minalamış ərazilərimizin xəritəsini qaytarmadığı üçün İrəvanın başı çox ağrıyacaq. Savaşdan sonrakı müharibə cinayətlərinə görə hesab verməli olacaq. Əgər təzminat məsələsinə bu nüans da daxil edilərsə, Ermənistanın “mina xəritələri” öz qucağında “partlayacaq”…